Dünən Azərbaycanda qısa zaman aralığında iki zəlzələ baş verdi. Son illərdə Xəzər dənizində vaxtaşırı baş verən batma halları ilə bağlı narahatlıqlar da artır. Xüsusilə dənizdəki geoloji dəyişikliklərin insan təhlükəsizliyinə mümkün təsirləri müzakirə mövzusuna çevrilib. Bəs zəlzələlər Xəzər dənizinin su səviyyəsinə, dəniz axınlarına və ya dəniz dibinin strukturuna hər hansı təsir göstərə bilərmi? Belə dəyişikliklər sahilboyu ərazilərdə insanların batma riskini artırırmı? Məsələyə aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdik.
Moderator.az-a danışan ekoloq Sadiq Həsənov bildirib ki, son zamanlar Xəzər dənizində zəlzələlər daha tez-tez baş verir. Onun sözlərinə görə, zəlzələ prosesi yer qabığındakı tektonik layların, süxurların hərəkəti nəticəsində baş verir və bu proseslər adətən yerin 8–9 kilometr və ya daha çox dərinliklərində formalaşır:
“Məhz bu səbəbdən zəlzələlərin başvermə səbəblərini, dəqiq vaxtını və yerini müəyyənləşdirmək elm üçün hələ də ən çətin məsələlərdən biri olaraq qalır. Bu mövzuda çoxsaylı elmi məqalələr yazılıb, müxtəlif tədqiqatlar aparılıb, lakin prosesin tam mahiyyəti və mexanizmi hələ də tam aydınlaşdırılmayıb. Xəzər dənizində baş verən zəlzələlərin suyun tərkibinə, səviyyəsinə və ya dəniz dibindəki relyefə müəyyən dərəcədə təsiri ola bilər. Məsələn, yeraltı süxurlarda baş verən dəyişikliklər nəticəsində dəniz dibində kiçik çökəkliklər əmələ gələ bilər. Lakin bu dəyişikliklər dəniz suyunun ümumi səviyyəsinə, axınlarına və ya tərkibinə əsaslı təsir göstərmir. İndiyə qədər nəinki Xəzər dənizində, həmçinin digər dənizlərdə, göllərdə və okeanlarda zəlzələlərin suyun səviyyəsinə və tərkibinə ciddi təsir göstərdiyinə dair elmi şəkildə təsdiqlənmiş fakt qeydə alınmayıb.
Zəlzələlər Xəzər dənizində müəyyən risklərin yaranmasına səbəb ola bilər. Məsələn, bəzi zonalarda dəniz dibinin dərinliyi arta və ya azala bilər ki, bu da həmin ərazilərdə müəyyən geoloji dəyişikliklərə gətirib çıxara bilər. Lakin bu dəyişikliklərin çimərlik zonalarında çimən insanlar üçün ciddi təhlükə yaratdığı müşahidə olunmayıb. Yəni çimərliklərdə bu proseslərin təsiri demək olar ki, hiss olunmur”.
Ekoloq əlavə edib ki, Xəzər dənizində baş verən zəlzələlər adətən yüksək maqnitudalı olmur — 3.5–4 bal gücündə olur ki, bu da dağıdıcı gücə malik deyil. Bu cür zəif zəlzələlər dəniz strukturunda ciddi dəyişikliklərə səbəb ola bilmir. Onların səbəb olduğu dəyişikliklər daha çox lokal və məhdud xarakter daşıyır:
“Bu zəlzələlərin Xəzər dənizinin səviyyəsinin azalmasına və ya daşmasına hər hansı bir təsiri yoxdur. Xəzər dənizində suyun səviyyəsinin azalması zəlzələlərlə deyil, əsasən iqlim dəyişikliyi, buxarlanma səviyyəsi və çay axınlarının azalması kimi amillərlə əlaqələndirilir. Eyni zamanda, dəniz dibində çökəkliklərin yaranması da çox vaxt min illər əvvəl baş vermiş və geoloji dövrlərlə bağlı tektonik proseslərin nəticəsidir”.
Mehin Mehmanqızı