Qəbələ, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi olaraq, Qəbələdə keçirilən bu mötəbər Beynəlxalq Musiqi Festivalında iştirak etdiyim üçün çox qürur duyuram. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyasını ifa etdim. Alqışlardan da hiss etdim ki, ifam tamaşaçıların xoşuna gəldi. Biz gənclərə belə fürsəti yaratdıqlarına görə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsi, gənc opera ifaçısı Aysun Mahmudzadə deyib.
Akademiyanın tələbəsi beynəlxalq festivallarda, konsertlərdə iştirak etməyin gənc musiqiçilərin yaradıcılığına, peşəkarlıq səviyyəsinin artmasına çox böyük təsir göstərdiyini vurğulayıb.