Amerika Birləşmiş Ştatları (ABŞ) Avropa İttifaqı (Aİ) ilə ticarət sazişi çərçivəsində polad və alüminuma tətbiq edilən 50%-lik rüsumu ləğv etməyəcək, lakin perspektivdə bu mallara olan tariflər azaldıla bilər.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
"Tramp administrasiyasının qlobal səviyyədə polad və alüminuma tətbiq etdiyi 50 faizlik rüsum sazişin bir hissəsi deyil", - nəşrin məlumatında deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Şotlandiyada keçirilən görüşündə aylarla davam edən gömrük mübahisəsi barədə razılıq əldə olunub.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, polad və alüminium – elə resurslardandır ki, onların istehsalı ciddi xərclərlə bağlıdır:

"Hazırkı dövrdə bu resursların çıxarılması, yataqların işlənməsi kifayət qədər çətin və bahalı prosesdir. Bu materiallar tükənən resurslar hesab olunur və sənayedə əsas tələbat olan məhsullar sırasındadır. Ona görə də onların üzərinə yüksək rüsumların tətbiq olunması təbiidir. Digər bir mühüm məsələ isə budur: ABŞ Aİ-ni bu sahədə ciddi şəkildə cəzalandırır. Burada söhbət təkcə ticarət rüsumlarından getmir. Eyni zamanda, Aİ silah alışında ABŞ müraciət etməlidir. Həmçinin Ukraynaya göndərilən silahların böyük hissəsi də ABŞ-dan alınmalıdır. Bu isə əslində, qeyd olunan ticarət sazişi ilə üst-üstə düşür".
Analitikin sözlərinə görə, sözügedən saziş Aİ-yə qarşı tətbiq olunan bir növ cəza tədbiridir:
"ABŞ bu yanaşma ilə bir daha göstərir ki, Avropa onun gücünü tanımalı və onun müəyyən etdiyi siyasi xətt üzrə hərəkət etməlidir. Əks təqdirdə, bu cür cəza tədbirləri ilə qarşılaşa bilərlər".