Dünyanın ən populyar ani mesajlaşma tətbiqi olan "WhatsApp" yeni və əyləncəli bir funksiya üzərində işləyir.
Valyuta.az xəbər verir ki, tətbiqin "2.25.21.24" kodlu Android beta versiyasında aşkar edilən bu yenilik istifadəçilərin daha əvvəl ünsiyyətdə olmadıqları şəxslərə ilk mesajı göndərmələrini asanlaşdıracaq.
Yeni xüsusiyyət hazırda məhdud sayda istifadəçi ilə sınaqdan keçirilir. Bu funksiya vasitəsilə istifadəçilər, əlaqə siyahısında qeydli olmayan və ya daha əvvəl mesajlaşmadıqları şəxslərə sadə bir əl sallama emojisi ilə ilk mesajı göndərə biləcəklər.
Sözügedən istifadəçi bir söhbət pəncərəsi açdıqda, yazı bölməsinin yerində əl sallayan emoji görünəcək. İstifadəçi bu emojiyə toxunduqda, qarşı tərəfə ani şəkildə bir salam mesajı göndərilmiş olacaq.
Yeni xüsusiyyət çox sadə məntiqə əsaslanır. Söhbət pəncərəsi açıldıqda, ekranın aşağı hissəsində görünən əl sallama emojisinə toxunmaq kifayət edəcək. Bu mesaj əlaqənin qurulmasına ilk addım olacaq və qarşı tərəfdə söhbət başlanğıcı yaradacaq.
Rəsmi istifadəyə nə zaman veriləcəyi bilinmir
Yeni funksiya hazırda yalnız Android beta istifadəçiləri üçün əlçatandır və bu yeniliyin stabil versiyada nə zaman təqdim ediləcəyi hələlik məlum deyil. Lakin bu kiçik və səmimi funksiyanın istifadəçilərin marağına səbəb olacağı və platformadakı qarşılıqlı əlaqəni artıracağı gözlənilir.
Sərvanə Rəmixanova