AZ

Zəngəzurdan başlayan yol Altay dağlarına, Xəzər dənizindən Adriatikə qədər uzanacaq – AÇIQLAMA

BAKI, 28 iyul. TELEQRAF

Türk dünyası bu gün tarixin ən mühüm dönüş nöqtəsindədir. Geosiyasi, mədəni və iqtisadi baxımdan böyük potensiala malik olan bu ailə artıq yalnız ortaq tarixlə deyil, ortaq gələcəklə də birləşir. Son illərdə baş verən hadisələr, regionda yaranan yeni dinamika, xüsusilə Azərbaycan və Türkiyənin ortaq strateji baxışı, bu birliyin artıq kağız üzərində deyil, reallıqda formalaşdığını göstərir.

Teleqraf xəbər verir ki, bu sözləri politoloq Ramiyə Məmmədova deyib.

Onun fikrincə, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu kimi ideya sahiblərinin səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, türk dövlətləri arasındakı əməkdaşlıq sadəcə regional deyil, qlobal əhəmiyyətə malik böyük bir vizyonun tərkib hissəsidir: "Onun dediyi kimi: "Zəngəzur dəhlizi Türk dünyasında ikinci şahlanış dövrünü başlada bilər". Bu fikri tam qəlbimlə bölüşürəm. Çünki bu dəhliz təkcə coğrafiyaları deyil, taleləri birləşdirəcək. Çünki 2020-ci ildə qazanılan Qarabağ zəfəri təkcə hərbi qələbə deyildi. Bu zəfər Türk dünyasına inanc, güvən və ortaq məqsəd bəxş etdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu prosesin lideri kimi tarixə düşdülər. Ərdoğan açıq şəkildə Türk dünyasının birliyinə dəstək verir, İlham Əliyev isə bu ideyanı praktik nəticələrlə reallaşdırır. Bu, təkcə dövlət rəhbərlərinin dostluğu deyil, xalq iradəsinin dövlət siyasətinə çevrilməsidir”.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizi strateji körpü, mədəni bağ sadəcə bir logistika layihəsi deyil: “Bu, əsrlərlə bir-birindən uzaq salınmış türk ellərinin yenidən qovuşması üçün açılan qapıdır. Çin sərhədindən yola çıxan bir yük maşını artıq Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan üzərindən Türkiyəyə və oradan Avropaya qədər gedə biləcək. Bu yol ticarət, mədəniyyət, qardaşlıq yoludur. Dəhliz reallaşdıqda, Ermənistan üzərindəki blokada siyasəti tamamilə zəifləyəcək və bölgədə dayanıqlı sülh və inkişaf üçün real əsaslar yaranacaq. Türk dövlətlərinin enerji resursları, nəqliyyat imkanları, istehsal gücü birləşdikdə isə böyük Avrasiya məkanında Türk İttifaqı yeni bir güc mərkəzi kimi çıxış edəcək”.

Ramiyə Məmmədova türk dünyasının gələcəyinin tək ürək, tək iradə əsasında birləşdiyini söyləyib: "Türkiyənin və şəxsən Prezident Ərdoğanın bu məsələyə olan qətiyyətli iradəsi, Türk Dövlətləri Təşkilatının gələcəkdə daha dərin və funksional bir platformaya çevriləcəyinə işarədir. Kürşad Zorlunun qeyd etdiyi kimi, bu təşkilat yaxın zamanda sülh və rifahın regional təminatçısına çevrilə bilər. Bu mənzərədə Azərbaycanın rolu isə xüsusidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, sadəcə öz torpaqlarını azad etmədi, həm də Türk dünyasının qapısını açdı. Bu gün Şuşada keçirilən zirvə görüşləri, Zəngilan və Laçında planlaşdırılan beynəlxalq forumlar, artıq Türk dünyasının geosiyasi oxunun dəyişdiyinin göstəricisidir. Bu mənada bir türk qadını, bir azərbaycanlı kimi inanıram ki, bu yolun sonunda parçalanmış tarix birləşəcək, sönən ocaqlar yenidən alovlanacaq, qardaş xalqların səsləri eyni mahnını oxuyacaq. Bu birlik bir gün pasport və vizalardan azad, sərhədsiz bir türk dünyası yaradacaq. Zəngəzurdan başlayan yol Altay dağlarına, Xəzər dənizindən Adriatikə qədər uzanacaq. Sözsüz ki, biz bu şahlanışı təkcə izləməyəcəyik, onun içində olacağıq, onu quracağıq".

Seçilən
41
1
teleqraf.com

2Mənbələr