AZ

Həssas qrupların rifahına yönəlmiş nümunəvi təşəbbüs

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən sosial yönümlü layihələr sırasında valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinə və emosional rifahına hədəflənmiş proqramlar xüsusi yer tutur. Belə layihələrdən biri olan "Sənət və duyğu harmoniyasının təbliği" layihəsi, hazırda uğurla yekunlaşmaq üzrədir. Layihə "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi tərəfindən həyata keçirilmişdir.
Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların psixoloji reabilitasiyasına və yaradıcılıq imkanlarının inkişafına dəstək göstərmək idi. Bu məqsədlə incəsənətin şəfalı gücündən istifadə edilərək, uşaqlarda travmatik təcrübələrin izlərinin silinməsi, emosional balansın bərpası, özünüifadə imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər aparıldı. Layihənin əsas fəlsəfəsi "Duyğulara sənətlə toxunuş" şüarında əks olunub və bu şüar təşəbbüsün humanist mahiyyətini və sosial hədəfini dəqiq şəkildə ifadə edirdi.
Layihənin əsas fəaliyyət istiqaməti kimi Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində art-terapiya yönümlü rəsm dərsləri təşkil olunmuşdur. Burada uşaqlara rəssamlıq texnikalarının öyrədilməsi ilə yanaşı, onların daxili emosional dünyasını ifadə etməyə imkan yaradılmışdır. Uşaqlar yaradıcı mühitdə sərbəst şəkildə çalışaraq öz hisslərini rənglərlə, formalarla ifadə etməyə təşviq olunmuşdular. Bu proses onların həm psixoloji sabitliyini, həm də sosial adaptasiya imkanlarını gücləndirdi.
Layihəyə rəhbərlik edən Lamiyə İsazadə, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri olaraq, uzun illərdir valideyn himayəsindən məhrum olan uşaqlara sosial dəstəyin göstərilməsi sahəsində fəaliyyət göstərir. Onun rəhbərliyi ilə həyata keçirilmiş çoxsaylı sosial layihələr yüzlərlə uşağın təhsil, psixoloji yardım və sosial adaptasiya proseslərinə töhfə vermişdir. Lamiyə İsazadənin bu istiqamətdəki fəaliyyəti dövlət və cəmiyyət arasında körpü rolunu oynayaraq, həssas qrupların dəstəklənməsinə yönəlmiş ictimai təşəbbüslərin formalaşmasında mühüm yer tutur.
Layihənin psixoloji istiqamətini "Serotonin" Neyro Psixoloji Mərkəzinin əməkdaşı, təcrübəli psixoloq Alsu Süleymanova həyata keçirirdi. O, hər bir uşağın fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq, onların çəkdiyi rəsmlər üzərində təhlillər aparır, emosional vəziyyətlərini müəyyənləşdirir və uyğun psixoloji müdaxilə üsullarını tətbiq edirdi. Psixoloqun elmi-praktiki yanaşması nəticəsində uşaqlarla işdə daha effektiv və müsbət nəticələr əldə olundu.
Layihə çərçivəsində təsviri sənət üzrə tədris işi Gəncə Dövlət Universitetinin təcrübəli müəllimi Nəzrin Ağayeva tərəfindən həyata keçirilirdi. O, dərslərdə həm texniki, həm də yaradıcı bacarıqların inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi. Onun zəngin pedaqoji təcrübəsi və incə yanaşması nəticəsində uşaqlar yalnız rəssamlıq vərdişlərinə yiyələnmədilər, eyni zamanda özlərinin daxili aləmini vizual şəkildə ifadə etmək imkanı qazandılar.
Layihə çərçivəsində təşkil olunan sonuncu, doqquzuncu dərs "Əqli inkişaf geriliyi olan uşaqların rəsmlərinin analizi" mövzusuna həsr olundu. Bu dərs zamanı həmin kateqoriyaya daxil olan uşaqlarla iş aparıldı, onların çəkdiyi rəsmlər üzərində psixoloji və pedaqoji təhlillər gerçəkləşdirildi. Əqli inkişaf geriliyinə səbəb olan amillər, ekzogen (xarici) və endogen (daxili) faktorlar nəzərə alınaraq, uşaqlara fərdi psixoloji və yaradıcı dəstək göstərildi. Bu dərs, həm də psixoloq və müəllimə uşaqların emosional və intellektual inkişaf səviyyəsini müəyyən etmək baxımından faydalı oldu. Onların cəmiyyətə daha effektiv adaptasiyası üçün atılacaq növbəti addımlar bu təhlillər əsasında planlaşdırılacaq.
İyul ayının 31-də başa çatacaq bu üç aylıq layihə çərçivəsində həyata keçirilən dərslər, təqdim edilən fərdi yanaşmalar və yaradılan şərait nəticəsində, valideyn himayəsindən məhrum olan uşaqların həm sosial, həm də psixoloji rifahında nəzərəçarpacaq müsbət dəyişikliklər müşahidə olundu.
"Sənət və duyğu harmoniyasının təbliği" layihəsi bir daha sübut etdi ki, incəsənət təkcə estetik tərbiyə vasitəsi deyil, eyni zamanda psixoloji reabilitasiya və sosial inteqrasiya alətidir. Bu layihə, dövlətin dəstəyi və vətəndaş cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilən uğurlu sosial əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər. Layihənin nəticələri onu göstərir ki, belə təşəbbüslər davamlı şəkildə dəstəklənərsə, yüzlərlə uşağın həyatında yeni üfüqlər açmaq, onları cəmiyyətin fəal üzvlərinə çevirmək mümkün olacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
2
olaylar.az

3Mənbələr