Almaniya hökuməti mövcud şərtlər daxilində Fələstin dövlətini tanımağın düzgün olmayacağını hesab edir.
"Cebheinfo.az" xəbər verir ki, hökumət sözçüsü Stefan Kornelius verdiyi açıqlamada Almaniyanın yalnız danışıqlar yolu ilə əldə olunacaq iki dövlətli həllin qalıcı sülh və təhlükəsizlik gətirəcəyinə inandığını bildirib.
Kornelius deyib:
“Fələstin dövlətinin tanınması iki dövlətli həll yolunda atılacaq son addımlardan biri kimi qiymətləndirilir”.
O əlavə edib ki, İsrailin təhlükəsizliyi Almaniya hökuməti üçün “prioritet əhəmiyyət” daşıyır. Bu səbəbdən, qısa müddətdə Fələstin dövlətini tanımaq kimi bir planlarının olmadığını vurğulayıb.
Hökumətin öncəlikləri arasında Qəzzada atəşkəsin təmin olunması, HƏMAS-ın əlindəki israilli girovların azad edilməsi və qrupun silahsızlaşdırılması yer alır. Kornelius İsrailə də çağırış edərək, Qazzadakı faciəvi humanitar vəziyyətin dərhal və ciddi şəkildə yaxşılaşdırılmalı olduğunu bildirib. “İsrail İordan çayının qərb sahilinin ilhaqına dair heç bir addım atmamalıdır”,- deyən Kornelius davamlı sülh üçün Qəzzaya siyasi perspektivin təqdim edilməsinin vacibliyini vurğulayıb.
Kornelius Almaniyanın Fələstin dövlət strukturlarının qurulmasına dəstəyini davam etdirəcəyini də açıqlayıb. Almaniyanın Xarici İşlər naziri Yohann Vadephul isə Almaniyanın Qəzza müharibəsinin dərhal dayandırılmasına çağıran 28 ölkənin birgə bəyanatını imzalamamasını müdafiə edib.
“Heç kim bizdən İsraili tək buraxmağımızı gözləməməlidir”,- deyə bildirən Vadephul HƏMAS-ın həm girovları, həm də Qəzza xalqını alət kimi istifadə etdiyini və bu oyunun pozulmalı olduğunu bildirib. O, Almaniyanın ərəb ölkələri arasında da hörmət qazandığını qeyd edib: “Bir çox ərəb həmkarım Almaniyanın İsrail üzərində təsirə sahib olduğunu düşünür və buna görə də bizimlə görüşür”.
Almaniyada xüsusilə Sosial Demokrat Partiyasının bəzi üzvləri İsrailə silah ixracının dayandırılması və Avropa İttifaqı ilə İsrail arasında mövcud olan tərəfdaşlıq sazişinin dondurulması ilə bağlı çağırışlar edib.