AZ

"Aclıq bir müharibə silahı olaraq": Bu nə deməkdir, nə vaxt və harada istifadə olunub?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Müasir müharibələrdə artıq toqquşmalar yalnız silah və güllələrin istifadəsi ilə məhdudlaşmır.

Qida, su və dərman kimi həyati resurslar da qarşı tərəfi yavaş-yavaş öldürmək üçün bir vasitəyə çevrilib.

Aclıq bir müharibə silahı olaraq istifadə olunur və bu, hərbi əməliyyatlardan daha az öldürücü deyil.

Hətta bəzən mülki əhalinin gündəlik həyatını hədəf alaraq onların sağ qalmaq üçün ehtiyac duyduğu əsas ehtiyacları təzyiq və təslim etmə məqsədilə istifadə etmək daha zalım bir qətliam forması ola bilər.

Qəzzada davam edən İsrail blokadası və bombardmanları nəticəsində minlərlə ailə qida, su və dərman tapmaq imkanından məhrumdur. Hər gün, xüsusilə uşaqlar arasında aclıq və qidalanma çatışmazlığından ölüm halları qeydə alınır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) qurumları yardım paylama sahələrini "sadist ölüm tələləri" adlandırır.

İsrailin aclığı bir müharibə silahı kimi istifadə etdiyinə dair ittihamlar səsləndirilir.

"Qəzzada üç gün ərzində 21 uşaq aclıqdan öldü"

Son BMT hesabatına görə, Qəzza zolağında qida çatışmazlığı vəziyyəti 5-ci Səviyyəyə - yəni "faciə ilə nəticələnə biləcək" mərhələyə çatıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (IPC) ərzaq təhlükəsizliyi təsnifatında bu, ən yüksək səviyyədir və aclıq riski olduğu anlamına gəlir.

2025-ci ilin may ayında aparılan qiymətləndirməyə görə, Qəzza əhalisinin dörddə biri, yəni 47 min insan kritik səviyyədə aclıq çəkir, qalan əhali isə ərzaq böhranı ilə üz-üzədir.

Bu amansız reallıq içində qəzzalılar iki müharibə aparırlar: bombardmandan sağ çıxmaq və sağ qalmaq üçün lazım olan ərzaq və dava-dərman tapmaq.

BMT-nin Humanitar Əlaqələndirmə Ofisinin (OCHA) Fələstin üzrə direktoru Conatan Vittel vəziyyəti belə ifadə edir:

"Qəzza, sadəcə aclıq çəkmir, məqsədli şəkildə həyata keçirilən planlı aclıq siyasəti ilə üz-üzədir".

OCHA, UNRWA, Oxfam, Save the Children kimi beynəlxalq təşkilatlardan gələn məlumatlara görə, Qəzza əhalisinin 90 faizdən çoxu sağ qalmaq üçün əsas ehtiyacları tapmaq uğrunda mübarizə aparır.

Eyni hesabatlarda minlərlə uşağın qida və dərman çatışmazlığı səbəbilə ölüm riski ilə qarşı-qarşıya olduğu qeyd olunur. Və bu humanitar böhran tamamilə insan tərəfindən yaradılan planlı bir fəlakətdir.

"Kütləvi aclıq: tarixi və gələcəyi" adlı kitabında Aleks de Vaal bu gün aclığın əksər hallarda təbii ərzaq çatışmazlığından yox, hərbi və siyasi qərarların nəticəsi olduğunu yazır.

BMT Təhlükəsizlik Şurası, İnsan Haqları İzləmə Təşkilatı və Dünya Ərzaq Proqramının hesabatlarına görə, blokada və aclıq artıq "sistemli bir hərbi strategiya"ya çevrilib.

Yəni, aclıq sadəcə müharibənin yan təsiri deyil; xalqı qorxutmaq və gündəlik həyatını məhv etməyə yönəlmiş bir strategiyadır.

İsrail Qəzzada mülki əhaliyə məxsus minlərlə binanı idarəolunan partlayışlarla dağıdır.

İsrail iddia edir ki, məqsədi mülki əhalini cəzalandırmaq yox, Həmas-ın ərzaq və dərman kimi resurslardan hərbi məqsədlərlə istifadə edərək "terror fəaliyyətini ört-basdır etməsinin" qarşısını almaqdır.

INSS kimi bəzi israilli tədqiqat qurumları isə BMT-ni və insan hüquqları təşkilatlarını natamam və köhnə məlumatlara əsaslanaraq "yalan informasiyalar yaymaqda" ittiham edir.

Baş nazir Benyamin Netanyahu da mülki şəxslərə qarşı planlı bir aclıq siyasəti aparıldığına dair ittihamları rədd edir və bunları "yalan və böhtan" adlandırır.

İsrail ordusu bölgəyə yardım girişində ciddi məhdudiyyətlər olduğunu qəbul edir.

Ordu yardımların düzgün yerlərə çatdığından əmin olmağa çalışdıqlarını bildirir və yardım gözləyən mülki şəxslərə atəş açmaq üçün əmr verildiyinə dair iddiaları təkzib edir.

2018-ci ildə qəbul edilən BMT Təhlükəsizlik Şurasının 2417 saylı qətnaməsinə görə, aclıq artıq sırf humanitar bir böhran deyil, birbaşa münaqişə ilə əlaqəli bir cinayətdir.

Tarixçi və tədqiqatçı Dr. İssam Xəlifənin fikrincə, toxunulmazlıq və məsul şəxsləri cavab verməyə məcbur edəcək siyasi iradənin olmaması cinayətkarlara bu səssiz silahdan istifadə etməyə və onu gizlətməyə imkan yaradır.

Bu da aclq çəkən bölgələrdəki bütün ümidləri və insan həyatlarını məhv edir:

"Aclıqla cəzalandırma xüsusilə planlı şəkildə həyata keçirilərsə, bu, beynəlxalq hüquq tərəfindən pislənən bir cinayətdir və beynəlxalq konvensiyalarda soyqırımın bir növü kimi qəbul olunur.

"Tarix boyunca aclıq xalqları qorxutmaq üçün bir silah kimi istifadə olunub. I Dünya Müharibəsində Livan dağında, ermənilərin və süryanilərin qətliamında, daha sonra isə Bosniya və Herseqovinada...

"Hər bir hadisədə məqsəd sosial strukturu dağıtmaq, icmaları köç etməyə və ya təslim olmağa məcbur etmək idi".

Tarixi baxımdan Dr. Xəlifə bildirir ki, bu üsul yalnız öldürmək üçün deyil; demoqrafik strukturu dəyişdirmək və toplumların siyasi qərarlarını yönləndirmək məqsədilə də istifadə olunub.

Xan Yunusdan olan jurnalist Samir el-Za bildirir ki, "yardım təmin etməyə dair hər hansı təşəbbüs insanların xaos vasitəsi kimi istifadə olunması ilə nəticələnir, insanlar yardım maşınlarından ərzaq alarkən basabas yaranır. O bunun, adətən, çox təhlükəli qırmızı zonalarda yaşandığını vurğulayır.

Yardım maşınlarına çatmaq üçün "həyatını riskə atmaq" lazım gəlir və çox sayda insan bir torba un və ya konservləşdirilmiş qida almaq üçün yaralanır və ya öldürülür.

"Bu, dözülməz vəziyyətdir; basabas görüntüləri hətta bombalanma görüntülərindən daha amansızdır", - o deyir.

Qadınlar, uşaqlar və yaşlılar hər gün yaşamaq üçün mübarizə aparırlar.

Yardım maşınları nə zaman daxil olsa, xüsusilə paylama məntəqələrində onlarca adam ya öldürülür, ya da yaralanır.

O əlavə edir ki, bu, təsadüfi deyil, sistematik siyasətdir və aclığın "məhv və nəzarət" məqsədləri ilə əlaqələndirildiyi tarixi qırğınları xatırladır.

Qəzza zolağından danışdığım insanlar mesajı belə ümumiləşdirirlər.

Müharibə zamanı "aclq" mülki əhalini bilərəkdən ac və susuz qoymaqla dövlətlər və ya təşkilatlar tərəfindən onların qoruyucularını təzyiq altında saxlamaq və siyasi, hərbi baxımdan təslim almaq məqsədi daşıyır.

Aclıq tətbiqləri arasında Sudan müharibəsi və Sovet Ukraynasındakı Holodomor kimi, məhsul və heyvanların məhv edilməsi var.

BMT İnsan Hüquqları Şurasının Qəzza və Tiqray (2023-2024) hesabatlarında insani yardımların rədd olunması və ya gecikdirilməsi, kənd təsərrüfatı infrastrukturu və su mənbələrinin hədəfə alınması sənədləşdirilib.

Alex de Waal'ın "Kütləvi aclıq: tarixi və gələcəyi" adlı kitabında analiz edildiyi kimi, hərbi və ya iqtisadi blokadaların tətbiq olunması və fermerlərin məcburi köçürülməsi, ya da torpaqlarına zorla əl qoyulması da buna daxildir.

Bu mövzu Naomi Hoskingin "Aclıq bir silah kimi: qida və müharibə siyasətləri" adlı kitabında da araşdırılıb.

Kitabda qidanın torpaq və əhali üzərində nəzarət vasitəsi kimi necə istifadə olunduğu göstərilir.

Cavabdehləri cəzalandırmaq niyə çətindir?

Beynəlxalq Qızıl Xaç Komitəsinin apardığı tədqiqatlar aclığın münaqişənin arzuolunmaz nəticəsi deyil, ərzaq sisteminin pozulması yolu ilə sivil əhaliyə birbaşa zərər vurmaq üçün silah kimi istifadə edildiyini ortaya qoyur.

Beynəlxalq hüquq aclığın silah kimi istifadəsini qadağan edir.

Beynəlxalq Cinayət Məhkəməsində zərərçəkənləri təmsil edən vəkil Hasan əl-Hattab BBC-yə müsahibəsində deyib ki, beynəlxalq hüquq aclığı müharibə silahı kimi istifadə etməyi cinayət sayır, xüsusən də Qəzza kimi yerlərdə mülki şəxslərin qida və dərmandan məhrum edildiyi halları insanlığa qarşı cinayət kimi qiymətləndirir.

Bu pozuntular Cenevrə Konvensiyaları və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu əsasında müharibə cinayəti hesab olunur.

Beynəlxalq hüquq üzrə mütəxəssis olan vəkilin fikrincə, "Hüquqi mətnlər aydın olmasına baxmayaraq, beynəlxalq siyasi iradənin olmaması səbəbindən hesabatlılıq 'nadir hallarda' işləyir".

Hattab, xüsusilə ABŞ kimi böyük güclərin dəstəyinin vacib olduğunu vurğulayır.

O, Sudan, Suriya və Tiqray hadisələrinə baxmayaraq, müasir tarixdə heç bir tərəfin aclıq tətbiqinə görə "açıq şəkildə məsul tutulmadığını" deyir.

Mike Davis "Son Viktoriya dövrü Holokostu, El Niño, aclıqlar və üçüncü dünyanın yüksəlişi" adlı kitabında, xüsusilə Britaniya Hindistanında aclığın əsl səbəbinin siyasi olmasına baxmayaraq, kolonial cəmiyyətləri zəiflətmək və dağıdıcı siyasətlər tətbiq etmək üçün necə istifadə olunduğunu göstərir.

Beynəlxalq hüquq aclığı silah kimi istifadə etməyi açıq şəkildə cinayət hesab edir, lakin Cenevrə Konvensiyaları çərçivəsində təqsirləndirilənlərin mühakiməsi mürəkkəb səbəblərdən çox nadir hallarda baş verir.

Ən diqqət çəkən səbəb isə "cinayət niyyətinin" sübut edilməsinin çətinliyidir.

Belə işlərdə əsas çətinlik, xüsusilə hərbi, iqtisadi və ekoloji faktorların kəsişdiyi yerdə qıtlığa səbəb olma niyyətinin qəsdən olduğunu isbat etməkdir.

Tədqiqatçı Alex de Waal "Kütləvi aclıq: tarix və gələcəyi" adlı kitabında qıtlığın çox vaxt "görünməyən günahkarın cinayəti" olduğunu, xüsusilə əmrlər və ya rəsmi etiraflar olmadıqda birbaşa hüquqi məsuliyyətin izlənməsinin çətin olduğunu vurğulayır.

Digər tərəfdən, siyasi münasibətlərin mürəkkəbliyi və beynəlxalq nəzarətin olmaması da bu vəziyyətə təsir göstərir.

Bir çox hallarda aclıq yaranmasına məsul olan tərəflər ya böyük beynəlxalq güclərin müttəfiqləri, ya da həssas siyasi tarazlıqlarda maraqlı qüvvələr olur.

Buna görə də onların məsuliyyətə cəlb edilməsi siyasi cəhətdən həssas məsələ kimi qalır.

Tədqiqatçı Susan George "Digər yarım necə ölür" adlı kitabında qlobal siyasi sistemin bəzən açlıq "cinayətlərini" ört-basdır etməsinə və ya əhəmiyyətsiz göstərməsinə necə kömək etdiyini, bunun isə beynəlxalq ədalət mexanizmlərini zəiflətdiyini açıqlayır.

"Açlığın siyasəti" adlı kitabında isə yardım təşkilatlarının təsirlənmiş bölgələrə girişinin necə əngəlləndiyini və bunun siyasi məqsədlərlə necə sui-istifadə edildiyini izah edir.

Qıtlığın bir çox hallarda "təbii" fəlakət deyil, "siyasi qərar" olduğunu vurğulayır.

Hassan el Hattab Qəzza ilə bağlı Baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail liderləri üçün həbs əmrlərinin çıxarıldığını, lakin bunların "siyasi təzyiq səbəbindən" həyata keçirilmədiyini bildirir.

Digər nümunələr nələrdir?

Afrikada tədqiqatçı Bridget Connelly "Afrikada müharibə və qıtlıq" adlı kitabında müharibə və qıtlıq arasındakı yaxın əlaqəni ortaya qoyur.

Müvafiq olaraq, yardım rıçaq kimi istifadə edilir və mülki vətəndaşlar müharibə strategiyasının bir hissəsi kimi yardımdan məhrum edilir.

Amerikalı tarixçi Timothy Snyder "Hitler və Stalin arasında Avropanın qanlı torpaqları" adlı kitabında Ukraynadakı Holodomor (1932-1933) kimi süni qıtlıqların xalqları boyunduruq altına almaq və demoqrafik balanslarını dəyişdirmək üçün siyasi alət kimi istifadə edildiyini izah edir.

Tarixçi Anne Applebaum "Qırmızı qıtlıq: Stalinin Ukraynaya müharibəsi" adlı kitabında aclığın Ukrayna kimliyinə qarşı gizli müharibə mənasını daşıyan "etnik təmizləmə" olduğunu irəli sürür.

Aclığın silah kimi istifadə olunduğu bəzi digər tanınmış hallar bunlardır:

Leninqrad Qəssabı, Rusiya(1941–1944): Nasistlər şəhəri 870 gün mühasirədə saxlayaraq əhalini döyüşmədən məhv etmək üçün aclığa məruz qoydu; təxminən yarım milyon insan aclıqdan öldü.

Sarayevo, Bosniya-Herseqovina (1992–1996): Serb qüvvələri şəhəri mühasirəyə alanda elektrik və ərzaq tədarükünü kəsdi. Qıtlıq səbəbindən minlərlə insan beynəlxalq yardımlara baxmayaraq, həyatını itirdi.

Qəzza zolağı (2007–bu günə qədər): İsrailin tətbiq etdiyi blokada müharibə dövründə daha da sərtləşdi və ölkə, xüsusilə 2023-cü ilin oktyabrından bəri aclığı kütləvi cəza vasitəsi kimi istifadə etməkdə ittiham olunur.

Guta və Madaya, Suriya(2013–2016): Əvvəlki hakimiyyətin tətbiq etdiyi mühasirə nəticəsində mülki əhali aclıq çəkdi, zəif düşmüş uşaqların faciəli görüntüləri ortaya çıxdı.

Yəmən (2015-dən bu günə qədər): Vətəndaş müharibəsi limanların və ərzaq istehsal müəssisələrinin blokadaya alınması ilə nəticələndi. "Dünyanın ən pis humanitar böhranı" kimi xarakterizə edilən vəziyyətə görə 17 milyon insan aclıqla mübarizə aparır.

Tiqray, Efiopiya (2020–2022): Efiopiya hökumətinin aclığı, əhalini ərzaq və dərmandan məhrum edəcək şəkildə bir müharibə vasitəsi kimi istifadə etdiyi bildirilir.

Seçilən
55
bbc.com

1Mənbələr