Natiq maşına söykənib düşünürdü. Əslində xəyalı çox uzağa getmişdi. Hansı ki, o lənətə gəlmiş gün oğlanın bütün həyatını dəyişmişdi .Bir vaxtlar sakit həyat yaşayırdı. Nə borcu var idi, nə krediti. İşdən gəlib Allah verəndən bir qismət yeyib -içib küçəyə çıxardı. Alnıaçıq ,üzüağ deyib - gülüb danışardı. Dostları ilə domino oynayıb gecəni daş kimi yatardı. Qohum- qonşunun toy -düyünündə böyük həvəslə iştirak edirdi. Oturanda kimi istəsə qınayıb, tənqid edirdi. Həmin istirahət günü yenə də həyətdə qonşularla oturub söhbət edirdi. Bacanağı Murad qəfil təzə aldığı maşınla onların qarşısında dayandı. Onu görən Natiqin kefi pozulsa da ozünü o yerə qoymadı. Murad pis oğlan deyildi. Qoçaq idi, yaxşı dolanırdı. Bir az özündən razılığı Natiqin xoşuna gəlmirdi. Elə indi də İxtiyar sahibi kimi dərhal mətləbə keçdi: Qubaya gəzməyə gedirik ,Arzunu da aparmaq istəyirəm. Onu götürməyə gəlmişəm. Hər şey bir anın içində baş verdi. Natiq ehtiraz etməyə macal tapmadı. Muradın qızı Gülər maşından düşüb içəri qaçdı. Beş dəqiqədən sonra Arzu ilə geri döndü. Natiq “ Yox” - sözünü ağzına ala bilmədi. Qızlar sevinirdi. Arzunun üzündə narahat bir ifadə var idi .Atasının üzünə yazıq - yazıq baxıb icazə gözləyirdi. Oğlan key- key baxıb dillənə bilməsə də başını tərpətdi. Qız bir göz qirpımında maşına mindi. Natıq uzaqlaşan maşının arxasınca baxıb köksünü ötürdü. Bir yana baxanda uşaqlarını gəzməyə apara bilmədiyi üçün özlüyündə xəcalət çəkirdi. Qoy getsin, gəzsin- deyə düşünürdü. Eyni zamanda Muradın gəlib qızı apardığına hirslənirdi. Ertəsi gün yuxudan dəhşətli bir xəbərlə oyandı. Muradgil avtomobil qəzasına düşmüşdülər. Hadisə yerinə çatana qədər varlığından yox oldu. Deyilənə görə ölənlər var idi. Qarşılaşdığı mənzərə damarında qanını dondurdu. Baldızı ilə qızı elə yerindəcə dünyasını dəyişmişdi. Muradla oğlu ağır yaralı olsalar da huşları özlərində idi .Arzu komada idi. Qızın özünə gəlməyi uzun çəkdi. Ayılmağına ayıldı , amma necə? Məlum oldu ki, əlil arabasında qalası olacaq. Natiq eşitdiyi xəbərdən dəhşətə gəldi. Qara günləri başladı nə başladı. O gündən var qüvvəsi ilə qızını əlil arabasından xilas etməyə çalışdı. Aylarla , illərlə xəstəxanalara qaçdı. Həkimlər ümid verib, müalicə lazımdır , deyirdilər. Natiq döymədiyi qapı qalmadı. Kim nə dedi onu etdi. Pul çatdıra bilmirdi. Hər yeri borca döndərdi. Əllərində olan xırda- para qızılları satdılar. Kredit götürdü. Di gəl hec nəyə nail ola bilmədi. Əksinə borcları şişib artırdı. Sanki bataqlığa düşmüşdü. Daha çox pul qazanmaq ümidi ilə iş yerini tərk etdi. Yenidən iş tapmağı müşgül oldu. Hətta az qala uyuşdurcu alış- verişinə qoşulacaqdı. Doğrusu bunu bilə - bilə etmirdi. Sadəcə borclu olduğu adamlar aldadıb bu yola salmağa çalışırdılar. Bu çirkabdan son anda zorla qurtuldu . Düşdüyü vəziyyətə görə uzun müddət özünə gələ bilmədi. Çünki bu yolla pul qazananlara nifrət edirdi. Nəhayət ailə şoferi düzəldi. Natıq alı təhsilli idi. Bu işi özünə yaraşdırmasa da əlacsız qalıb razılaşdı. İlk günlər işindən razı idi. Sevinirdi, borclarını az- az olsa da qaytaracağına ümid edirdi. İşi ağır idi, iş saatı ,istirahət günü yox idi. Amma İmran müəllim onu tez – tez mükafatlandırırdı. Qızının əlil olduğunu biləndən sonra Durdanə xanım vaxtaşırı Arzuya hədiyyələr göndərirdi. Yemək - içməyi də İmran müəllimin boynunda idi. Kişi onun dəqiqəsini bilirdi. Öz evinə bazarlıq edəndə Natiqi də nəzərə alırdı. Günlər ötdükcə Natiq yavaş - yavaş özünə gəlməyə başlasa da tamamilə dəyişdiyini hiss edirdi. Özünü yalan dolu bir aləmdə görürdü. Bu yalanların içində boğulurdu. Çünki İmran müəllim gününü Pəri deyə çağırdığı Pərvanə adlı bir qızla keçirirdi. Hər yerə onunla gedib, Dürdanə xanımı aldatmağı isə Natiqə həvalə etmişdi. Dürdanəyə bir söz tap de, deyib aradan çıxırdı. Bir necə vaxt bundan əvvəl başına gələn bir əhvalatı düşünüb yenə də qızardı. Növbəti dəfə Pərinin evnin qarşısında İmran müəllimi gözləyirdi. Dürdanə xanım durmadan zəng edirdi. . Telefonu açan kimi qadının ilk sözü hardasan? – oldu. O , adəti üzrə nazirlikdə,- dedi. Qadın İmranı soruşub vacib sözüm var,-dedi. Natiq kişinin iclasda olduğunu söylədi . Bu hal bir necə dəfə təkrar oldu. Axırıncı zəngdə Natiq əlində telefon düz qarşısında dayanıb, hardasan? - deyən qadının gözünün içinə baxa- baxa nazirlikdə,- deyə cavab verdi. Sən demə Dürdanə xanım bu binaya rəfiqəsinin anasının hüzr yerinə gəlibmiş. İmranın maşınını burada görüb zəng edib. Natiq vəziyyətdən çıxa bilmədi. Donub yerində qalmışdı , söz tapa bilmirdi. Onun köməyinə İmran müəllim yetişdi. Kişinin Dürdanə xanıma nə dediyini Natiq eşitmirdi. Utandığından qulağı batmışdı. Bu hadisə çoxdan olmuşdu. İndi Natiqın yalanlarının sayı və ünvanı artmışdı. Artıq Pərinin əvvəzindən də İmran müəllimə yalan danışırdı. Çünki onun kiminlə isə görüşdüyünü bilirdi. Axır vaxtlar bir yenilik əmələ gəlmişdi. Pəri ondan əl çəkmirdi. Nə istədiyini Natiq anlamırdı. Elə düşünürdü ki, başqası ilə görüşdüyünün İmran müəllimə çataçağından qorxur. Amma belə deyilmiş . Əslində Pəri indi də Natiqi tora salmağa çalışırdı. Natiq onun hədsiz hiyləgər olduğunun şahidi idi. Bunu isə heç ağlına sığışdıra bilmirdi. Bəzən şübhələnsə də inanmaq istəmirdi. Bir neçə gün bundan əvvəl Pəri onu içəri dəvət edib, ilk öncə ondan xoşu gəldiyini soylədi. Bunu uzün və romantik sözlərlə anlatdıqdan sonra bütün kreditini bağlayacağına söz verdi. Natiq qulağına inamasa da Pəri ilk məbləği zorla oğlanın çibinə basmışdı. Əvvəlcə imtina edən Natiq sonra borc götürürəm, qaytaraçam deyib , evdən çıxmışdı. Həmin gündən özünə gələ bilmirdi. Yalanlarına xəyanət də qarışmışdı. Pəri ilə yaxınlıq etməklə İmran müəllimə xəyanət etdiyini düşünürdü. Həm də Pərinin onu susdurmaq üçün belə etdiyini də anlayırdı. Arzunun ayağında az da olsa hissiyyat əmələ gəlmişdi. Qızı yenidən Bərpa Mərkəzinə aparmaq lazım idi. Natiq qızına görə əlindən gələni etmək istəsə də özündən iyrənirdi.. İndi vicdanı ilə baş- başa qalıb düşünürdü. Lakin hansı vicdanı ilə? O,heç bir vicdan filan tapa bilmədi. Onu itirmişdi. Əslində bu illər ərzində vicdanının itdiyini deyil , oldüyünü düşündü. Çünki itmiş olsa eşələyib nə isə tapardım , deyib fikirə daldı. Yox idi. O, vicdanı tərpədib onun olmadığına əmin olan kimi səhərki yalanlar haqqında düşünməyə başladı. İmrana görə Dürdanə xanıma, Pəriyə görə İmran müəllimə və ən yenisi özünə görə arvadına nələrsə deyib, uydurmalı idi. Axı onlar gecəyarıdan sonraya vədələşmişdilər.
Dərya(Nailə) Qılıc