Milli Qəhraman Natiq Qasımovun anası Dursun Qasımova Gəncə şəhərində vəfat edib.
Bu barədə Teleqraf-ın yerli bürosuna N. Qasımovun qardaşı Nofəl Qasımov bildirib.
"Anam təxminən 2 saat öncə dünyasını dəyişdi. Sabah Səbiskar qəbiristanlığında atamın məzarının yanında torpağa tapşıracağıq"- deyə N. Qasımov bildirib.
Dursun Qasımovanın 83 yaşı vardı.
Qeyd edək ki, Natiq Qasımov 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb.
Natiq Qasımov beş gün ac-susuz qalsa da, Azərbaycan bayrağını əlindən buraxmayıb.
Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Natiq Qasımov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.