AZ

Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü

Son illərdə Azərbaycan dövləti idarəetmə sistemində optimallaşma, çeviklik və nəticə əsaslı fəaliyyət prinsipini əsas götürür. Büdcə vəsaitlərinin qənaətlə xərclənməsi, təkrarlanan vəzifələrin ləğvi və daha səmərəli strukturun qurulması məqsədilə bir çox sahədə regional idarəetmə modelləri tətbiq olunur, struktur islahatları həyata keçirilir.

Editor.az olaraq bu istiqamətdə apardığımız araşdırmalar çərçivəsində bir neçə gün öncə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur vəziyyətini təhlil etmişdik. Araşdırma göstərmişdi ki, QSC-də süni şişirdilmiş vəzifə bölgüləri, nəticəsiz idarəetmə və yüksək xərcli struktur müşahidə olunur.

Bu xüsusda diqqətçəkən qurumlardan biri də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətidir.

Editor.az xəbər verir ki, “AzerGold”da İdarə Heyətinin sədri Zakir İbrahimovun 2 müavini, nə az, nə çox düz 9 müşaviri var. Qurumda eyni zamanda 20 şöbə və ya xidmət fəaliyyət göstərir. 

Ekspertlər və ictimaiyyət bu struktur bolluğunu qurumun rəhbəri Zakir İbrahimovun yaxın çevrəsinə vəzifə “hədiyyə etməsi” kimi qiymətləndirir. Hamıya bəllidir ki, dövlət qurumlarında sədr müavini kimi yüksək vəzifələrə təyinat birbaşa Prezidentin səlahiyyətləri çərçivəsində həyata keçirilir.

Lakin belə bir rəy formalaşıb ki, Zakir İbrahimov öz yaxınlarını Prezident sərəncamı ilə vəzifəyə gətirə bilmədiyindən, onları müşavir, departament rəhbəri və digər inzibati vəzifələrlə təmin edir.

Beləliklə, həm onlara daimi yüksək məbləğdə maaş verir, həm də ətrafında şəxsi loyal komanda formalaşdırır.

Ekspertlər bildirir ki,  “AzerGold”un əsas funksiyası ölkənin filiz və qızıl yataqlarının işlənməsi, hasilatın artırılması və bu sahədə milli gəlirə töhfə verməkdir.

Ancaq görünən odur ki, qurumun gündəlik həyatı daha çox ofis içində cəmlənmiş inzibati strukturla məhdudlaşır.

Qurumda bu qədər rəhbər şəxsin olması, təbii ki, dövlət büdcəsinə də əlavə yük gətirir. Çünki bu şəxslərin hər biri yüksək əməkhaqqı və digər xidməti imtiyazlarla təmin olunur.

Editor.az xatırladır ki, çox sayda vəzifəli şəxs “AzerGold” və onun rəhbərini narazılıq və tənqidlərdən xilas edə bilmir.

Əksinə bu qurum mütəmadi olaraq tənqidlərin hədəfinə çevrilir.

Məsələn, xəbər saytlarından biri “AzerGold” QSC-nin sədri Zakir İbrahimovla bağlı ciddi korrupsiya iddialarından bəhs edir. Sayt yazır ki, o, oğlu Zaur İbrahimi tenderlərin qeyri-qanuni idarəsində istifadə edərək müxtəlif şirkətlərdən “haqq” tələb edir. İddialara görə, tender qalibi olan şirkətlərdən pul alınır və bu vəsaitlər qeyri-rəsmi yollarla nağdlaşdırılaraq oğluna çatdırılır. Zakir İbrahimovun yaxın çevrəsindəki şəxslər, xüsusilə Rüfət Cabbarov, bu sxemin icrasında əsas vasitəçi kimi çıxış edir. Yazıda həmçinin Zaur İbrahimovun iş üslubu da tənqid olunur.

//Mahir Ağa, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr