Azərbaycanda son illərdə yoluxucu xəstəliklər arasında ciddi narahatlıq doğuran hepatit virusuna yoluxma halları aktuallığını qoruyur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, Səhiyyə Nazirliyinin məlumatları üzrə 2024-cü ildə ölkənin tibb müəssisələrində həyatında ilk dəfə viruslu hepatitə yoluxan 634 xəstə qeydə alınıb. Onlardan 51 nəfəri hepatit B, 142 nəfəri isə hepatit C diaqnozu ilə qeydiyyata alınıb. Qeyd edək ki, hər il iyulun 28-i dünyada Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd edilir. Bu günün əsas məqsədi virusun qarşısının alınması, vaxtında diaqnostika və müalicənin təşviqidir. Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxmaların 2030-cu ilə qədər 90 faiz azaldılması hədəf olaraq müəyyən edilib.
Hepatit — qaraciyərin virus mənşəli iltihabıdır və müxtəlif növləri vardır: A, B, C, D və E. Bunlardan ən geniş yayılan və təhlükəli sayılan B və C hepatitləridir. Hepatit A və E əsasən çirkli su və qida vasitəsilə yayılır, B, C və D hepatitləri isə qan yolu, steril olmayan tibbi alətlər, cinsi əlaqə və ana bətnində dölə ötürülmə kimi yollarla insandan insana keçir. Xəstəlik bəzən uzun müddət simptomsuz keçə bilər, lakin zamanla xroniki qaraciyər zədələnməsinə, sirroz və hətta qaraciyər xərçənginə səbəb ola bilər.
Hepatitdən qorunmaq üçün bir sıra önləyici tədbirlərə əməl edilməlidir. İlk növbədə, hepatit A və B viruslarına qarşı peyvəndləmə effektiv qorunma üsuludur. Hamilə qadınların hepatitə görə müayinədən keçirilməsi, qan köçürülməsi zamanı donor qanının yoxlanması, tibbi alətlərin sterilizasiyası, şəxsi gigiyena qaydalarına riayət və qoruyucu vasitələrdən istifadə vacibdir. Eyni zamanda, qeyri-steril bədən deşmələri, döymə və kosmetik prosedurlardan uzaq durmaq tövsiyə olunur. Su və qida məhsullarının təmizliyinə diqqət yetirilməsi də xüsusilə yay aylarında hepatit A və E viruslarından qorunmada önəm daşıyır.
Hepatit virusuna yoluxmuş şəxslərin həyat keyfiyyəti ciddi şəkildə təsirlənə bilər. Fiziki zəiflik, iş qabiliyyətinin azalması, xroniki yorğunluq, emosional pozğunluq və sosial izolyasiya kimi hallarla yanaşı, müalicə xərcləri də ailələrə əlavə yük yaradır. Xüsusilə xroniki hallarda mütəmadi müayinə və dərman müalicəsi tələb olunur ki, bu da uzunmüddətli sağlamlıq nəzarətini zəruri edir.
Bu kontekstdə əhalinin maarifləndirilməsi xüsusi önəm daşıyır. Məktəblərdə, universitetlərdə və ictimaiyyətin sıx olduğu yerlərdə hepatitlə bağlı maarifləndirici seminarlar keçirilməli, media vasitələri ilə geniş informasiya kampaniyaları təşkil olunmalıdır. Həmçinin risk qruplarına daxil olan şəxslər – tibb işçiləri, estetik mərkəz əməkdaşları, qan donorları və digərləri üçün müntəzəm təlimlər və tibbi yoxlamalar aparılmalıdır.