Azərbaycanın UEFA reytinqində xal ehtiyatı daha da artıb.
Sportinfo.az xəbər verir ki, bu “Qarabağ” (Çempionlar Liqası), “Zirə”, “Sabah” və “Araz Naxçıvan”ın (Konfrans Liqası) ikinci təsnifat mərhələsindəki uğurlu oyunları sayəsində mümkün olub.
İlk matçlarında “Qarabağ” “Şelburn”a (İrlandiya) səfərdə 3:0, “”Sabah” “Peteokub”a (Moldova) rəqib meydanında 2:0, “Araz Naxçıvan” evdə “Aris”ə (Yunanıstan) 2:1 hesabı ilə qalib gəlib, “Zirə” isə Bakıda “Hayduk”la (Xorvatiya) heç-heçə (1:1) edib.
Buna görə də Azərbaycanın UEFA-da reytinqinə ümumən daha 0,875 xal əlavə olunub. Təsnifat mərhələsində hər qələbəyə 1, heç-heçəyə 0,5 xal verilir.
Bu isə iştirakçı ölkələrin komandaları arasında bölünür. Beləliklə, Azərbaycan bu həftə 3,5 xal qazanıb ki, bu da 4 yerə bölünüb.
haqqin.az yazır ki, tarixdə ilk dəfədir bir avrokubok həftəsində Azərbaycanın 4 təmsilçisindən 3-ü qələbə qazanıb, 1-i isə heç-heçə edib. Bunadək ən yaxşı göstərici 2022/23 mövsümündə olmuşdu.
Həmin vaxt 2-ci təsnifat mərhələsinin cavab oyunlarında dörd Azərbaycan klubu (“Qarabağ”, “Zirə”, “Qəbələ” və “Neftçi”) iki qələbə qazanıb, iki heç-heçə etməklə 3 xal toplamışdı.
Hazırda ölkəmiz əvvəlkitək UEFA reytinqində 29-cu olsa da (18,125 xal) artıq gələn həftə Rusiyanı (18,299 xal) ötərək bir pillə irəliləyə bilər.
28-ci pillədəki Ukraynanın isə 18,475 xalı var. Azərbaycandan 1 pillə geridə - 30-cu yerdə olan Bolqarıstan 16,875 xala malikdir (qol.az).