GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Süni intellektin həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyi danılmazdır. Hər gün istifadə etdiyimiz texnologiyalar – sosial media alqoritmləri, müştəri xidmətləri robotları, avtomatik tərcümə proqramları və sair süni intellektin məhsuludur. Bu, səhiyyə, nəqliyyat, maliyyə və təhsil kimi sahələrdə böyük dəyişikliklərə səbəb olub. Digər tərəfdən, süni intellektin sürətlə populyarlaşması narahatlıq yaradıb. Düşünülür ki, bununla gələcəkdə ciddi dəyişikliklər olacaq, hətta bəzi peşələr sıradan çıxacaq.
Ümumiyyətlə, süni intellekt nədir və və həyatımıza niyə bu qədər sürətlə daxil oldu?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, süni intellekt insan beyni kimi düşünə, öyrənə və qərar verə bilən sistemlərin ümumi adıdır:
“Bu texnologiya təkcə bir proqram və ya alqoritm deyil, eyni zamanda böyük yaddaşlardan, hesablama gücündən və sürətli öyrənmə qabiliyyətindən güc alan bir “düşüncə mexanizmi”dir. Süni intellektin bu qədər sürətlə həyatımıza daxil olmasının əsas səbəbi texnologiyanın getdikcə daha əlçatan və tətbiqə hazır formaya keçməsidir. Yəni bu, artıq laboratoriyalarda test edilən bir anlayışdan çıxaraq, gündəlik həyatımızda mobil tətbiqlərdən tutmuş səhiyyə, nəqliyyat və maliyyə sahələrinə qədər konkret nəticə verən bir vasitəyə çevrilib”.
Elvin Abbasov
Ekspert qeyd edib ki, süni intellekt bu gün təkcə texniki tərəqqinin deyil, həm də iqtisadi və strateji gücün əsas göstəricilərindən biridir:
“Kim bu texnologiyanı daha düzgün və etik şəkildə tətbiq edirsə, həm qlobal yarışda, həm də daxili innovasiya ekosistemində önə çıxır. Bu səbəbdən süni intellekt artıq mərkəzi amilə çevrilib və hər sahənin “gələcək dili” olaraq qəbul edilir. Süni intellektin qərar qəbuletmə və məlumat analiz etmə qabiliyyəti, maliyyə, səhiyyə və hüquq kimi sahələrdə də mühüm dəyişikliklər yaradacaq. Lakin bu, yalnız bəzi peşələrin yox olması ilə nəticələnməyəcək. Yeni və müasir sahələr də yaranacaq. İnsanların yaradıcılıq, empatiya və sosial bacarıqları tələb edən sahələr daha da önəmli olacaq. Yəni, süni intellektin inkişafı həm imkanlar yaradır, həm də peşə dünyasında dəyişikliklərə səbəb olur”.
Ləman İmran
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.