AZ

İsmail Cingöz: Seçki prosesi Suriyanın gələcəyini formalaşdıracaq əsas mərhələlərdən biri olacaq

Suriyadakı yeni administrasiya dövründə ilk parlament seçkiləri bu ilin sentyabr ayında keçiriləcək.
Bu barədə seçki prosesinin rəhbəri Məhəmməd Taha Suriyanın dövlət informasiya agentliyi SANA-ya bildirib.
Onun sözlərinə görə, Xalq Məclisində səsvermə 15-20 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, bu, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra ölkədə keçiriləcək ilk seçkilər olacaq.

Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a deyib ki, Suriyada Bəşər Əsədin devrilməsindən sonra Əhməd Əş-Şaraa müxalifət adından hakimiyyətə gələrək bir sıra qərarlar qəbul etdi:

"Yeni Suriyanın qurulması prosesində Əhməd Əş-Şaraa -nın rəhbərlik etdiyi hökumət özünə ən yaxın tərəfdaş olaraq, Türkiyəni görürdü. Bu səbəbdən Türkiyə də Əhməd Əş-Şaraaya çox sahədə dəstək göstərdi. Xüsusilə rəsmi Ankara konstitusiya prosesinin necə olacağı, hüquq sisteminin qurulması, ölkə idarəetmə modeli, həmçinin demoqrafik, etnik və məzhəb baxımından rəngarəng olan Suriyada bərabərlik və ədalətin necə təmini məsələlərində fikir və texniki dəstək təqdim etdi. Nəhayət, mart ayında Əhməd Əş-Şaraanın rəhbərlik etdiyi hökumət konstitusiyaya dair bir sıra müddəaları açıqlayacağını bildirmişdi. Mart ayında qüvvəyə minən konstitusiya bəyannaməsində İslam hüququnun mərkəzi yer tutacağı, eyni zamanda qadın hüquqları və ifadə azadlığına təminat veriləcəyi vurğulanmışdı. Bu çərçivədə yeni hüquqi sistem və dövlət strukturu qurulması istiqamətində addımlar atılmağa başlanmışdı".

Analitik əlavə edib ki, hazırda Suriyada xalq məclisindəki deputat yerlərinin yeni rəhbərlik tərəfindən 150-dən 210-a yüksəldiləcəyi açıqlanıb:
"Həmçinin bildirilib ki, bu 210 yerin 70-i prezidentin birbaşa təyin etdiyi texnokratlardan ibarət olacaq. Bu isə o deməkdir ki, parlamentin üçdə biri birbaşa prezident tərəfindən təyin ediləcək. Qalan parlament üzvlərinin seçilməsi ilə bağlı 2011-ci il siyahıyaalmasının əsas götürüləcəyi və seçkilərdə təxminən 20%-lik kvotanın qadınlara ayrılacağı yönündə müzakirələr aparılır. Burada əsas məsələ odur ki, demoqrafik, etnik və məzhəbi baxımdan çoxşaxəli olan Suriyada bütün azlıqlara bərabər yanaşılacaq, ya yox? Bu sual həm suriyalılar, həm də beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə izlənilir. Lakin Əhməd Əş-Şaraanın rəhbərlik etdiyi hökumət seçki prosesinin beynəlxalq müşahidəçilərə açıq olacağını və nəticələrə ediləcək etirazların hüquqi təminat altına alınacağını söyləyib. Bu da əhəmiyyətli bir inkişafdır. Digər tərəfdən Suriyada hələ də davam edən daxili münaqişələr, "Dekabr Baharı" hadisələrinin yaratdığı gərginliklər mövcuddur. Nəticə etibarilə milyonlarla suriyalının başda Türkiyə olmaqla müxtəlif ölkələrə müvəqqəti sığınacaq məqsədilə köçməsi, yaxud qaçqın və ya miqrant statusu ilə başqa ölkələrə getməsi səbəbilə ölkə daxilində seçici sayı kəskin şəkildə azalıb. Bu da seçkilərin nə dərəcədə ədalətli ola biləcəyi, iştirak səviyyəsinin necə olacağı suallarını doğurur. Hələlik Suriya xaricində yaşayan suriyalıların seçkilərdə necə iştirak edə biləcəyi ilə bağlı dəqiq açıqlama verilməyib".

İsmail Cingöz qeyd edib Əhməd Əş-Şaraanın rəhbərlik etdiyi keçid hökuməti maksimum iştiraklı və ədalətli bir seçki keçirilməsi üçün bütün səylərini ortaya qoyacağını bildirir:
"Ədalətli və bərabərhüquqlu bir seçkinin necə keçiriləcəyini isə zaman göstərəcək. Bununla yanaşı, Suriyada hələ də sabitliyin olmaması, xarici müdaxilələrin davam etməsi səbəbilə bəzi qrupların seçkilərdə təxribat yaratmağa çalışacağı və ya müəyyən azlıqları qızışdıracağı ehtimalı da gözləniləndir. Əgər ədalətli və bərabər təmsilçiliklə seçkilər həyata keçirilərsə və əhalinin demoqrafik nisbətlərinə uyğun təmsilçilik təmin olunarsa, bu, Suriyanın gələcəkdə daha sabit idarə olunmasına, qanunların yeni parlament sistemi ilə qəbul edilməsinə və ölkənin yenidən qurulmasına töhfə verə bilər. Yəni, bu seçki prosesi Suriyanın gələcəyini formalaşdıracaq əsas mərhələlərdən biri olacaq.
Lakin əhalisinin böyük hissəsi miqrasiya etmiş və yerli əsaslı etnik-məzhəbi qarşıdurmaların hələ də davam etdiyi bir Suriyada bu seçkinin necə aparılacağı, xalqın necə razı salınacağı sual altındadır. Bu səbəbdən də Əhməd Əş-Şaraanın rəhbərlik etdiyi idarəni çətin bir proses gözləyir. Biz bu prosesi yaxından izləyəcəyik və zamanla onun necə həyata keçəcəyini birlikdə müşahidə edəcəyik".
Seçilən
9
1
sherg.az

2Mənbələr