
Qida təhlükəsizliyi sahəsində mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta yeyilməyən qabığı olan meyvələr belə yeməkdən əvvəl mütləq yuyulmalıdır.
Yeniavaz.com xəbər verir ki, qida texnoloqu Tamika Sims “Mirror” nəşrinə verdiyi açıqlamada bu prosedur nəzərə alınmadıqda, insan sağlamlığı üçün ciddi risklər yarana biləcəyini deyib.
Simsin sözlərinə görə, banan kimi qabığı yeyilməyən meyvələr də axar su altında yuyulmalıdır. Bu, meyvənin səthində olan toz, bakteriyalar və pestisid qalıqlarının aradan qaldırılmasına kömək edir.
Mütəxəssis izah edir ki, qabığı soyarkən əllərə keçən çirklənmələr ağız yolu ilə orqanizmə daxil ola bilər. Bu isə salmonella kimi təhlükəli mikroorqanizmlərin yaratdığı qida zəhərlənməsinə səbəb ola bilər.
Salmonellyoz – yəni salmonella infeksiyası yüksək hərarət, qarın ağrısı, ishal və qusma ilə müşayiət olunur. Uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslərdə bu xəstəlik ağır dehidrasiya və xəstəxanaya yerləşdirilmə ilə nəticələnə bilər.