Qəbələ, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu gün bizim üçün çox xoş və təəssüratlı bir gündür. XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edirik. Klassik musiqi festivalı olsa da, hər zaman bu möhtəşəm musiqi bayramında xalq musiqisinə də yer verilir, konsertlər olur. Qəbələ festivalının proqramında ənənəvi olaraq bir konsert muğam gecəsi üçün ayrılır. Ancaq builki festivalda muğam axşamı bir qədər fərqli tərzdə təqdim olunur. Bu gün Xalq artisti, görkəmli xanəndə Nəzakət Teymurovanın, Əməkdar artist Fuad İbrahimovun bədii rəhbəri və baş dirijoru olduğu Bakı Dövlət Kamera Orkestrinin və rəhbərlik etdiyim “Xarıbülbül” muğam qrupunun iştirakı ilə festival iştirakçıları qarşısında geniş və rəngarəng konsert proqramı ilə çıxış etdik. Proqramda muğam, xalq mahnıları, təsnif, rəng, rəqs, bir sözlə, Azərbaycan xalq musiqisinin bütün inciləri öz əksini tapdı.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, “Xarıbülbül” muğam qrupunun rəhbəri, Əməkdar artist, tarzən Əliağa Sədiyev söyləyib.
Muğam qrupunun Qəbələ Beynəlxalq Musiqi Festivalında ilk dəfə iştirak etdiyini və Heydər Əliyev Fondunun bu möhtəşəm layihəsində iştirak etməyin kollektiv üçün böyük şərəf olduğunu vurğulayan tarzən deyib: “Biz bu layihə ilə ölkəmizin müxtəlif konsert məkanlarında dəfələrlə çıxış etmişik. Elə bu yaxınlarda Heydər Əliyev Sarayında Nəzakət Teymurovanın iştirakı ilə böyük konsert verdik. Həmin konsertdən sonra proqramımızı nümayiş etdirmək üçün Qəbələ festivalına dəvət aldıq. Bu festivalda iştirak etdiyimiz üçün çox sevincli və məmnunuq”.