AZ

Müştəriləri üçün əlçatmaz olan “Azerspace” - Fantastik xidmət qiymətləri hansı məntiqlə tətbiq edilir?

Biznes məntiqinə uymayan siyasətə tabe etdirilən, qazanc gətirilməsi bilərəkdən məhdudlaşdırılan “Azerspace 1” və “Azerspace 2” peyklərinin fəaliyyəti kimə və nəyə lazımdır?..

Müəllif: İlkin Məmmədkərimov

2013-cü ilin fevralında ilk kosmik peykimiz “Azerspace 1” və bir neçə il sonra isə ikinci kosmik peykimiz “Azerspace 2” peyki orbitə buraxılıb. Təssüflər olsun ki, orbitdə 2 peykimiz olsada, hələ də regional televiziya kanallarımız və internet televiziyalarımız peyk vasitəsi ilə yayımlana bilmirlər.

Bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində telekekanallarımızda mühüm rol onayıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında telekanallarımızın əvəzsiz rolu var. Bəs niyə öz peykimiz ola-ola regional və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirik? Yerüstü yayımlanan ümumrespublika kanallarımızla yanaşı bölgələrimizdən yayımlanan çox gözəl regional kanallarımız var. Məsələn Gəncə şəhərindən fəaliyyət göstərən Kəpəz TV, Quba rayonundan fəaliyyət göstərən Qafqaz TV, Xaçmaz rayonundan fəaliyyət göstərən ARB Şimal, Lənkəran rayonundan fəaliyyət göstərən ARB Cənub, Yevlax rayonundan fəaliyyət göstərən EL TV, İsmayıllı rayonundan fəaliyyət göstərən İsmayıllı TV və s. regional kanallarımız olsada illərdir öz peykimiz vasitəsi ilə yayımlana bilmirlər.

Regional kanallarımızdan yalnız Naxçıvan TV prezidentin ötən ilki fərmanından sonra bu yaxınlarda “Azerspace 1” peyki vasitəsi ilə yayıma başlayıb.

İnternet televiziyalarımızdanda APA TV, SƏS TV, Səhiyyə TV, Dost TV, Asan TV və s. kanallarımız peyk vasitəsi ilə yayımlana bilmir.

Sual olunur niyə peykimiz vasitəsi ilə bütün ölkəyə və dünyaya yayımlanmaq imkanı ola-ola regional və internet kanallarımız peyk vasitəsi ilə yayıma həsrətdirlər? Vətəndaşlarımız niyə regional kanallarımız və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? Regional kanallarımızdan ikisi musiqi kanalı Ayaz TV və İsmayıllı TV bir neçə ay öncə “Türksat” peyki vasitəsi ilə yayıma başladı. Öz peykimiz ola-ola niyə bizim kanallarımız digər ölkələrin peykinə üz tutmalıdırlar?

Regional kanallarımızdan bir neçəsinin əməkdaşı şəxsən mənə peyk vasitəsi ilə niyə yayımlanmırsınız deyə soruşanda bildirirlər ki, “Azerspace” peykində yayımlanmaq üçün bizdən elə böyük bir məbləğdə fantastik ödəniş tələb edirlər ki, Türkiyə peyki olan “Türksat” peykində və digər ölkələrin peykində yayımlanmaq bizə dəfələrlə ucuz başa gəlir.

Bu gün Rusiya kanalları öz peyklərində və bir neçə ölkənin peyklərində yayımlansa da, bu günlərdə illərdir “Türksat” peykində yayımlanan 2 Rusiya kanalı “RTR Planeta” və “Rosiya 24” telekanalının ardınca digər Rusiya kanallarıda daha böyük auditoriyaya yayımlanmaq üçün “Türksat” peyki vasitəsi ilə yayıma başlayıb. Biz isə öz kanallarımızın öz peykimiz ola-ola peyk vasitəsi ilə yayımına imkan vermirik.

Dünyanın heç bir öz peyki olan ölkəsində bizdə olan problemlər yaşanmır. Yəni öz peyki olan bütün ölkələrdə yerli kanallar peyk vasitəsi ilə yayımlanır. Məsələn qonşu Türkiyədə 476 kanal var bu gündə bir-birinin ardınca yeni kanallar açılmaqdadır və kanal yayıma başlamazdan əvvəl “Türksat” peykindən yayım üçün tezlik alır.

Onsuzda ölkəmizdə digər ölkələrlə müqayisədə çox az kanal fəaliyyət göstərir. Məsələn, 3,8 milyon əhalisi olan Gürcüstanda 38 kanal fəaliyyət göstərir. Yeni kanallar açmaq əlimizdən gəlmirsə, heç olmasa hal-hazırda fəaliyyət göstərən kanallarında yayımına mane olmayaq.

Açığı “Azerspace”nin, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yürütdüyü siyasət məntiqə sığmır. Yüksək və bazara uyğun olmayan qiymətlərlə xidmət təklif etmək telekaommunasiya sisteminin maraqlarını nə qədər təmin edir? Şirkətin rəhbərliyi, o cümlədən Nazirliyin rəhbərliyi fantastik və şişirdilmiş qiymətlərlə “Azerspace”nin bazarda mövqe qazamnamasını nə qədər mümükün hesab edirlər? Bu, “Azerspace”ni əslində ziyanla işləməyə məhkum etmək deyilmi? Bu halda müştərisi olmayan “Azerspace 1” və “Azerspace 2” peyklərinin orbitə çıxaılmasında hökümət hansı məqsəd güdüb?

Bəlkə “Azerspace” rəhbərliyi üçün əslində büdcədə oturmaq və büdcə pullarını sağa-sola xərcləmək daha məqsədə uyğundur? Biznes məntiqinə uymayan siyasətə tabe etdirilən, qazanc gətirilməsi bilərəkdən məhdudlaşdırılan “Azerspace 1” və “Azerspace 2” peyklərinin fəaliyyəti kimə və nəyə lazımdır?

Ümid edirəm ki, Azərbaycan höküməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tezliklə ölkəmizdə də bütün regional və internet kanallarının peyk vasitəsi ilə yayıma başlamasını təmin edəcəklər. Bunun üçünsə “Azerspace 1” və “Azerspace 2” peyklərinin xidmət qiymıətləri bazar qiymətlərinə uyğun və əlçatan olmalıdır.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr