AZ

BRİCS öz kağız pulunu çıxardı - üstündə 5 quşun şəkli var…


“BRİCS valyutası” ilk dəfə Rusiyada çap edilib. 10 min əskinas dövriyyəyə buraxılıb. Bu barədə Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katırin açıqlama verib.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası tərəfindən yaradılan BRİCS daimi təşkilat deyil, yalnız iqtisadiyyatları inkişaf etməkdə olan ən böyük ölkələrin bir növ klubu hesab olunur.

Əskinaslar Moskvada rublun çap olunduğu Qoznak kağız zavodunda deyil, Rusiya Federasiyasının Vladimir vilayətindəki Kirjaç mətbəəsində çap edilib. Lakin bu poliqrafiya şirkəti qorunan çap məhsullarının istehsalı ilə məşğuldur. Qeyd edilir ki, Rusiyada təhsil təşkilatları üçün attestatlar, diplomlar, sertifikatlar kimi dövlət tərəfindən verilən təhsil, təlim və ixtisaslar haqqında sənədlərin çoxunu bu şirkət istehsal edir.

Katırinin sözlərinə görə, əskinasın dizaynını hazırlayarkən yaradıcılar “BRICS-in çoxqütblülük, bərabərlik və strateji tərəfdaşlıq prinsiplərini vizual və konseptual şəkildə birləşdirməyə” çalışıblar.

Əskinasın bir üzündə təşkilata üzv olan ölkələri simvolizə edən quşlar var: Braziliyanı tukan, Rusiyanı qartal, Hindistanı tovuz quşu, Çini durna və Cənubi Afrikanı katib quşu simvollaşdırır.

Yeri gəlmişkən, 2024-cü ilin oktyabrında keçirilən Rusiya sammitində BƏƏ, İran, Misir, İndoneziya və Efiopiya da BRİCS-ə qoşulub. Lakin onların simvolları “yeni valyuta”ya daxil edilməyib.

Ötən ilin sonunda 13 dövlət BRİCS-də tərəfdaş ölkə statusunu alıb. Bunlar Qazaxıstan, Belarus, Əlcəzair, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnamdır.

Qeyd edək ki, BRİCS-in vahid valyutasının tətbiqi ideyası Moskva tərəfindən gündəmə gətirilib. Rusiya 24 oktyabr 2024-cü ildə Kazanda keçirilən sammitdə bu valyutanın rəsmən qəbul edilməsini təklif etsə də, klub üzvləri arasında dəstək qazana bilməyib.

BRİCS valyutası hələ rəsmi olaraq qəbul edilmədiyi üçün onun hətta rəsmi adı belə yoxdur və əskinasda yalnız “200” nominalını əks etdirir.

Katırin də RİA Novosti agentliyinə bildirib ki, yeni əskinaslar suvenir hesab olunacaq və nominal dəyəri olmayacaq. Əskinaslar nominalla işarələnsə də, pul vahidi sayılmır.

Əskinasın dəyəri ilk növbədə kolleksiyonçular üçün simvolik baxımdan önəm daşıyır. Bununla belə, onun ödəniş vasitəsi kimi istifadəsi hətta Rusiya Federasiyasında da qadağandır.

TAHİR

Seçilən
23
baki-xeber.com

1Mənbələr