Bu gün "Formula 1" üzrə Belçika Qran-prisi baş tutub. 

Offsideplus.az xəbər verir ki, 44 dövrəlik yarışa "Maklaren" pilotu Lando Norris poulda başlasa da, yarışı komanda yoldaşı Oskar Piastri birinci yerdə bitirib. Yağışa görə startı ləngiyən Belçika Qran-Prisinin 5-ci dövrəsində avstraliyalı pilot L.Norrisi geridə qoyub. Beləliklə, "Maklaren" dubla imza atıb və Böyük Britaniya komandası fəxri kürsünün birinci və ikinci yerlərində qərarlaşıb. 

"Ferrari" pilotu Şarl Lekler "Red Bull"dan Maks Ferstappenin onu ötməsinə icazə verməyərək, yarışı 3-cü yerdə başa vurub. Maks isə 4-cü yerlə kifayətlənib. Digər "Ferrari" sürücüsü Lüis Həmilton 7-ci yeri tutub. 

"Mersedes"dən Corc Rassel 5-ci, "Uilyams"dan Aleks Albon isə 6-cı olub. Keçmiş "Red Bull", indiki "Reysinq Bulls" pilotu Liam Lauson 8-ci yerdə qərarlaşıb. 9-cu yer "Sauber"dən Qabriel Bortoletoya, 10-cu yer isə "Alpin"dən Pyer Qasliyə qismət olub. 

Belçika Qran-prisindən 25 xalla ayrılan Oskar Piastri çempionluq yarışında xallarının sayını 266-ya çatdırıb. Lando ondan 16 xal geridə qalır. Niderlandlı Maks Ferstappen isə 185 xalla üçüncüdür. 

Mühəndislər Kuboku uğrunda mübarizədə "Maklaren"in ümumi xallarının sayı 516 olub. "Ferrari" 248 xalla ikinci, "Mersedes" 220 xalla üçüncü, "Red Bull" isə 192 xalla dördüncüdür.