Natiq Cəfərli: "Azərbaycanda aşırı tənzimləmə qaydaları mövcuddur ki, bu da kiçik və orta sahibkarlığın inkişafına böyük zərbə vuran amillərdən biridir"
Azərbaycan iqtisadiyyatı və cəmiyyətində olan başlıca problemlərdən biri də orta sahibkarlığin, bundan da dolayı orta sinfin olmamasıdır. Orta sahibkarlıq subyektləri məhz cəmiyyətdə orta sinfi formalaşdırır.
Qanunvericiliyə əsasən, işçilərinin siyahı sayı 51 nəfərdən 250 nəfərədək və ya illik gəliri 3 milyon manatdan 30 milyon manatadək olan sahibkarlıq subyektləri orta sahibkarlıq subyektləri hesab edilir.
Orta müəssisələr iqtisadiyyatda mühüm rol oynayır, onlar əsasən kiçik və böyük biznes arasında əlaqə rolunu oynayır. Onlar xeyli sayda iş yeri təmin edir, innovasiyalar və böyük şirkətlərə nisbətən daha çox çevikliyi vasitəsilə iqtisadi artıma töhfə verirlər.
Orta sahibkarlıq subyektlərinin iqtisadiyyata töhfələri aşağıdakılardan ibarətdir:
- İş yerlərinin yaradılması:
Orta sahibkarlıq subyektləri vacib işəgötürənlərdir və əmək qabiliyyətli əhalinin əhəmiyyətli bir hissəsini məşğulluqla təmin edirlər;
- Onlar ÜDM-ə mühüm töhfə verir, iqtisadi fəallığı və innovasiyaları stimullaşdırır;
- Orta sahibkarlıq subyektləri çox vaxt daha çevik olurlar və böyük korporasiyalara nisbətən bazar dəyişikliklərinə daha tez uyğunlaşırlar;
- Onlar müxtəlif sənaye sahələrinin inkişafına töhfə verən yeni ideya və texnologiyalar mənbəyidir;
- Orta sahibkarlıq subyektləri bazarda sağlam rəqabət yaradır ki, bu da öz növbəsində digər müəssisələrin inkişafına təkan verir;
- Onlar çox vaxt konkret regionların inkişafında əsas rol oynayır, məşğulluq və iqtisadi artım üçün imkanlar yaradır;
- Bazarın əsas oyunçuları olan orta sahibkarlıq subyektləri büdcəyə əhəmiyyətli gəlirlər gətirir;
- Onlar kiçik bizneslər üçün nümunə kimi xidmət edir, yeni layihələrə və genişlənməyə ilham verir;
- Orta sahibkarlıq subyektləri tez-tez həm kiçik bizneslə əməkdaşlıq edərək, həm onları xammalla təmin edir, həm xidmətlər sifariş edir, həm də iri biznes subyektləri ilə iri layihələrdə iştirak edir.
Bütövlükdə orta biznes iqtisadi inkişafın, iş yerlərinin, innovasiyaların və bazarda rəqabətin təmin edilməsində mühüm amildir.
Trend-in məlumatına görə, bu ilin 1 iyul tarixinə ölkədə fəaliyyət göstərən orta sahibkarlıq subyektlərinin sayı 4 min 259 ədəddir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini orta sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,5%), “Tikinti” (14,2%), “Emal sənayesi” (11,1%) və “Peşə, elmi və texniki fəaliyyət” (5,1%) sahələrində yaradılıb.
Nəzərə alsaq ki, orta sahibkarlıq bütün inkişaf etmiş dünya ölkələrində iqtisadiyyatın özülünü təşkil edir, deməli ölkə iqtisadiyyatının vəziyyəti o qədər də yaxşı deyil. Nəyə görə Azərbaycan iqtisadiyyatında orta sahibkarlıq bu qədər məhduddur, onun genişlənməsinə nə mane olur?
Baki-xeber.com-a məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan iqtisadiyyatının ən böyük problemlərindən biri kiçik və orta sahibkarlığın zəif inkişaf etməsidir: "Buna ən böyük səbəb isə vergi və gömrük məcəlləsi, eyni zamanda təşviq proqramlarının zəif olmasıdır. Bunun nəticəsində ölkədə orta sahibkarlıq subyektlərinin sayı da, onların iqtisadiyyatda xüsusi çəkisi də azdır. Təsəvvür edin ki, hər il dövlət büdcəsinin maliyyələşdirilməsində kiçik və orta sahibkarlığın payı 7-8 faizdən çox olmur. Bu çox aşağı göstəricidir. İnkişaf etmiş ölkələrdə bu göstərici minimum 50 faizin üstündə olur. Hətta bəzi ölkələrdə bu göstərici 70-75 faizə qədər qalxır.
Yəni bu, Azərbaycanın iqtisadiyyatı üçün ən böyuk problemdir. Biz bu haqda uzun llərdir danışırıq, amma çox təəssüf ki, hökumətin bu yöndə atdığı addımlar, hələ ki, ciddi səmərə vermir.
Fikrimizcə, sıfırdan yeni vergi və gömrük məcəlləsi hazırlanmalıdır. Nəzarətedici orqanların sayı kəskin şəkildə azaldılmalıdır. Çünki Azərbaycanda aşırı tənzimləmə qaydaları mövcuddur ki, bu da kiçik və orta sahibkarlığın inkişafına böyük zərbə vuran amillərdən biridir".
Akif NƏSİRLİ