İspaniyanın “Xetafe” klubunun mərkəz yarımmüdafiəçisi Xesus Santyaqo bundan sonra “Verona”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
21 yaşlı ispan futbolçu yeni klubuna azad agent kimi keçib. O, “Verona” ilə 3 illik (2028-ci ilin 30 iyununadək) anlaşıb.
Xesus Santyaqo peşəkar karyerasına “Valensiya”da başlayıb. “Xetafe” gənc futbolçunu 2024-cü ilin yayında heyətinə qatmışdı. Santyaqo bu komandanın heyətində meydana çıxdığı 38 oyunda 1 qolla yadda qalıb.
Xesus İspaniyanın U-18 yığmasında oynasa da, sonradan ona milli formanı geyinmək qismət olmayıb.
Yeri gəlmişkən, “Xetafe”nin digər futbolçusu Xuan Berrokal da ABŞ klubu “Atlanta Yunayted”ə keçib. MLS təmsilçisi onu 2026-cı ilin 30 iyununa kimi satınalma şərti ilə icarəyə götürüb.
Xuan Berrokal “Sevilya”nın yetirməsidir. “Mirandes”, “Sportinq” (Xixon), “Eybar” kimi klublarda da forma geyinmiş 26 yaşlı ispan futbolçu 2024-cü ildən “Xetafe”də çıxış edirdi. O, bu komandanın heyətində cəmi 21 oyuna çıxıb. Berrokal da İspaniyanın U-19 yığmasında oynadıqdan sonra milli formanı geyinə bilməyib.