"Minlərlə insan evlərini tərk edir, region yeni toqquşmanın astanasındadır..."
Tailand və Kamboca arasında onilliklərdir davam edən sərhəd mübahisəsi növbəti dəfə qanlı qarşıdurmaya çevrilib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Nəşr qeyd edir ki, artıq üçüncü gündür ki, iki ölkənin ordusu arasında sərhəd boyunca şiddətli döyüşlər gedir. Ağır artilleriya, qırıcı təyyarələr və reaktiv qurğuların istifadə olunduğu bu qarşıdurmada ən azı 30 nəfər həyatını itirib, 130 mindən çox insan isə evlərini tərk etməyə məcbur qalıb.

Yeni cəbhə açıldı: münaqişə genişlənir
"Reuters" agentliyinin verdiyi məlumata görə, şənbə günü səhər saatlarında döyüşlər Tailandın Tret bölgəsində də baş verib. Bu bölgə əvvəlki toqquşma nöqtəsindən təxminən 100 kilometr uzaqlıqda yerləşir. Bu, o deməkdir ki, münaqişə artıq yeni cəbhələrdə də genişlənməkdədir.
Hadisələrin qızışmasına səbəb kimi may ayının sonunda baş vermiş bir insident göstərilir, bu insident zamanı kamboçyalı əsgər həlak olub. Həmin vaxtdan etibarən hər iki ölkə sərhədə əlavə qüvvələr cəlb edib. Eyni vaxtda Tailandda daxili siyasi böhran da yaşanır - koalisiya hökuməti parçalanmaq təhlükəsi ilə üz-üzədir.
Siyasi qeyri-sabitlik və günah axtarışı
Tailand Müdafiə Nazirliyi 19 nəfərin, Kamboca tərəfi isə 13 nəfərin, o cümlədən 5 hərbçi və 8 mülki vətəndaşın həlak olduğunu bildirib. Sərhədə yaxın Kantralak şəhərinin sakini deyib: "Şəhər demək olar ki, boşalıb. İnsanlar gedib. Mənim otelim hələ də fəaliyyət göstərir, çünki insanlar müvəqqəti sığınacaq axtarır".
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Tailand nümayəndəsi bildirib ki, iki əsgər minalardan xəsarət alıb və Kamboçanı hücumda ittiham edib. O, beynəlxalq ictimaiyyəti sülhə çağırmağa səsləyib.
Kamboca isə öz növbəsində bildirib ki, Tailand "qəsdən, səbəbsiz və qanunsuz hücuma" başlayıb. Onlar BMT-ni və dünya birliyini Tailandın hərəkətlərini sərt şəkildə pisləməyə çağırıb. Pnompenə görə, Tailand sərhəddə daha çox hərbi texnika toplamaqla münaqişəni daha da dərinləşdirir və suverenliyi pozur.

Sərhəd, məbəd və məhkəmə: köhnə yaraların yeni qanı
Tailand və Kamboca arasında sərhəd mübahisəsi təkcə torpaq deyil, həm də tarix və dini irs üzərində gedir. 817 kilometrlik sərhəddə yerləşən qədim hindu məbədləri - Ta Moan Tom və Phra Vihеar tərəflər arasında uzun illərdir mübahisə doğurur. Hələ 1962-ci ildə BMT-nin Beynəlxalq Məhkəməsi Phra Vihear məbədini Kambocaya məxsus elan edib.
Lakin 2008-ci ildə bu məbədin UNESCO-nun siyahısına daxil edilməsi cəhdindən sonra toqquşmalar təzədən alovlanıb və çoxsaylı insan tələfatı ilə nəticələnib. Bu ilin iyun ayında Kamboca münaqişənin həlli üçün yenidən Haaqaya - Beynəlxalq Məhkəməyə müraciət edib. Tailand isə bu məhkəmənin yurisdiksiyasını tanımadığını bəyan edərək, məsələni yalnız ikitərəfli danışıqlar yolu ilə həll etməkdə israrlıdır.
Müharibə astanasında
İndi regionda vəziyyət olduqca həssas və təhlükəlidir. Həm siyasi qeyri-sabitlik, həm də tərəflərin qarşılıqlı ittihamları münaqişənin diplomatik yolla həllini çətinləşdirir. İki ölkənin hərbi ritorikası getdikcə sərtləşir və bu da regional sabitliyə ciddi təhdiddir. Əgər beynəlxalq vasitəçilik gecikərsə, Cənub-Şərqi Asiyada yeni və dağıdıcı bir müharibənin başlanması real görünür.
