AZ

Xəzərin səviyyəsi düşür, çirklənməsi artır - Xəstələnməmək üçün bunlara əməl edin... 

Xəzər dənizinin çirklənmə səviyyəsi son illərdə kəskin şəkildə artıb. Yay aylarında sərinlənmək və istirahət məqsədilə dənizə üz tutan insanlar oradan sağlamlıq problemləri ilə geri dönürlər. Son günlərdə xüsusilə uşaqlar arasında dəri qızartıları, qaşıntılar, yüksək hərarət, ürəkbulanma və halsızlıq kimi şikayətlər artıb. Müayinə olunan şəxslərdən bir neçəsinin bədəninə dəniz suyundan infeksiya keçdiyi məlum olub.

Xəzərin bu qədər çirkli olmasının səbəbi nədir?

Xəzəri qidalandıran və əsas çirkləndirici mənbələr Volqa, Kür və Ural çaylarıdır. Bu çaylar vasitəsilə Xəzərə böyük həcmdə sənaye, məişət və kənd təsərrüfatı tullantıları axıdılır. Eyni zamanda sahilyanı şəhərlər – Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli də birbaşa olaraq çirkli sularını Xəzərə yönləndirirlər. Neft hasilatı zamanı ekoloji qaydalara əməl edilməməsi vəziyyəti daha da ağırlaşdırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq məlumatlarına görə, hazırda Xəzərə ümumilikdə 128 axıntı tökülür. Bu axıntıların böyük bir hissəsi təmizlənməmiş və zərərli maddələrlə zəngin sular təşkil edir.

Su ilə təmasdan sonra xəstəlik riski artır.

Məsələ ilə bağlı İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya üzrə mütəxəssis Dr. Vasif Əliyev Musavat.com-a açıqlama verib. Onun sözlərinə görə, dəniz və göl suları ilə təmas zamanı bir sıra infeksion xəstəliklərin yayılma riski mövcuddur. Xüsusilə durğun və çirkli sular bu baxımdan təhlükəlidir:

“Dəniz suyuna girərkən insanlar adətən təhlükəsizlik tədbirlərini unudurlar. Halbuki belə sularla təmas zamanı ən çox rast gəlinən xəstəliklərdən biri mədə-bağırsaq pozuntularıdır. İnsan bilmədən dəniz suyunu udduqda və ya su gözlə təmas etdikdə infeksiyaların orqanizmə keçmə ehtimalı yüksəlir. Bu, qastroenterit kimi mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər”.

Həkimin sözlərinə görə, dəri ilə birbaşa təmas zamanı göbələk və bakterial mənşəli infeksiyalar da yayıla bilir:

“Əgər dənizə girən şəxsin dərisində açıq yara varsa, bu halda infeksiyanın yayılması riski daha yüksək olur. Bu, həm yerli dəri infeksiyalarına, həm də bəzən sidik yolları iltihablarına gətirib çıxara bilər. Eyni zamanda çirkli su ilə təmasdan sonra konjonktivit – yəni göz iltihabı hallarına da rast gəlinir”.

Vasif Əliyev qeyd edir ki, bəzi hallarda insanlar çirkli sudan hepatit A virusuna da yoluxa bilərlər. Bu səbəbdən, dənizə girməzdən əvvəl və sonra bədəni təmiz su ilə yumaq, dəniz suyunun udulmamasına diqqət yetirmək və açıq yaralarla suya girməmək mütləqdir.

“Əgər dənizdən qayıtdıqdan sonra şəxsdə qızdırma, ürəkbulanma, halsızlıq kimi simptomlar yaranarsa, dərhal həkimə müraciət edilməlidir. Bu əlamətlər bəzən ilkin mərhələdə ciddi görünməsə də, arxasında daha böyük problemlər dayana bilər”.

Seçilən
23
referans.az

1Mənbələr