AZ

Müstəqillik dövründə İLK – Azərbaycan neft sənayesində TARİXİ YENİLİK

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Həftə sonu Azərbaycanın bir sıra rayonları yağmurlu hava ilə yadda qaldı, ölkənin paytaxtında isə yağışdan əlavə göy gurultusu da eşidildi. Amma bu dəfəki belə ab-hava insanlara sərinlik bəxş etdiyindən təbiətin bizim bölgə bu cür dəyişməsi daha çox pozitiv anlarla yaddaşda qaldı.

Enerji aləmindəki əhval-ruhiyyəmizi artıran amil isə təkcə klimatik faktorlara detyil həmçinin ölkəmizin 1 N-li vergi ödəyicisi olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə də bağlı oldu.     
 

MÖVZU İLƏ BAĞLI:

Ölkəmizdə neft hasilatı ARTACAQ?


Xəzəri adlayan SOCAR

Bu həftə Azərbaycan Dövlət Neft Şirkətinin həyatında əlamətdar bir hadisə baş verib. Belə ki, SOCAR yarandığı 1992-ci ildən sonra ilk dəfə Azərbaycan sərhədlərini aşaraq başqa bir ölkədə kəşfiyyat layihəsinə imza atıb.

Bununla bağlı SOCAR-ın yaydığı məlumata görə, iyulun 24-də Daşkənddə SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov arasında görüş keçirilib. Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişlənməsi ifadə edilib. Bu xüsusda, “Üstyurt” investisiya bloku üzrə şirkətlər arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Özbəkistanın energetika nazirinin sözlərinə görə, “Ustyurt” geoloji regionu yüksək potensiala malikdir və HPBS-nin imzalanması onun səmərəli inkişafı üçün yeni üfüqlər açır. Nazir əmin olduğunu bildirib ki, bu layihə ölkədə texnoloji tərəqqinin və iqtisadi artımın mühüm sürücüsünə çevriləcək.
 

Daha sonra SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya blokunun  kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb. SOCAR ümidvar olduğunu bildirir ki, sazişin imzalanması enerji sahəsində strateji əməkdaşlıq üçün yeni imkanlar açır və hər iki tərəf üçün fayda gətirəcək.


Bəs ilk dəfə Azərbaycandan kənarda Hasilatın Pay Bölgüsü Sazişinə imza atan SOCAR-ın bu layihə çərçivəsində öhdəlikləri nədir?

Əvvəla ondan başlayaq ki, “Üstyurt” investisiya bloku nədir? Əvvəla onu qeyd edim ki, bu blok Özbəkistanın şimal-qərbində eyniadlı neft-qaz rayonunda yerləşir. Geoloji baxımdan “Aral” gölü hövzəsində yerləşir, həmçinin Qazaxıstan və Türkmənistanın ərazilərinə qədər uzanır. 

1964-cü ildə geoloji kəşfiyyat sayəsində aşkar edilmiş Ustyurt Özbəkistanın ən böyük neft-qaz rayonlarından biri hesab edilir. İndiyə qədər burada 10-dan çox neft-qaz yatağı aşkar edilib və karbohidrogenlərin əmələ gəlməsinin 21-23 milyon il yaşı olduğu təxmin edilir. Bundan başqa Özbəkistandan Buxara-Xivə, Hisar, Surxandərya və Fərqanə kimi də neft-qaz rayonları var.

Bəs SOCAR-ın qoşulduğu “Üstyurt” investisiya bloku nəyi ifadə edir?

Bu bloka “Boyterak”, “Terenqquduq”, “Birqori”, “Xaroy”, “Qoraqalpoq” və “Qulboy” kimi strukturlar daxildir. Yəni onlar əvvəllər aparılmış ilkin geoloji işlər nəticəsində müəyyən edilib. SOCAR-ın qarşısında duran vəzifə kəşfiyyat quyusu qazmaqla burada kommersiya baxımından əhəmiyyət kəsb edə biləcək məhsuldar karbohidrogen laylarının olub-olmamasını aşkarlamaqdır.

Amma kəşfiyyat quyusu qazmaqdan öncə görüləsi bir xeyli işlər həyata keçirilməlidir. Belə ki, HPBS çərçivəsində ən azı 1000 kv.km sahədə müasir metodlarla 3D seysmik kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Həmin məlumatların təhlili nəticəsində müqavilə sahəsində qazılması planlaşdırılan kəşfiyyat quyusunun yeri müəyyənləşdirilməli və qazma işləri həyata keçirilməlidir. Qazmanın nəticəsi olaraq kommersiya baxımından əhəmiyyət kəsb edəcək ehtiyatlar aşkarlandığı təqdirdə tərəflər yatağın işlənməsi və hasilatına keçəcəklər.

Sazişə görə, müqavilə sahəsində kəşfiyyat dövrü 5 il müəyyənləşdirilib və bu dövrdə SOCAR layihənin operatoru qismində işlərə rəhbərlik edəcək.

Bir məsələni də vurğulamaq istərdim ki, SOCAR-ın Özbəkistanın neft-qaz sektoruna daxil olması heç də asan olmayıb və uzun müddət aparılan danışıqların yekunu olaraq baş verib. Bununla bağlı ilk memorandum hələ 2018-ci ilin mayında imzalanmışdı. O zaman SOCAR və “Özbəknefteqaz”dan əlavə sənədi BP şirkəti də imzalamışdı. Lakin 2021-ci ildə Böyük Britaniya şirkəti layihədən çıxdığını elan etdi və bu da şirkətin yeni strategiyası – “yaşıl gündəliyi”ndən doğan bir qərar idi.

SOCAR büdcəsini dürüstləşdirib
 

Bu həftə sonu SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda şirkətin 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib, əvvəlki iclasda baxılan məsələlərlə bağlı məlumat təqdim olunub.


SOCAR-ın ictimailəşdirdiyi məlumata görə, toplantıda şirkətin 2025-ci il üçün tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi təsdiqlənib, ilin ilk 6 ayı üzrə fəaliyyət nəticələri və icrası planlaşdırılan layihələr barədə məlumat verilib.

Bir məsələni qeyd edim ki, SOCAR cari il üçün büdcəsinin nə qədər olacağı ilə bağlı məsələni açıb-ağartmayıb. Amma ötən ilin sonu təsdiq edilmiş büdcəsinin artıq iyul ayında dürüstləşdirilməsi ondan xəbər verir ki, gəlir-xərclərində düzəlişlər edilib. Bu da dünya bazarında neft qiymətlərinin proqnoz göstəricilərindən daha az olmasından, neft-qaz hasilatının azalma istiqamətində davam etməsindən və nəhayət, neft məhsulları istehsalının ötən illə müqayisədə daha çox azalmasından irəli gələ bilər.  

Xatırladım ki, 2024-cü ildə SOCAR-ın konsolidə edilmiş gəliri 49 milyard 817 milyon dollar olub. 2023-cü illə müqayisədə ümumi gəliri 301,2 milyon dollar azalıb. Amma SOCAR-ın ötən il xalis mənfəəti 1 milyard 721,8 milyon dollar (2023-cü illə müqayisədə 502,3 milyon dollar artım) təşkil edib.

BTC ilə daşınan həcmlər

Bu ilin yanvar-iyun ayında Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 105,8 milyon barel neft nəql edilib. Bu barədə Türkiyənin BOTAŞ şirkəti bildirib.

Məlumata görə, bu, 2024-cü ilin ilk yarım ili ilə müqayisədə 4,34 milyon barel və ya 3,9% azdır.
 

Təkcə bu ilin iyun ayında BTC kəməri vasitəsilə 17,3 milyon barel neft nəql edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,62 milyon barel və ya 8,6% azdır.


Xatırladaq ki, 2024-cü ildə BTC kəməri vasitəsilə 224,1 milyon barel neft nəql edilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Bizim.Media

Seçilən
31
bizim.media

1Mənbələr