Xameneinin müşaviri: Dəhlizin arxasında ABŞ, NATO və sionistlər dayanır...
Poliqon xəbər verir, İranın ali lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı açıqlama verib.
O bildirib ki, bu layihə əslində nə regional inteqrasiyaya, nə iqtisadi sabitliyə, nə də xalqların rifahına xidmət edir. Əksinə, guya layihənin məqsədi İranı, Rusiyanı və Müqavimət Cəbhəsini qurudan mühasirəyə almaqdır.
Vilayəti qeyd edib ki, İran sərhədlərə hərbi qüvvələr yerləşdirib və təlimlər keçirərək özünün “qırmızı xəttini” göstərib. Onun sözlərinə görə, artıq passiv və müşahidəçi siyasət dövrü başa çatıb — Tehran qabaqlayıcı və fəal strategiyaya üstünlük verir.
Tarixə nəzər salan Vilayəti əlavə edib ki, qəhrəman Azərbaycan xalqı uzun illər Osmanlı işğalçılarına və Çar Rusiyasına qarşı müqavimət göstərərək öz torpağını və inancını qoruyub. Onun fikrincə, bu gün düşmən İranın geosiyasi dərinliklərinə separatçı planlarla sızmağa çalışır.
“Bu dəhlizin arxasında ABŞ, NATO, sionist rejim və pantürkist dairələr dayanır”, — deyə Xameneinin müşaviri vurğulayıb.
Poliqon.info