BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Yerli mediada iqtisadi təhlilçi Natiq Cəfərli və Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirovun debatına çoxlu şərhlər gəlib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Debatda deputatın "peşə öyrənmək lazımdır", "yaxşı təhsil alınmalıdır", "özünü yüksək səviyyəli mütəxəssis kimi yetişdirmək lazımdır" kimi fikirlərinə sosial media istifadəçilərindən biri belə şərh verib:
"Bu, nə nağıl danışır?! Bundan cərimələrin yüksək olmasını, işsizlik və iş qurmaq istəyənlərə törədilən maneələrdən sual verirlər, bu isə milləti bisavad və tənbəl çıxarır".
Başqa bir şərhi olan isə soruşur:
"A kişi, yüksək səviyyəli qaynaqçıyam. Ölkədə zavod var gedib işləyək? Mən martın 2-dən bekaram. Ölkəmizdə iş varsa, camaat niyə Avropaya, Gürcüstana qaçır?"
Sosial media istifadəçilərinin bir qismi isə sual edir ki, "Təhsili olmayanlar acından ölməlidir, Elman bəy?"
Cənab Nəsirovun "kondisioner ustası tapılmır" şərhini isə bir istifadəçi "Hamı maşın ustası, kondisioner ustası olsun?" deyə suallandırıb.
Şərhlərdə Azərbaycanda iş yerlərinin olmamasından şikayətlənənlər çoxdur.
Bir istifadəçi işsizliklə yanaşı, cərimələrin çoxluğundan gileylənir.
"Dövlət əgər vətəndaşlarına iş yeri, qazanc yeri qurub-təşkil edə bilmirsə, onda heç olmasa, özü iş qurub yaradan kasıb xalqına, belə cərimələrlə əzab-zülm etməsin. Xalqı bezdirməyin yaşamaqdan".
Natiq Cəfərlinin "dövlət imkan versin, insanlar iş qursun" fikrinə cavab olaraq bir istifadəçi yazır:
"Bu millət Rusiyada, uzaq Sibirdə iş qura bilir. Azərbaycanda isə imkan vermirlər. Mən bunu 30 il Sibirdə yaşamış biri kimi deyirəm. Rusiyadan gəlib, Azərbaycanda iş qurmuşam. İşləməyə qoymurlar".
Ölkədə işaxtaranlar iş yerlərinin olmaması bir yana, bir sıra iş yerlərində şərtlərin ağırlığından, təklif olunan maaşın qoyulan əməyi qarşılamamasından, yaşayış üçün yetərli olmamasından, üstəlik iş elanlarında vurğulanan yaş həddindən də şikayətçidirlər.
"Fakt budur ki, 45 yaşdan yuxarı kişilər iş tapmaqda çətinlik çəkir, məcbur özlərinə bir balaca iş qurur, alverlə məşğul olmağa çalışır. Amma özünü dolandırmağa imkan vermirlər, yersiz maneələr yaradırlar", – bir sosial media istifadəçisi gileylənir.
Başqa bir şəxs isə ölkə sərvətlərinin doğru paylanmasını tələb edir:
"Millət olaraq niyə işləməliyik? Qətərdə, Küveytdə necədirsə, bizdə də elə olsun. Nədir, neftimiz, qazımız və sair sərvətlərimiz yoxdur?"
Video açılmasa, Youtube kanalımızda baxın.