BAKI, 28 iyul. TELEQRAF
İyulun 26-sı saat 5 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində Elvin Məmmədov tərəfindən qətlə yetirilmiş 1990-cı il təvəllüdlü Nadir Səfərovun həmin məsciddə bu gün yas mərasimi keçirilib.
Teleqraf-ın əməkdaşları həmin əraziyə yollanıb, insanlarla həmsöhbət olub.
Mərhumun yaxınları onların arasında problem olmadığını bildiriblər: “Nadir qəsəbədə çox hörmətli, heç kəslə işi olmayan, sakit bir insan idi. 35 yaşına çatsa da, hələ ailə qurmamışdı. Bir bacısı, bir qardaşı var. Hadisədən çox sarsıntı keçirmişik”.
Qonşuların sözlərinə görə, Nadir Səfərov xeyriyyə ilə məşğul olurmuş, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı isə dəqiq məlumat yoxdur.
Yaxınlıqdakı marketdə işləyən satıcı Leyla Vəliyeva da mərhum Nadir Səfərovu çox yaxşı bir insan kimi tanındığını deyir:
“Tanıyırdım, qonşumuz idi. Uşaqlara, gənclərə, kasıblara yardım edirdi. Onun ölümü hamımıza pis təsir edib, sarsılmışıq. Nadiri qətlə yetirən Elvin Məmmədovla isə münasibətim olmayıb, haqqında heç nə deyə bilmərəm”.
Məscidin yaxınlığında təmizlik işləri ilə məşğul olan Vüsal Əliyevin sözlərinə görə, qətl hadisəsi ilə bağlı müxtəlif söz-söhbət gəzir:
“Biz burada yaşamırıq, buna görə nə öləni, nə öldürəni yaxından tanıyırıq. Amma hadisə barədə müxtəlif söhbətlər eşidirik, hansının doğru olduğunu bilmirik. Deyilənə görə, qatil qazidir, psixoloji problemləri olub”.
Rəsmi məlumata görə, ilkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.