AZ

İlham Əliyevin mesajı gündəmi dəyişdirdi – Mərkəzi Asiya ölkələri hərəkətə keçirlər

BAKI, 28 iyul. TELEQRAF

Ukraynanın ilk dəfə Azərbaycan qazını Transbalkan marşrutu ilə qəbul etməsi iki ölkə arasında enerji əməkdaşlığını yeni mərhələyə keçirib. Ukrayna üçün Azərbaycan qazını əldə etmək bir neçə səbəbdən vacibdir. Birincisi, bu, müharibə nəticəsində Rusiya qazından tamamilə imtina edən Ukrayna üçün Azərbaycan qazı hesabına enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayacaq. İkincisi, bu, Kiyevlə Bakı arasında siyasi əlaqələrin daha da gücləndirilməsi deməkdir.

Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Ukraynanın dövlət enerji şirkəti “Naftoqaz” SOCAR-ın Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının alınması barədə ilk müqaviləni imzalayıb:

“Razılaşma çərçivəsində sınaq partiyası qaz Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılıb. Azərbaycan qazının Ukraynaya nəqli Kremli narahat edib. Çünki Kreml Ukraynanı hərtərəfli məğlub etmək üçün bu ölkəni enerji resurslarına çıxışdan da məhrum etmək istəyirdi, alınmadı. Ukrayna həm Avropa ölkələri, həm də Avropa üzərindən Azərbaycan qazını əldə etmək imkanı qazanıb.

Vaxtilə Rusiya qazı üçün nəzərdə tutulan Transbalkan marşrutundan ilk dəfə Azərbaycan qazı nəql edilməyə başlanılıb. Azərbaycan qazının Ukraynaya nəqli Qərb ölkələrinin də maraqlarına cavab verir. Azərbaycan Ukraynaya qaz nəql etməklə ABŞ və Avropa ölkələrinin Ukraynanın Rusiya qarşısında məğlub olmamaq siyasətində praktik addımıyla yer almış olur. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına, eyni zamanda ABŞ və Avropada “Qarabağ ermənilərinə dəstək” adıyla ölkəmiz əleyhinə müxtəlif sənədlər qəbul etməyə çalışan siyasi dairələrin təxribatçı fəaliyyətlərinin qarşısının alınmasına xidmət etməlidir.

Prezident İlham Əliyevin ukraynalı jurnalistin (Dmitri Qordon) sualına cavab olaraq, “işğalla barışmayın” söyləməsi ABŞ və Avropa ölkələrinin nəşrlərində geniş işıqlandırıldı. Bu, Azərbaycan və ümumilikdə Cənubi Qafqazın Rusiyanın siyasətindən narazılığının təcəssümü idi. İlham Əliyevin ardınca, Mərkəzi Asiya ölkələrinin liderlərinin də Rusiya ilə münasibətlərdə ölkələrinin milli və təhlükəsizlik maraqlarını ön plana çıxaracaqları ehtimal edilir”.

Seçilən
47
teleqraf.com

1Mənbələr