AZ

Temu platforması Avropa İttifaqının çoxmilyonluq cərimə təhlükəsi ilə üz-üzədir

Qanunsuz məhsullar və alıcıları çaşdıran üsullar şirkəti risk altına salıb...

Poliqon xəbər verir ki, Çin mənşəli onlayn ticarət platforması Temu Avropa İttifaqı tərəfindən ciddi maliyyə sanksiyası ilə üzləşə bilər. Avropa Komissiyası şirkəti Rəqəmsal Xidmətlər Aktını pozmaqda ittiham edir və cərimənin şirkətin qlobal dövriyyəsinin 6%-nə qədər ola biləcəyini bəyan edib.

Brüsselin rəsmi mövqeyinə görə, Temu-nun Avropa İttifaqı daxilindəki istifadəçiləri qanunsuz və ya təhlükəli məhsullar alma riski ilə üzləşirlər. Avropa Komissiyasının vitse-prezidenti Henna Virkkunen bu məsələ ilə bağlı bildirib: "Avropa İttifaqında internet istifadəçilərinin təhlükəsizliyi danışıqlar mövzusu deyil."

Temu-ya qarşı araşdırma hələ 2024-cü ilin oktyabrında başlanıb. Komissiya yalnız məhsul çeşidini deyil, həm də platformanın istifadəçi interfeysini araşdırır — bu interfeysin istifadəçilərdə asılılıq yaratdığı və onları düşünülməmiş alışlara sövq etdiyi qeyd olunur. Bütün bu ittihamlara baxmayaraq, Temu Avropada, xüsusilə Almaniyada sürətlə böyüməyə davam edir və 45 milyondan çox istifadəçi ilə rəsmi olaraq “çox iri platforma” kimi tanınıb.

Temu-ya qarşı tənqidlər yalnız rəsmi qurumlarla məhdudlaşmır. Avropanın istehlakçı hüquqlarını müdafiə edən təşkilatları da platformanı saxta rəylər, yalançı endirimlər, qeyri-müəyyən qaytarılma şərtləri və "Yalnız 2 ədəd qalıb" kimi alıcıları aldatmağa yönəlmiş mesajlardan istifadə etməkdə günahlandırırlar.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr