AZ

Endirim adı ilə köhnə məhsul iddiası

Yazını böyüt
Yazını kiçilt

Yay mövsümündə ölkənin bir çox iri marketlərində ət məhsullarına, xüsusilə də kolbasa və sosiska kimi tez xarab olan məhsullara kütləvi endirimlər elan olunur. Rəflərdə “50 faiz endirim”, “1 alana 1 hədiyyə”, “yarı qiymət” kimi cəlbedici etiketlər göz oxşayır. Ancaq alıcılar tez-tez bu endirimlərin arxasında təhlükəli bir həqiqətin gizləndiyini iddia edirlər. Belə ki, təklif edilən məhsulların bir hissəsi təzə, digər hissəsi isə istifadə müddəti bitməkdə olan, hətta bəzən artıq xarab olmuş partiyalardan ibarət olur.

Bəs, görəsən, bu endirim aksiyasıdır, yoxsa istehlakçı aldadılmasıdır? Ümumiyyətlə, belə məhsullar alarkən istehlakçı daha çox nəyə diqqət yetirməlidir?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, kolbasa və sosiska məmulatları ilə bağlı sözügedən quruma hər gün xeyli müraciət daxil olur: “Bu məhsulların qiyməti, tərkibi, etiketi ilə bağlı çoxsaylı telefon zəngləri var. Verilən suallar arasında xaricdən gətirilən məhsullarla yerli məhsulların müqayisəsinə dair suallar da var. Xaricdən gətirilən kolbasa və sosika məmulatları ilə bağlı problemlər yaşanır. Azad İstehlakçılar Birlyinin dünyanın 123 ölkəsi ilə əlaqəsi var. O cümlədən kolbasa və sosiska məmulatlarının ixracatı ilə məşğul olan ölkələrlə də əlaqələrimiz var. Uyğun təşkilatlar həmin ölkələrdə də var. Biz daim məlumatlar alırıq. Və məlum olur ki, yüksək texnologiyalarla istehsal edilmiş və Azərbaycana gətirilmiş kolbasa məmulatlarının içərisində demək olar ki, ətdən başqa hər şey var. Bu kolbasalarda süni ət, soya unu, sümük unu, donuz və müxtəlif heyvanların dərisi, heyvanların tullantısı hesab edilən bütün elementler kolbasa və sosiskalara vurulur. Xaricdən gətirilən bu kolbasaların etiketlənməsi çox yaxşı olur, rəngi, dadı öz yerində olur. Onlara çox sayda dadlandırıcı, rəngləndirici və qoxu verən maddələr vurulur. Uzaqdan gətirildiyi üçün yolda keyfiyyətini də itirə bilir”.

E.Hüseynov bildirib ki, bəzi ölkələrədə kolbasa və sosiska məmulatları satılmır: “Məsələn Kanadada kolbasa və sosiska məmulatları Rusiya məhəlləsində fəaliyyət göstərən mağazalarda satılır. Bu məhsullar da Rusiyadan gətirilir. Kanadada kolbasa istehsalı demək olar ki, yoxdur”.

Ekspert bildirir ki, Azərbaycan əmtəə bazarında təzə ətdən kolbasa istehsal edən müəssisələr mövcuddur: “Ölkədə qiyməti 4 manata olan ət var, amma bu ətlər qocalmış heyvanların ətidir. Bu ətlər yemək üçün uyğun deyil. Qəssablar belə heyvanları alıb kəsmədiyi üçün bu heyvanlar kolbasa müəssisələrinə verilir. Bu səbəbdən də ucuz kolbasa məmulatları satılır. Azərbaycanda kolbasa və sosiska istehsal edən müəssisələr təkcə yerli qocalmış heyvan ətləri ilə deyil, eləcə də xarici ölkələrdən gətirilmiş, məsələn Hindistandan gətirilmiş ətlərlə də kolbasa istehsal edirlər”.

Ekspert vurğulayıb ki, Azərbaycanda təhlükəli, standarta uyğun olmayan kolbasa istehsalı da mövcuddur: “Bu kolbasalar gözəl qırmızı görüntüyə malik olub etiketsiz şəkildə metro çıxışlarında satılır. Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə ölkənin müxtəlif bölgələrində at, eşşək, murdar olmuş heyvan ətinin kəsildiyini ifşa edib. Bu ətlərin bir hissəsi şübəsiz ki, kolbasa sexlərinə yol tapır.

Ölkədə 20-yə yaxın standartlara uyğun olmayan kolbasa istehsalı ilə məşğul olan müəssisələr mövcuddur. Bununla yanaşı, Azərbaycanda istehsal edilən kolbasa məmulatlarının yararlılıq müddəti ilə xaricdə istehsal edilən kolbasa məhsullarının yararlılıq müddəti müqayisə edildiyi zaman məlum olur ki, ölkəmizdə istehsal edilən kolbasa məmulatlarının yararlılıq müddəti daha qısadır. Bu isə o deməkdir ki, məhsul daha az kimyalaşıb. Bəzən istehlakçılar xaricdən gətirilən kolbasaların qiyməti baha olduğu üçün onu daha keyfiyyətli hesab edir. Bu istehlakçını aldadan bir amildir. Azərbaycan marketlərində yerli ət məhsullarına 30, xarici məhsullara isə 70-80 faiz yer verilir. Bu, doğru deyil. İstehlakçılar bütün hallarda yerli məhsullara üz tutmalıdır”.

Mövzu ilə bağlı qida eksperti Asim Vəli bildirib ki, istehlakçılar məhsul alarkən bir sıra məqamalara xüsusilə diqqət etməlidir: “Bazarda uzun müddətdir fəaliyyət göstərən və keyfiyyəti ilə tanınan markaların məhsullarına üstünlük vermək daha etibarlı ola bilər. Burada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və digər nəzarət qurumlarının monitorinq nəticələri və ictimaiyyətə açıqladığı hesabatları əsas götürə bilərik. Bəzi hallarda məhsulların üzərində halal sertifikatları və ya mənşəyi haqqında əlavə məlumatlar olur. Ancaq bunun da etibarlılığını təsdiqləmək üçün sertifikatlaşdırma qurumlarının rəsmi siyahılarına baxmaq lazımdır. Bəzi vaxtlarda saxta və ya qeyri-standart məhsullar qoxusuna və teksturasına görə fərqlənə bilir. Əsas problemlərdən biri qida məhsullarının istehsal prosesində monitorinqin yetərincə güclü olmaması, keyfiyyət yoxlamalarının ardıcıl aparılmaması və istehsalçıların bəzən məsuliyyətsiz davranmasıdır. Qida məhsullarına laborator analizlərin daha az aparılması və ya seçmə üsulu ilə yoxlanılmasını, standartlara cavab verməyən məhsulların bazara çıxmasına nəzarətin zəif olmasını, istehsalçıların etik qaydalara əməl etməməsi və istehlakçıları yanıltmasını, cərimə və cəza mexanizmlərinin yetərincə sərt olmamasını çatışmazlıqlar olaraq qeyd edə bilərik’’.

Ekspert əlavə edib ki, bu kimi halların təkrarlanmaması üçün dövlət qurumları bir sıra tədbirlər görməlidir:‘’Bütün qida istehsalçıları üçün mütəmadi və daha ciddi yoxlamalar aparılmalıdır. İctimaiyyətə təhlükəli məhsullar və onların istehsalçıları barədə vaxtında məlumat verilməlidir. Qida məhsullarına verilən halal və ya keyfiyyət sertifikatlarının etibarlılığı ciddi şəkildə yoxlanılmalıdır. Saxta məhsul istehsal edən və ya istehlakçıları aldadan şirkətlərə qarşı ağır cərimələr və ya lisenziyanın ləğvi kimi cəzalar tətbiq edilməlidir”.

Seçilən
45
hafta.az

1Mənbələr