Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin son müsahibəsi rəsmi Bakının həm dünyaya, həm də Ermənistana ünvanladığı vacib mesajlarla doludur. Bu açıqlamalar Azərbaycan tərəfinin sülh prosesinə yanaşmasını, Zəngəzur dəhlizinin açılması və digər kommunikasiyaların işə düşməsi ilə bağlı gözləntiləri ortaya qoyur.
Bəs, bu müsahibədən çıxan nəticələrə görə, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması və regionda nəqliyyat əlaqələrinin bərpası realdırmı?
Editor.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov Prezidentin köməkçisinin müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün şərtləri bir daha xatırlatdığını bildirib:
“Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır. Minsk qrupunun ləğv olunması ilə bağlı ATƏT-in Nazirlər Şurasına müraciət edilməlidir. Ermənistan seçkilərə qədər bu addımları atmaqdan çəkinir. Yaxın zamanlarda sülh sazişinin imzalanma ehtimalı yox dərəcəsindədir. Burada ABŞ-ın prosesə müdaxilə edib müəyyən təminatlar verməsi gözlənilir. Ermənistan Azərbaycan hakimiyyətini inandıracaq təminatlarla çıxış edə bilər. Yalnız bu halda sülh sazişinin parlament seçkilərinə qədər imzalanma ehtimalı mövcuddur. Lakin sülh sazişinin paraflanması mümkündür. Yəni sülh sazişi layihəsinə bundan sonra heç bir dəyişiklik edilə bilməz. Paraflama sülh sazişinin ilkin imzalanması deməkdir”.
Siyasi şərhçinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması istiqamətində də müəyyən işlər görülə bilər:
“Bu sahədə ciddi müqavimətin olduğu da açıq-aydındır. İran prosesə qəti şəkildə narazılıq edir. Rusiya və Çin də bu siyahıya daxildir. Bu kontekstdə Ermənistan baş nazirinin belə bir variantın mümkün olduğunu söyləməsi, Zəngəzur dəhlizinin ABŞ şirkətlərinə və ya birgə müəssisəyə icarəyə verilməsinin mümkünlüyünü bəyan etməsi müəyyən ümidlər yaradır. Nikol Paşinyan açıq şəkildə hələlik belə bir razılaşmanın olmadığını bildirdi. İrandan və Rusiyadan Ermənistanın ciddi asılılığı olduğu halda belə bəyanatın verilməsi diqqətçəkəndir. Zəngəzur dəhlizinin açılması ehtimalı böyükdür və bu, Azərbaycanı qane edən yanaşmadır. Lakin Ermənistanın qərarının arxasında sona qədər dayanıb-dayanmayacağı sual doğurur.
Zəngəzur dəhlizi açılmadan digər kommunikasiyaların işə düşmə ehtimalı çox aşağıdır. Çünki Azərbaycan ilk növbədə Naxçıvana maneəsiz gedən yolun açılmasında maraqlıdır. Burada problem olarsa, Azərbaycan digər yolların da açılmasında maraq göstərməyəcək”.
//Gülnarə Abasova, Editor.az