BAKI, 27 iyul. TELEQRAF
Yaponiyanın Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə cəlb edilməsinə qoyulan son məhdudiyyətləri aradan qaldırıb.
Teleqraf “Kyodo” agentliyinə istinadən xəbər verir ki, artıq avqustun 1-dən qadınlar hətta nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər.
Məlumata görə, nazirlik bu addımını təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edib.
Yaponiyada 2011-ci ilin yazında “Fukusima-1” AES-də baş vermiş qəza nəticəsində çirklənmiş ərazilərin zərərsizləşdirilməsi üçün nüvə mühafizə bölmələrindən istifadə olunur. Orada kadr çatışmazlığı var və qadınların cəlb olunması bu problemin həllinə kömək edəcək.
Şəxsi təhlükəsizliyini təmin etmək üçün qadınlar xüsusi qoruyucu vasitələr alacaqlar və xüsusi təchiz olunmuş avtomobillərdən istifadə edəcəklər.
Yaponiyanın Müdafiə Nazirliyi 1993-cü ildən bəri qadınların orduda iştirakını genişləndirir. Onlar indi hərbi təyyarələri idarə edir, döyüş hissələrində xidmət keçir və dəniz gəmilərində, o cümlədən sualtı qayıqlarda xidmətə cəlb olunurlar.