Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax rayon Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax rayon Məhkəməsinin inzibati binasında çay süfrəsi ətrafında, səmimi mühitdə bir qrup şəhid ailələri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yevlax rayon Məhkəməsinin sədri Ruslan Əlizadə, Məhkəmənin hakimi Aybəniz Babayeva və bir qrup şəhid ailələri iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən danışaraq bildirdi ki, Vətən müharibəsi Azərbaycan xalqının Şanlı Zəfər tarixidir. Şəhər İcra Hakimiyyətinin Başçısı həmçinin qeyd etdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Yevlax Rayon Məhkəməsinin sədri Ruslan Əlizadə, Yevlax Rayon Məhkəməsinin hakimi Aybəniz Babayeva və Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev öz çıxışlarında Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunduğunu, şəhid ailələrinin problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildiriblər.
Görüşdə iştirak edən şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.
Şəhid ailələri və müharibə iştirakçıları da onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Süleyman