Serbiya və Azərbaycan enerji tərəfdaşlığını fəal şəkildə genişləndirir, xüsusən də qaz təchizatı və birgə infrastruktur layihələrinin reallaşdırılması sahəsində əməkdaşlığı gücləndirir. Enerji idxalının şaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması istiqamətində atılan addımlar çərçivəsində Belqrad, Bakını təbii qazın etibarlı tədarükçüsü və enerji sektorunun dayanıqlı inkişafında mühüm strateji tərəfdaş kimi qiymətləndirir.
Kalotina bölgəsində qaz interkonnektorunun işə salınması Serbiyaya qaz idxalı üçün əlavə imkanlar yaradıb. İdxal marşrutları sırasında Serbiya üçün strateji və uzunmüddətli əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi xüsusi yer tutur.
Ölkələr ənənəvi enerji resursları ilə yanaşı, “yaşıl enerji” sahəsində də əməkdaşlıq qururlar. İmzalanmış Anlaşma Memorandumu bərpa olunan enerji sahəsində birgə təşəbbüslərin əsasını qoyub və bu istiqamətdə gələcək layihələr üçün zəmin yaradıb.
Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç-Xandanoviç “Report”a müsahibəsində Serbiya və Azərbaycan arasında enerji əməkdaşlığının dərinləşdirilməsi perspektivləri, yeni imkanlar və cari layihələr barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Son illərdə Serbiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə aktivləşib. İkitərəfli qarşılıqlı fəaliyyətin cari vəziyyətini necə xarakterizə edərdiniz? Ortamüddətli perspektivdə hansı istiqamətlər prioritetdir?
- Azərbaycan Serbiyanın ikitərəfli münasibətlərin gücləndirilməsində mühüm irəliləyişə nail olduğu dövlətdir və bu inkişaf özünü təkcə siyasi müstəvidə göstərmir. Biz suverenlik və ərazi bütövlüyü məsələlərində Bakının dəstəyini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndiririk. Lakin enerji sahəsində əlaqələr xüsusilə fəal şəkildə inkişaf edir.
Ölkələrimizin prezidentləri Aleksandr Vuçiç və İlham Əliyev ikitərəfli əməkdaşlığımızın səviyyəsinin yüksəldilməsinə və strateji tərəfdaşlığın gücləndirilməsinə güclü təkan verib. Onların siyasi iradəsi müvafiq nazirliklərin konkret layihələr üzərində işləməsinə yol açıb.
Enerji sahəsində əməkdaşlığın həm vətəndaşlar, həm də iqtisadiyyat üçün nəticələri nəzərəçarpan olub. Bu, təbii qaz təchizatının şaxələndirilməsinə və Azərbaycan qazının idxalına dair uzunmüddətli müqavilələrin bağlanmasına aiddir.
Biz Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi də daxil olmaqla, yeni layihələr hesabına qarşılıqlı fəaliyyəti genişləndirməyi planlaşdırırıq. Bu yaxınlarda Azərbaycan tərəfi ilə müvafiq memorandumun imzalanması gözlənilir. Bu elektrik stansiyasının tikintisi Serbiyanın yeni Enerji Strategiyası və İnteqrasiya olunmuş Milli Enerji və İqlim Planında prioritet layihədir. O, baza gücünü təmin etməyə və enerji təchizatının etibarlılığını artırmağa imkan verəcək.
Mövcud sazişləri, Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu və yeni birgə layihələrə başlamağa hazır olmasını nəzərə alaraq, əminik ki, Azərbaycan qazı yaxın illərdə Serbiya bazarında getdikcə daha əhəmiyyətli rol oynayacaq.
- Əvvəllər bildirilib ki, Serbiya Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Niş şəhəri yaxınlığında qazla işləyən elektrik stansiyasının tikintisi üzrə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması barədə razılığa gəlib. Hazırda bu təşəbbüsün həyata keçirilməsi hansı mərhələdədir? Saziş hələ də qüvvədədirmi və SOCAR layihədə hansı formatda iştirak edəcək? Tikinti işlərinin başlama tarixi və investisiya həcmləri ilə bağlı müzakirələr aparılıbmı?
– Serbiya və Azərbaycanın enerji şirkətləri - EPS, “Srbijagas” və SOCAR Serbiyanın Mədən və Energetika Nazirliyi və Azərbaycanın Energetika Nazirliyi ilə birlikdə artıq layihənin maliyyə təhlilini hazırlayıb və bu ilin iyun ayında Bakıda keçirilən iclasda təqdim edilib. Hazırda maraqlı tərəflərin iştirakı ilə danışıqlar mərhələsindədir.
Maliyyə və iqtisadi parametrlər razılaşdırıldıqdan və saziş imzalandıqdan sonra layihənin icrasına keçid etmək və tikinti işlərinin başlanmasının dəqiq tarixini müəyyən etmək mümkün olacaq. Bu, enerji sabitliyinin təmin edilməsində mühüm element hesab edilən prioritet layihədir.
- Ötən istilik mövsümündə Azərbaycan Serbiyaya gündəlik 1-1,7 milyon kubmetr təbii qaz tədarük edib. Mövcud razılaşmalar çərçivəsində hansı həcmdə tədarük nəzərdə tutulub? 2025-2026-cı illərin qış mövsümü ərəfəsində Azərbaycan qazının idxalının artırılması planlaşdırılırmı?
- Qarşıdan gələn istilik mövsümü üçün ötən il olduğu kimi eyni həcmlər planlaşdırılıb: sabit tariflə gündə 100 min kubmetr, çevik tariflə 1 milyon kubmetrə qədər. 2025-2026-cı illərin qış mövsümündə tədarük həcmlərinin gündəlik 2 milyon kubmetrə qədər artırılması planlaşdırılır.
Müvafiq müqavilələrin bağlanması prosesinin yaxın həftələrdə başa çatacağını gözləyirik.
- Kalotina bölgəsində qaz interkonnektorunun tikintisinin hazırkı vəziyyəti necədir və onun nə zaman tam istismara veriləcəyi gözlənilir? Bu interkonnektor Azərbaycan qazının Serbiyaya tədarükündə hansı rolu oynayacaq və ölkənin nəzərdə tutduğu illik tədarük həcmi nə qədərdir?
- Kalotina bölgəsində qaz kəmərinin tikintisi artıq başa çatıb və 2025-ci il yanvarın 14-də onun istismarına icazə alınıb. Hazırda bu, Azərbaycan qazının ölkəyə daxil olduğu yeganə marşrutdur.
Tədarük mənbələrinin və istiqamətlərinin şaxələndirilməsi məqsədilə Serbiya Şimali Makedoniyanın qaz nəqli sistemi ilə birləşmənin tikintisini planlaşdırır. Bu, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri də daxil olmaqla, bütün Cənub Qaz Dəhlizi sistemi vasitəsilə qaz almağa imkan verəcək. Bu baxımdan biz Azərbaycan qazının davamlı, etibarlı və arta bilən idxalı üçün möhkəm təməl yaradırıq.
- Bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz? Günəş, külək və ya hidrogen texnologiyaları da daxil olmaqla, "yaşıl enerji" sahəsində birgə layihələrin həyata keçirilməsinə dair konkret təkliflər və ya planlar varmı?
- Serbiyada bərpa olunan enerji sahəsində özəl sektor mühüm rol oynayır. Bu sahəyə investisiyaları fəal şəkildə təşviq edirik və mənşə ölkəsindən asılı olmayaraq bütün investorlar üçün bərabər şərait təmin edirik.
Bu gün Azərbaycan şirkətləri Serbiya bazarının bu seqmentində təmsil olunmur, lakin biz əməkdaşlığa açığıq və istənilən konkret təklifləri nəzərdən keçirməyə hazırıqı. Serbiyanın "Elektroprivreda Srbije" dövlət enerji şirkəti növbəti 3-4 il ərzində bərpa olunan enerji mənbələri üzrə 1 200 MVt-dan çox gücün istifadəyə verilməsi üzrə layihələr həyata keçirməyi planlaşdırır. Biz bu təşəbbüslərdə Azərbaycandan olan tərəfdaşların potensial iştirakını alqışlayırıq.
- Qara dənizin dibi ilə keçərək Cənubi Qafqaz regionunu Rumıniya və daha sonra Avropa ilə birləşdirən sualtı kabel layihəsi Avropa Komissiyasının dəstəyini alıb. Serbiya təchizatın şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün bu layihədə iştirak etməyi və ya onun infrastrukturuna qoşulmağı nəzərdən keçirirmi?
- Bu layihə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Serbiyaya səfəri zamanı müzakirə olunub. Əsas mövzulardan biri Xəzər regionunu Cənub-Şərqi Avropa ilə birləşdirməli olan "yaşıl enerji dəhlizi"ndə Serbiyanın mümkün rolu olub.
Coğrafi mövqeyi və layihədə iştirak edən bir sıra ölkələrlə sərhədləri nəzərə alınaraq, Serbiya bu sxemdə həm istehlakçı, həm də tranzit ölkə kimi çıxış edə bilər. Belə bir ssenariyə hazırlıq çərçivəsində Serbiya artıq təxminən 1 milyard avro dəyərində paylayıcı şəbəkələrin modernləşdirilməsi və genişləndirilməsi üzrə prioritet investisiya layihələrini müəyyən edib. Bu, bizə həm daxili enerji təchizatının etibarlılığını artırmağa, həm də Serbiyanın regionda enerji mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.
Hazırda biz diqqətimizi iki əsas infrastruktur layihəsinin tamamlanmasına yönəltmişik – bunlar Serbiyanı Rumıniya, Bosniya və Herseqovina, Monteneqro və daha sonra İtaliya ilə birləşdirən Transbalkan dəhlizi və Macarıstan istiqamətində ötürücü gücləri iki dəfə artırmağa imkan verəcək Pannoniya dəhlizidir.
- Serbiya enerji mənbələrinin şaxələndirilməsi istiqamətində fəal işləyir. Bu prosesdə Cənub Qaz Dəhlizinin rolu və Azərbaycanla enerji tərəfdaşlığının əhəmiyyəti barədə nə deyə bilərsiniz? Qaz və ya enerji sektorlarında uzunmüddətli əməkdaşlığa dair əlavə sazişlərin imzalanması planlaşdırılırmı?
- Cənub Qaz Dəhlizi Serbiyaya qaz tədarükünün şaxələndirilməsində strateji rol oynayır. Hazırda ölkənin qaza olan tələbatının əsas hissəsi "Balkan axını" hesabına təmin edilsə də, biz xüsusilə bir təchizatçıdan asılılığın azaldılması səyləri nəzərə alınmaqla, Azərbaycan qazını əsas alternativ mənbə hesab edirik.
Azərbaycanla son bir neçə ildə formalaşmağa başlayan tərəfdaşlıq enerji dayanıqlılığının təmin edilməsində mühüm mərhələ və bir neçə onillikdən sonra qaz təchizatının şaxələndirilməsində ilk addım oldu. İmzalanmış sazişlər 2026-cı ilə qədər ildə 400 milyon kubmetrə yaxın qaz tədarükünü nəzərdə tutur. Gələcəkdə bu həcm 2,5 dəfə artırılaraq 1 milyard kubmetrə çatdırıla bilər.
Ümid edirik ki, yaxın vaxtlarda yeni müqavilələrin imzalanması ilə bağlı danışıqlara start veriləcək. Bu müqavilələr etibarlı tədarüklə yanaşı, tikintisi planlaşdırılan qaz elektrik stansiyalarının fəaliyyəti üçün yetərli resursun təmin olunmasını mümkün edəcək. Bu baxımdan Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlıq bizim üçün uzunmüddətli və strateji əhəmiyyət kəsb edir.
- Avropada dekarbonizasiya prosesinə keçid kontekstində nazirlik dayanıqlı enerji texnologiyalarına investisiyaların cəlb edilməsi istiqamətində hansı addımlar atır? Serbiya bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası sahəsində Azərbaycanın təcrübəsinə maraq göstərirmi?
- Son iki ildə Serbiya böyük irəliləyişə nail olub: külək və günəş enerjisi üzrə quraşdırılmış güclər 83 % artıb. Bu, bizi 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payının 45 %-ə çatdırılması kimi strateji hədəfə yaxınlaşdırır.
Uğurla keçirilmiş iki hərracın nəticəsi ümumi gücü təxminən 1,3 GVt olan 19 yeni bərpa olunan enerji layihəsi olub. Nəzərdə tutulan investisiyaların həcmi təxminən 2 milyard avro təşkil edir ki, bu da özəl sektorun göstərdiyi etimadın yüksək səviyyədə olduğunu və yaradılmış investisiya mühitinin səmərəliliyini əks etdirir.
Özəl investisiyalarla yanaşı, bu il külək və günəş enerjisi mənbələri üzrə 76 MVt yeni güc istifadəyə verən EPS dövlət enerji şirkəti mühüm rol oynayır. Yaxın illərdə 200 MVt-lıq enerji saxlanc sistemi də daxil olmaqla, ümumi gücü 1 000 MVt olan günəş elektrik stansiyalarının şəbəkəyə qoşulması planlaşdırılır. Bütün bunlar etibarlı enerji keçidini təmin etmək üçün ardıcıl strategiyanın bir hissəsidir.
Enerji Birliyinin hesabatına əsasən, Serbiya elektrik enerjisi və bərpa olunan enerji sahəsində qanunvericiliyin Avropa İttifaqı normalarına uyğunlaşdırılması səviyyəsinə görə regionda liderdir. Biz həmçinin bazarların birləşməsi prosesində əhəmiyyətli irəliləyişə nail olmuşuq və Avropa İttifaqının enerji bazarı, ilk növbədə, Macarıstanla inteqrasiyanı tamamlayan ilk ölkələr arasında yer almağı və Qərbi Balkan ölkələri üçün örnək olmağı hədəfləyirik.
Bu kontekstdə beynəlxalq əməkdaşlığın inkişafı da vacibdir. Ötən il Serbiya və Azərbaycanın Energetika nazirlikləri arasında imzalanmış anlaşma memorandumu qarşılıqlı fəaliyyətdə yeni bir fəsil açdı – bu dəfə həm də "yaşıl enerji" sahəsində. Ölkələrimizin son illərdə enerji keçidi sahəsində əldə etdiyi hər şey təcrübə mübadiləsi üçün yaxşı təməldir.
Biz Azərbaycanın enerji keçidi sahəsində təcrübəsini dəyərli və perspektivli hesab edirik. Əminəm ki, yaxın zamanda siyasi və strateji dialoqdan bərpa olunan enerji sahəsində əməkdaşlığın konkret formalarına keçid edəcəyik.