AZ

Uşaqların telefon və planşetdən asılılıq probleminə yazıçı Gülzar İbrahimovanın yanaşması

Telefon və planşetlərdən həddən artıq istifadə nəticəsində uşaqlarda asılılıq yaranması artıq müasir dövrün bəlasına çevrilib. Bu hər kəsi narahat edir. Valideynləri, müəllimləri, psixoloqarı, hətta həkimləri də... Həkimlər həyəcanla xəbərdarlıq edir.

Amma həmişə öz böyüklüyünü göstərib, övladlarını səhv yoldan düzgün yola qaytaran böyüklər indi bu bəla qarşısında aciz, köməksiz qalıblar.

Bizi narahat edən “Müasir uşaqların telefon və planşetlərdən həddən artıq istifadəsi nəticəsində onlarda asılılıq yaranması” mövzusu haqda dəfələrlə psixoloqlarla, müəllimlərlə müzakirə aparmışıq. İndi isə bu problemi uşaqların aləminə daha yaxın olan, onların dilini yaxşı bilən, uşaq yazıçısı Gülzar İbrahiimova ilə müzakirə etmək qərarına gəldik.

Gülzar İbrahimova 30 ildən çoxdur ki uşaqlar üçün yazır. İşini sevir, uşaqlar üçün yazmaqdan yorulmur. Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi mükafatçısıdır. Ən əsası odur ki, uşaqlar Gülzar İbrahimovanın yazdıqlarını sevə-sevə oxuyurlar. 100-dən çox kitabı və 100 min abunəçisi olan  “Sehrli Dünya” kanalı var.

Belə bir tanınmış və sevilən yazıçı ilə problemli mövzu haqda müzakirə aparmaq və müdrik insandan məsləhət almaq yaxşı olardı.

Bizə məlum oldu ki, Gülzar xanım özü də mütəxəssizlərlə bu haqda araşdırmalar aparıb, müəyyən məlumatlar öyrənib. O, uşaqların planşetlərdən, telefonlardan asılılığının qarşısını almağın yolları haqda fikrini belə bildirdi:

“Müasir uşaqların telefon və planşetlərdən həddindən artıq istifadəsi nəticəsində asılılıq yaratması çox ağrılı və aktual mövzudur. Ən əsas da onun böyüməkdə, formalaşmaqda olan uşaqlara mənfi təsiri çox böyükdür.

Razıyam ki, internet bu gün yaşayışımıza, işimizə, inkişafımıza çox vacibdir. Amma qaydasında istifadə etsək. Baxaq-görək biz bu qaydaya əməl edirikmi? İnsan yaşayarkən həmişə - hər yerdə həddini bilməlidir. Biz bu yerdə həddimizi bilirikmi? Dahi N.Gəncəvinin bir kəlamı tez-tez yada düşür: “Artıq içiləndə dad verir su da”. Adi həyati misallar gətirək. Həddindən çox yatsaq nə olar? Həddindən az yatsaq nə olar? Həddindən çox yesək nə olar? Həddindən az yesək nə baş verər? Həddindən artıq danışsaq... Və sairə...

Biz hər yerdə həddimizi gözləməliyik. Elə uşaqlarımızın da həddindən artıq telefon və planşetlərdən istifadəsi, onların sağlamlığında çox pis izlər qoyur. Bu uşaq sağlamlığına ziyan gətirən bir problemdir və bunu əsrin bəlası hesab edirəm.

Hələ ki bir çox valideyn uşaqların sağlamlığına dəyən ziyanı dərk etmir, bunun qarşısını almaq haqda düşünmürlər. Bəziləri isə artıq uşaqda baş verən dəyişikliyin şahidi olsalar da, uşaqlarını planşetlərdən, telefonlardan uzaqlaşdıra bilmir, buna iradələri və gücləri çatmır. O baxımdan ki, valideyn görür uşaq artıq əsəbi olub, onda telefona asılılıq yaranıb. Əsəbi uşaqla da normal davranmaq olmur, onu fikrindən döndərmək  də elə asan deyil.

Uşaqlar da təbii ki, onlara dəyən ziyanı dərk edə bilmir, ona görə də vaxt, fürsət tapan kimi vayfay dünyasının dərinlikliklərinə baş vurur, gerçək həyatda axtardıqlarını, görmək istədikləri virtual internet dünyasında tapır, özlərini qəhrəman obrazında görə bilirlər.

Uşaqlar təbii ki, oyunlardan asılılığın nəticəsini dərk etmirlər. Uşaq beyni o qədər saf, o qədər təmizdir ki, onlar dünyanın qara tərəfini görə bilmir və görə bilməzlər də...

Hamımıza məlumdur ki, yaranmış canlıların ən acgözü insandır. Bütün canlılar doyandan sonra dayanmağı, durmağı bacarır. İnsan isə pulu, varı-dövləti çoxaldıqca, onu artırmağa çalışır. (Əlbəttə ki, bu ən çox pulgir və acgözlərə aiddir). Müasir zamanda əsasən kompyuter oyunları biznesi ilə məşğul olan şirkətlər dayanmadan kompyuter oyunlarını yeniləyir, bu sahədə yeniliklər edir, biznesi artırmağa, böyütməyə, daha çox qazanc əldə etməyə çalışırlar. Hazırda ən çox, ən sürətlə inkişaf edən sahə də elə Kompyuter oyunları sahəsidir.

Professional oyun proqramçıları şox vaxt kompyuter oyunlarını elə məharətlə, ustalıqla qurur ki, uşaq oyunu oynadıqca, onda maraq getdikcə artır, oyundan ayrılmaq çətinləşir. Uşaqlar saatlarla, yorulmadan kompyuter oyunu oynaya bilir. Bu da uşaqların hesabına qazanc əldə etmək istəyənlərə çox sərfəlidir. Onlar oyunların hazırlanmasına yaxşı sərmayə qoyur. Bu işə elə hiylə və həssaslıqla yanaşırlar ki, uşaqlar bu oyunlara aludə olsun, çox oynasın. O qədər oynasın ki, bu oyunlarla biznes quranların hesabına dayanmadan pul, qazanc gəlsin.

Uşaqlar bilmir ki, onların hesabına milyonlar qazananlar var ki, getdikcə onların gözü milyonlardan doymaq əvəzinə, əksinə daha da acgözləşir, tamahgirləşir, daha da çox pul qazanmaq hərisliyi artdıqca artır.

Belə vaxt tamahkar kapitalist öz qazancını artırmaq üçün ən murdar vasitələrə əl atmağa çalışır. Onlar bahalı oyunlar icad etməklə uşaqlara tələ qurur və həmin oyuna başlayan uşaq və ya yeniyetmə nəticədə daima oyunun oyunçusuna çevrilir, hər dəfə yeni mərhələyə keçid etmək üçün hesaba pul ödəməli olur.

Əlbəttə, elə oyunlar da var, pulsuzdur, amma pulsuz olsa belə, vayfaydan istifadə edən internet ödəyicisi də dolayı yolla bu pulu ödəyir. Nəticədə belə alınır ki, biz zəhmət çəkib qazandığımız pulla uşaqlarımızın sağlamlığına ziyan vururuq.                                         

Gənc valideynlərin bir çoxu vəziyyətin necə ciddi olduğunu hələ də dərk etmək istəmir. Başıaşağı saatlarla telefonda oturan uşağın, yeniyetmənin ilk növbədə onurğası əyilməyə başlayır. Onurğa sütununun düzgün inkişaf etməməsi isə, orqanizmdə problemlərin başlanğıcı deməkdir. Onurğa əyilməsi sağlamlıq və görkəmin dayaq nöqtəsidir. Çox az, hətta cüzii əyimiş onurğa ilə heç vaxt – bu həkim fikridir, - heç vaxt sağlam və gözəl qalmaq mümkün deyil.

Bəzən həddindən çox telefon və planşetlə olan uşaqlarda sinir və əsəb pozğunluğu yaranır ki, onun da fərqli fəsadları olur.

Planşet bəlası, telefon aludəçiliyi körpə yaşlardan başlayır. Bu ilk növbədə gənc valideynin səhvi ucabatından baş verir. Uşaq ağlamasın deyə, ilk dəfə onun əlinə bircə dəfə planşet verən ana, sonralar gec olsa belə, bu səhvini düzəldə bilmir. Uşağın bütün fikri həmin telefonda, planşetdə qalır.

Psixoloqlar həyəcan bildirir ki, planşetlə, telefon, hətta televizorla çox vaxt keçirən 2-4 yaşlı uşaqların sağlamlığında mütləq ciddi problemlər başlayır. Problemlərin ən pisi odur ki, uşağın psixikasında dəyişikliklər baş verir. Bu təsir gücü hamıda eyni olmur. Kimdəsə dil qüsuru özünü göstərir. Başqa birisində iştah pozğunluğu ola bilər. Bəzən iştah olur, amma beyinin müəyyən hissəsində siqnallar zədələndiyindən uşaq hətta 5 yaşında belə, qaşığı əlinə alıb yemək yemək istəmir. Kim isə onu yedirtməlidir, o isə planşetə baxmalıdır. Çünki körpə yaşdan buna vərdiş edib.

Körpə yaşdan telefona, planşetə, fərqi yoxdur, hətta televizora həddindən artıq baxan körpələrdə çox vaxt dil qüsuru aşkar olunur. Bu belə müşahidə olunur. 1-2 yaşında bir neçə söz deyən uşaq birdən susur, danışmır. Ünsiyyətdən qaçır. Belə uşaqlar hətta bağçaya getsələr belə, tək olmaq istəyirlər. Onlar uşaqlara qaynayıb qarışmır, tək oynayırlar.

Ən pisi də odur ki, susmağa başlayır, danışmaqdan imtina edirlər. Hətta sözü də təkrar edə bilmirlər. Çox psixoloq bunu autizm əlaməti hesab edir. Onların dediyinə görə bu, autizmin yüngül, keçici forması olsa da, uşağın gələcək formalaşmasına mənfi təsiri ola bilər. Belə əlamətlər yalnız saatlarla cizgi filminə baxan uşaqlarda ola bilir. Beynin işlək yarımkürəsi çox vaxt fəaliyyətsiz qaldığından passivləşir, fəaliyyəti azalır. Yaxşısı budur, valideyn əvvəldən, risk etməsin, körpə yaşdan uşağını qorusun. Həddindən artıq televiziyadan, telefon və planşetdən istifadə etməkdən qorusun.

Bəzən valideyn belə fikir bildirir: “Nə olsun, filankəsin uşağına bax, bütün günü televizorun qabağındadı, planşet əlindən düşmür, amma sağlamdı”. Belə deyən valideyn bilməlidir ki, problemlər uşaqlara eyni təsir göstərmir. Birində əsəbilik yaradırsa, o birində əksinə, özünə qapanma yarada bilir. Birində susmaq, danışmamaq müşahidə olunursa, o birində həddindən artıq çox danışma ola bilər. Orqanizmlər müxtəlif olduğu üçün mənfi təsirlər də fərqli ola bilir. Amma həddindən artıq nəyi isə seyr etmək uşaq beyninə mütləq öz pis təsirini göstərə bilir.

35 ildən çox uşaqlarla işləyən, onları sevən, hər sözlərinə diqqətlə qulaq asan, hərəkətlərinə göz qoyan bir yazıçı kimi mənim bu sosial bəlaya öz yanaşmam, fikirlərim var.

Bütün oyunların həyəcanı var, udub-uduzmaq stresi var ki, bu uşaq beynini qıcıqlandırır, ona stres yaşadır. Streslər o qədər artır, nəticədə uşağa əsəbilik verir. Əlindən telefon, planşet düşməyən uşaq əsəbləri sakit, sağlam qala bilmir.

Bir fikir verin, oyundan ayrılan uşaq mütləq kiminləsə dalaşmağa can atır. Evdə ondan kiçik və ya böyük bacı-qardaşı varsa, onunla. Çünki, o heç vaxt könüllü olaraq telefondan ayrılmır. Böyüklər onu zorla telefondan ayıranda o daha da əsəbiləşir, hirsini-hikkəsini kiminləsə “bölüşmək” istəyir. Yəni, “dava” axtarır.

“Planşet” uşaqlarının sağlam qalması məndə ona görə şübhə doğurur ki, onların kompyuter oyunlarında və ya baxdıqları hiperaktivlik yaradan cizgi filmlərində həddindən çox stres var. Onlar istəməsə də, bu həyəcanın içərisində böyüyür. Belə bir qarışıqlıq içərisində böyüyən yeniyetmələrlə gələcəkdə sağlam ailə, sağlam cəmiyyət qurmaq mümkün olacaqmı?

Biz indi boşanmaların daima artdığı bir dövrdəyik. İndidən stres içərisində böyüyən gənclərdən gələcəyin möhkəm əqidəli, ailəsini qorumağı bacaran ailə başçısı ola biləcəkmi?

Onlar qayğısız uşaqlıq illərində belə əsəbidirlərsə, gələcəkdə şəxsi ailə problemlərini necə həll edə biləcəklər? Çətin olacaq, çünki, səbrsizdirlər. Onları bu yaşdan müşahidə etsək görərik ki, bir dəqiqə oturub sənin gözlərinə baxıb, səninlə ünsiyyət qura bilmirlər. Baxışlarını qaçırmaq, yayındırmaq, başqa bir şeyə foks olmağa çalışırlar. Bu isə artıq psixoloqların gücü çatacaq bir problem deyil. Belə vaxtda kabineti dəyişib, problemimizi nevroloqla bölüşməliyik. Nevroloji xəstəliyin də ilkin əlaməti səninlə danışan adamın sənin gözlərinin içərisinə baxa bilməməsidir. (Mən uşaq yazıçısıyam. Nə psixoloqam nə həkim. Sadəcə, yazdıqlarımı həkimlərlə məsləhətləşmişəm). Baş verənlər məni çox narahat edir, bunu bu gün mütləq deməliyəm, yazmalıyam. Bilməyənlər bilsin.

Əgər bu gün bir yeniyetmə sevdiyi adamın (bu ana, ata, nənə, baba, müəllim – hər kəs ola bilər) gözlərinin içinə baxa bilmirsə, gələcəkdə sevdiyinin əlindən tutub, gözlərinə məhəbbətlə baxa biləcəkmi. Buna səbri çatacaqmı? Düşünürəm, yox. Telefon,  planşetlərdə sürətlə dəyişən kadrlar onları dəyişdirir, səbrsiz edir. Onların yaxın dostu planşetdir.

Telefon və ya planşetə aludə olanlar təkliyə daha çox üstünlük verir. Onlar dostluğa can atmaz, dost ilə dialoqları qısa olar, dost onları tez yorar. Dostluqları tez başa çatar.

“Planşet uşaqları” çox vaxt elə oyunlar oynayırlar ki, onların içərisində dəhşət, amansızlıq var. Oyunda “düşmən”ini məhv etməyə çalışan uşaq ona silah qaldrır, vurur, öldürür. Bəzən xəncərlə dalaşır. Hər zərbədən sonra yerə qan tökülür. Nəticədə hər yan qan olur. Amma “Planşet uşağı” buna acımır, ürəyi narahat olmur. Hətta hər dəfə yerə düşməninin qanı töküləndə sevinir. Yerdə çoxlu qan olması onu heç narahat etmir, əksinə, o özünü qalib, güclü, məğlubedilməz sayır.

“Planşet aludəçisi” üçün real həyat elə də maraqlı deyil. O, istədiyini bu həyatda görə bilmir. Hamını, hər yanı bir anda yandırıb külə döndərən möhtəşəm robotlar, dünyada hamıdan güclü qəhrəmanlar – uşaq fantaziyasında nə qəhrəman olursa, onlar virtual dünyada var. Oyunlar da uşaqları elə həvəsləndirir ki, onlar bu monstrları məhv edərək özlərini dünyanın ən güclüsü saya bilirlər. Belə bir aləmdən uşağı ayırmaq doğrudan da çox çətinləşir.

Valideynlər – həm atalar, həm analar çox diqqətli olmalı, belə uşaqları bir an da nəzarətsiz buraxmamalıdırlar. Yaxşı olar ki, onları birdən yox, yavaş-yavaş planşet və telefon dünyasından ayırıb, real həyata qaytarsınlar.

Bunun üçün müxtəlif vasitələrdən istifadə etmək lazımdır. Əvvəla uşaqla çox zaman keçirmək lazımdır. Onunla tez-tez çoxlu maarifləndirici söhbətlər etmək vacibdir. Birlikdə, təbiətin qoynunda gəzintilər təşkil edilərsə, bu effektli olar. Uşağa maraqlı olan kurslara cəlb etmək, rəsmə, musiqiyə, rəqsə, xora yönəltmək, hər hansı idman növünə yazdırmaq   - bunlar hamısı uşağı telefon, və ya planşetdən uzaqlaşdırmağa kömək edər.   

Gələcəkdə uşağı telefon aludəçisi olmasın deyə, körpə böyüdən valideyn, nə etməlidir? Ən əsası odur ki, valideyn körpə yaşından uşağa telefon verməməlidir. Hər hansı cizgi filmini televizorla seyr etmək daha məsləhətdir. Bu da gün ərzində 3-4 dəfə, fasilələrlə, hər dəfə 15-20 dəqiqədən çox olmamalıdır.

Çalışmaq lazımdır ki, uşağın yanında telefondan çox istifadə etməyək. Bu da uşaqda telefona məhəbbət yaradır. Unutmayaq ki, uşaqlar hər işdə böyüklər kimi olmaq istəyir.

Telefon, planşet aludəçisi olan uşaqlardan da uşağımızı uzaq saxlamalıyıq. Belə ki, uşaqlar çox şeyi biri-birindən öyrənir. Onlar özlərindən böyük uşaqlar kimi olmaq istəyir, onlar etdiklərini təkrarlamağa çalışırlar.

Uşağı körpə olan gənc valideyn bəzən düşünür ki, onun həyatının ən maraqlı anlarıdır, gəzmək, əylənmək vaxtında o bu vaxtı uşağın, “nazı ilə oynamağa” sərf edir. Onu da unutmaq lazım deyil ki, əgər biz övladımıza qarşı nəyi isə səhv etmiş olsaq, ömrümüzün axırına qədər etdiyimiz səhvin cəzasısını çəkməli olacağıq. Amma övladımızı 4 yaşa qədər düzgün, sağlam  böyütsək, sağlam qidalandırsaq, ondan sonrakı həyatımız problemsiz olacaq”.

Gözəl tövsiyələrinə görə, uşaqlarımızın sevimli yazıçısı Gülzar İbrahimovaya minnətdarlıq bildirdik, ona da balalrımıza da gözəl və sağlam həyat arzuladıq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi tərəfindən icra olunan “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsi çərçivəsində hazırlanmışdır.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Seçilən
12
1
sabahinfo.az

2Mənbələr