ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Almaniyanın aparıcı nəşrlərindən olan “Berliner Zeitung” qəzetində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub. Müsahibədə Əbu-Dabidə keçirilən sülh danışıqlarına da toxunulub və sülh prosesinin artıq tərəflərin öz əlində olması konstruktiv amil kimi dəyərləndirilib. Əbu-Dabi görüşünün sivil dialoq olduğunu vurğulayan Hikmət Hacıyev qeyd edib ki, bizə sülh içində necə yaşamağı və birgəyaşayışı öyrətməyə ehtiyac yoxdur. Diplomatik münasibətlərin hələ də olmamasına baxmayaraq, çox yaxşı (Ermənistanla – red.) danışıqlarımız oldu.
“Azərbaycan prezidentinin köməkçisinin açıqlaması diqqətçəkicidir və bu Azərbaycandakı reallığı əks etdirir. Tarix boyu Azərbaycan müxtəlif millətlərin və etnik qrupların birgə yaşayış məskəni olaraq qalmaqdadır. Azərbaycan onların hər birinin vətənidir və burada heç bir zaman digər millətlərə və etnik qruplara qarşı diskriminasiya siyasəti həyata keçirilməyib. Hər kəs burada rahat, sərbəst, təhlükəsiz şəkildə yaşayıb və yaşamaqdadır”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Oqtay Qasımov danışıb. Politoloq qeyd edib ki, bu baxımdan xüsusi diqqət ediləcək məsələlərdən biri Azərbaycanın müstəqilliyini qazandığı ilk illərdə, yəni 1992-ci ilin sentyabrında Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquqlarının müdafiəsi ilə bağlı Prezident fərmanının verilməsidir və həmin sənəd bir çox dövlətlər tərəfindən öyrənilməyə araşdırmaya götürülmüşdü.
Oqtay Qasımov
“Hikmət Hacıyevin bu açıqlaması həm də Qərb ölkələrinə mesajdır. Bu mesaj da ondan ibarətdir ki, azərbaycanlılar və ermənilər bölgədə özləri birgəyaşayışı təmin edə bilərlər. Azərbaycanda yaşayan bütün xalqlar kimi onlar da Azərbaycanın qanunlarına tabe olaraq yaşaya bilərdilər ki, bundan bağlı da Azərbaycan zamanında Qarabağda yaşamış ermənilərə bir plan da təqdim etmişdi. Sadəcə olaraq, onlar bunu qəbul etməyərək həm Ermənistan, həm onların xaricdəki havadarları və yerli xunta rəhbərləri tərəfindən təbliğat vasitəsilə bölgəni tərk ediblər. Bu da onların öz seçimləridir”-deyən Oqtay Qasımov bildirib ki, Azərbaycanda heç bir etnik qrup və milli azlığa təzyiq olmayıb, bundan sonra da olmayacaq.
Politoloqun fikrincə, Azərbaycan əslində dünyada tolerantlığı ilə seçilən çox azsaylı ölkələrdən biridir.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.