Bu günlərdə sifariş verdiyim taksidə sürücü söhbət əsnasında belə bir faktı söylədi: o bildirdi ki, son günlərdə taksilərdəki kondisionerlərdən şikayət edən sərnişinlərin sayı artıb. Elə hallar olur ki, isti havada sərnişinlər sürücüdən kondisioneri söndürməyi tələb ediblər.
Səbəb sərnişinlərdə allergiya və tənəffüslə bağlı narahatlıqların yaranmasıdır. Lakin onun avtomobilinə əyləşən sərnişinlərin heç bir narazılığı olmayıb (taksi sürücüsü iş yoldaşlarının rastlaşdığı kütləvi haldan danışdı). O, mənimlə söhbətdə işin səbəbini anlamadığını etiraf edib.
Taksi sürücüsünü bu məsələdə qınamaq olmaz. Çünki vəziyyət daha çox tibbi xarakter daşıyır.
Bütün müasir avtomobillərdə kondisionerin dövr etdirdiyi hava filtrdən keçərək salona daxil olur. Təəssüf ki, bir çox sürücü bu detalın varlığından ümumiyyətlə bixəbərdir. Yaxud, xəbəri olsa da, əlavə pul xərcləmək istəmir.
Kondisioner filtri tutulduqda, nəmləndikdə mikrob mənbəyinə çevrilir. Salondan və ya kənardan daxil olan toz və mikroblar burada toplanır və münbit şəraitə düşərək çoxalır. Həssas insanlar, xüsusən də toz allergiyası olanlar belə maşına mindikdə öskürək, qaşınma, səpgi kimi hallarla üzləşə bilərlər. Eyni sərnişin kondisionersiz avtomobildə pəncərəsi açıq şəkildə hərəkət etdikdə heç bir diskomfort hiss etmir.
Eyni problem şəxsi avtomobillərdə də ola bilər. Lakin taksilər gündəlik istismarda olduğundan məsələ özünü daha tez biruzə verir. Şəxsi avtomobildə kondisioner filtrini ildə 2 dəfə dəyişmək kifayətdirsə, taksidə bunu daha tez-tez etmək lazım gəlir. Kömür tərkibli filtr quraşdırılması isə daha keyfiyyətli hava almağa imkan verir.
Nəzərə alaq ki, bu filtri hər bir sürücü özü asanlıqla dəyişə bilər. Bunun üçün servisə getməyə lüzum yoxdur.
Vüqar Yaşaroğlu