Rusiya Krımda, xüsusilə yarımadanın Sudak bölgəsin Açıqlar mhəlləsində tatarların yığcam yaşadığı küçələrin adlarını dəyişməyə başlayıb.
Hafta.az-ın yazdığına görə, “Krım.Realii”yə danışan adının çəkilməsindən qorxan tarixçi, “Buralar Krım tatarlarının toplu şəkildə yaşadığı ərazilərdir, ona görə də küçələrinə çoxdan Krım Tatar adları veriblər” deyib.
Onun sözlərinə görə, Açıqlar 1990-cı illərdə sovet sürgünündən qayıdan Krım tatarlarının evlərini tikib birlikdə yaşadıqları məhəllə kimi tanınır. 2014-cü ilin işğalından sonra Krım tatarları Rusiya qanunlarına əsasən torpaqlarını yenidən qeydiyyata almaqdan imtina ediblər. Nəticədə küçələr rəsmi sənədlərdə qeydiyyatdan keçməyib. Kremlin nəzarəti altında olan qondarma Sudak Bələdiyyəsi 2020-ci ildə bu ərazidəki küçələrin adının rus adları ilə dəyişdirilməsinə qərar verib. Beş ildən sonra işğalçı hakimiyyət Krım tatarlarının küçə adlarının “rəsmi statusu olmadığını” iddia edərək lövhələri yığışdırmağa başlayıb.
Tarixçinin fikrincə, bu addım təkcə şəhərdə etnik sülhə deyil, həm də Açıqların mədəni kimliyinə və turist cəlbediciliyinə xələl gətirir. Tarixçi yerli sakinlərin narazı olduğunu qeyd edərək, “ekstremist” damğası almaq riski səbəbindən açıq etirazların mümkünsüz olduğunu qeyd edib. O, əlavə edib: "Hətta uzun illərdir hər yay bu ərazidə qalan bir çox rus turist də küçə lövhələrindən köhnə adların götürülməsinə təəssüfləndiyini bildirib. Bu, Açıqların özünəməxsus xüsusiyyəti idi".