525.az saytına istinadən ain.az xəbər verir.
Rafael HÜSEYNOVAkademik
Təzə əsr, XX yüzillik başlananda Bakı İçərişəhərdən qırağa xeyli böyümüşdü. Ayrı-ayrı şəxsi mülklər, mehmanxanalar, restoranlar, müəssisələr bir-bir artırdı. Neft Bakısı getdikcə daha şox beynəlmiləlləşir, vaxt ötdükcə İçərişəhərdən çölə milli tərkib də kənardangəlmələr hesabına daha çox dəyişirdi.
Bunun XIX yüzilin sonları, XX əsrin əvvəllərində şəhərin mədəniyyət və təhsil həyatına da birbaşa təsiri vardı. 1885-ci ildə Moskva Konservatoriyasını bitirib Bakıya gələn Antonina Yermolayevanın açdığı ilk şəxsi musiqi məktəbində xeyli müddət nə bircə nəfər azərbaycanlı müəllim vardı, nə də bircə azərbaycanlı şagird. Hələ təzə əsr gəlməmişdən Çar imperiyası Bakıda Rus Musiqi Cəmiyyətinin ayrıca şöbəsini təsis etməyi lazım bilmişdisə, o çağlar bizim özümüzün hələ belə birliyimiz yoxdusa və həmin şöbə də nəzdində bir neçə musiqi sinifləri yaratmışdısa, bunun özü də Bayır şəhərdəki mədəni həyatın milli məzmunu haqda çox şey deyir. O illərin rusdilli "Bakinskiy listok", "Bakinskiye izvestiya", "Kaspi" qəzetlərini açırsan - teatr tamaşalarından, konsertlərdən soraqlar, daimi fəaliyyət göstərən yaddilli truppaların bolluğu haqda xəbərlər üstünlük təşkil edir. İçərişəhərdən fərqli olaraq, Bayır şəhərdə rus dili də gündəlik danışıqda tədricən daha sabit yer tutmağa başlayır. 1920-ci illər Bakısındakı musiqi gerçəkliyinin salnaməsini vərəqləyirsən - danılmaz tarix nisbəti aydın göstərir: şəhərdəki səhnələrin mütləq əksəriyyətində nisbət rusdilliliyin, milli olmayanın xeyrinədir.
1901-ci ildə Filarmoniyadakı ilk Şərq konsertləri, bölgələrdən gəlmiş xanəndə, aşıq və çalğıçıların ifaları ona görə hədsiz maraq və ciddi əks-səda doğurmuşdu ki, ümumi mənzərədə üstünlük Qərbə mailliyin tərəfində idi.
XXI yüzilin ilk onillərindən XX əsrin əvvəlinci onilliklərində yeni zamana girən Bakını seyr edərkən müşahidə edilən bu tablonun ardında mədəniyyətdən daha çox siyasətin dayandığını görməmək mümkün deyil.
Və yolunun əvvəlindən radionun ən mühüm milli xidmətlərindən birincisi bu oldu ki, xeyrimizə olmayan nisbətlərlə sürətlə dəyişən (bəlkə də daha dəqiqi - dəyişdirilən) Bakı mədəni mühitində dilimizi və sənətimizi önə çıxarmağa, solğunlaşdırılmaqdan, küncə sıxılmaqdan xilas etməyə, get-gedə daha artıq parlatmağa müvəffəq oldu.
Ona görə də Azərbaycan Radiosunda ilk ədəbi verilişlərin və musiqi proqramlarının təşkilatçıları və hərəkətverici qüvvətləri olmuş Məmməd Səid Ordubadi, Müslüm Maqomayev, Üzeyir və Zülfüqar Hacıbəyovlar bu gedişatda musiqi kollektivlərini təşkil etmək, qabil ifaçıları müntəzəm efirə çıxarmaq, tanınmış aktyorların təsirli səsləri və istedadlı təqdimatlarında ana dilində məşhur bədii əsərləri xalqa mütəmadi çatdırmaqla əslində mürəkkəb, həm də həlledici tarix dönəmində mahiyyətcə milli varlığımızı qoruyur, hələ yüksək qiyməti gərəyincə verilməmiş ali vətəndaşlıq missiyasını yerinə yetirirdilər.
Hələ İtaliyaya, Milan Konservatoriyasında təhsilini davam etdirməyə yola düşməzdən əvvəl radionun xalqla ilk görüşlərinin başladığı 1926-1927-ci illərdə Bülbül məlahətli avazında xalq nəğmələri, muğam parçaları, təsniflər, bəstəkar mahnıları xalqa yetişən müğənnilərin əvvəlincilərindən olmuşdu. Tara, muğama, milli papağa, çadraya keçmişin imtina edilməli qalıqları kimi baxıldığı və bunun bir siyasət olaraq yürüdüldüyü dönəmdə, elə radionun həmin ilk səsləniş dövründə hər gün efirdən Cabbar Qaryağdıoğlunun, Ələsgər Abdullayevin (1866-1929), Keçəçi oğlu Məhəmmədin (1864-1940), Hüseynqulu Sarabskinin, Seyid Şuşinskinin, Yavər Kələntərlinin, Hüseynağa Hacıbababəyovun, Cahan Talışinskayanın (1909-1967) avazları havalanırdısa, tarzən Qurban Pirimovun, qarmonçalan Əhəd Əliyevin (1893-1942) şirin çalğıları eşidilirdisə, bunlar bütün basqılara qarşı sözsüz və nəticəli qəti etirazların əyani ifadəsi idi.
Asta-asta camaat radio ilə elə isinişibmiş ki, artıq onun işinin ürəklərinə yatan tərzdə qurulmasından ötrü müdaxilələrini də edirmişlər. Diktor Soltan Nəcəfov həmin xoş təmasları belə yada salırdı: "Konsert proqramlarının hazırlanması əsasən diktorlara həvalə olunardı. Proqram bəzən musiqi redaktoru tərəfindən tərtib olunsa da, sonradan ifaçıların təkidiylə yenə də dəyişərdi. Belə hallar da olurdu ki, konsertin gedişi zamanı dinləyicilərin studiyaya zəng vurub arzu etdikləri musiqini radioda səsləndirərdik. Saatlarla davam edən belə konsertlərin fasilələrində isə 10-15 dəqiqəlik radio-qəzet oxunar, satirik əsərlərdən ibarət ədəbi verilişlər proqrama daxil edilərdi. Belə verilişlərdə şair Əliağa Vahid, Həsən Səyyar, səhnəmizin komik aktyorlarından Mirzağa Əliyev, Əhməd Anatollu, Məmmədli Vəlixanov və Dadaş Şaraplı tez-tez çıxış edərdilər. Canlı konsertlərdən əlavə, bəzən patefonla da konsertlərimiz olardı. Diktor musiqi nömrəsini elan etdikdən sonra patefonu da özü idarə edərdi. Çox vaxt belə konsertləri iki diktor aparmalı olurdu. Fondumuzda patefon vallarının azlığı maraqlı konsert proqramları vermək üçün çətinlik törədirdi. Odur ki, bu barədə ayrı-ayrı vətəndaşlara müraciət etməyə məcbur olardıq. Tanıdığımız yaxın adamlardan patefon vallarını alıb radioda səsləndirər, sonra yenə də özlərinə qaytarardıq. Bu işdə Hüseynqulu Sarabski, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Nəcəfqulu Musaxanlı radioya yaxından kömək edirdilər".
Bəhram Mansurovun atası Məşədi Süleyman (1872-1955) musiqi aşiqi idi, yaxşı tar da çalırdı və onun adını musiqi tarixçilərimiz sırasına da daxil etməyin yeri var. Çünki köhnə Bakının, bütövlükdə Abşeronun musiqi dünəni ilə bağlı bir çox maraqlı səhifələr onun əlyazmaları sayəsində tarixləşib, unuduluşdan qurtarıb. Məşədi Süleyman atası Məşədi Məliyin (1845-1909) adətini davam etdirərək İçəri şəhərdəki evində daimi musiqi məclisləri təşkil edərmiş. Canlı çalıb-oxumaqlardan savayı orada patefonda ayrı-ayrı mahir xanəndə və sazəndələrin nadir ifalarını da həvəslə dinlərmişlər.
Bunlar Bəhram ustadın mənə dönə-dönə danışdığı uşaqlıq xatirələridir və bunu da nağıl edirdi ki, 1920-1930-cu illərdə evlərində qalan və göz bəbəyi kimi qoruduğu həmin vallardan neçəsini - Cabbarın, Ələsgərin, Seyidlərin: həm bakılı Seyidin - Mirtağı Mirbabayevin (1867-1953), həm də qarabağlı Seyidin - Mir Möhsün ağa Mir İbrahim oğlu Şuşunskinin (1889-1965), həmçinin İslam Abdullayevin (1876-1964), Məcid Behbudovun (1873-1945) və digər xanəndələrinkiləri vaxtaşırı radioya aparırmış, səsləndiriləndən sonra geri qaytarırmış. Bunu da əlavə edirdi ki, hətta öz vallarımın xatirinə cibimdən pul verib radiodakı patefon üçün tez-tez iynələr alırdım ki, ardıcıl fırlatmalar ucbatından vallarım köhnəlməsin, xışıltıları artmasın.
Soltan Nəcəfov bunu da xatırlayırdı ki, səsləndirmələr üçün vallar gətirməyə dinləyicilərin marağı artsın deyə bununçün maliyyə də ayrılıbmış və xüsusi qonorar fondu varmış. Ancaq yalnız Bəhram Mansurov, Hüseynqulu Sarabski və radio ilə bilavasitə bağlı olanlar deyil, köhnə vallarını gətirən sıravi dinləyicilər də bunun əvəzində pul almaqdan imtina edər, "savabdır, qoy hamı eşitsin" deyərmişlər.
Yolunu təzə başladığı dövrdən radionun xalqa daha bir töhfəsi olmuşdu. Nəinki rayonlardan, heç Bakı kəndlərindən hər musiqi, teatr sevənin hər könlü istəyəndə şəhərə gələrək "Leyli və Məcnun"a, "Şah İsmayıl"a, "Aşıq Qərib"ə ...baxmaq imkanı yoxdu. Üstəlik gəlməyin getməyi də vardı, nəqliyyat çətinlikləri də az deyildi. Ona görə də artıq otuzuncu illərdən etibarən ayda bir, ya iki dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrından ayrı-ayrı tamaşalar translyasiya edilərdi.
Əvvəlcə Opera teatrı rəhbərliyində yüngülvari bir nigaranlıq yaranıbmışsa da ki birbaşa yayımlara görə tamaşaçılarımız azalar, zal boş qalar, tezliklə anlayıblarmış ki, təlaş əbəsdir.
Buna şahidlik Soltan Nəcəfovun xatirə səsində qalmaqdadır: "Translyasiya günü teatr binası tamaşaçılarla dolu olurdı. O vaxt onları tamaşadan daha çox səhnədə qoyulan mikrofonlar və radio aparatının işi maraqlandırırdı. Tamaşaçıların bu marağını görən Müslüm Maqomayev tezliklə mədəniyyət saraylarında, parklarda və Azərbaycan Dövlət Filarmoniyasında radionun bədii kollektivlərinin iştirakı ilə açıq konsertlər vermək qərarına gəldi. Konsertlərimiz böyük müvəffəqiyyətlə keçirdi. Açıq konsertlərin tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını nəzərə alaraq konsert repertuarlarını daha da canlandırmaq məqsədilə radioda xüsusi vokal qrupu yarandı. Bu qrupun tərkibinə görkəmli müğənnilərdən Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Zülfi Adıgözəlov, Yavər Kələntərli, Haşım Kələntərli (1899-1987 - R.H.), Əlövsət Sadıxov (1906-1970 - R.H.) və Zülfüqar Sarıyev (1883-1969 - R.H.) daxil edildi".
Respublika Radiosu işə başlayandan lap az sonra - 1928-ci ilin mayında Azərbaycan aşıqlarının Birinci qurultayı keçirilmiş və tanınmış saz-söz ustalarından bir neçəsi Üzeyir bəyin təşəbbüsü ilə ilk dəfə mikrofon qarşısında dayanmışdı. Radiodan birinci kərə aşıq ifaları eşidilmişdi.
Sonrakı bir neçə ildə radiomuzdan muğam, xalq mahnıları, yeni bəstələnmiş bəstəkar nəğmələri, eləcə də simfonik musiqi hər gün-günaşırı eşidilməkdə idisə də, sayı getdikcə artan reproduktorlardan saz sədası gəlmirdi.
Bunu ciddi kəsir hesab edən Radio Mərkəzi ayrıca əmri ilə 1932-ci il iyunun 19-da Zülfüqar Hacıbəyovu aşıq musiqisinin verilişi ilə əlaqədar boşluğu aradan qaldırmaqçün müvafiq tədbirlər görülməsi məqsədilə rayonlara ezamiyyətə göndərir və iyulun əvvəllərində artıq ad-sanı Azərbaycan boyunca olan Aşıq Əsəd (1874-1950), Aşıq Mirzə (1888-1960), Aşıq İslam (1893-1968), Aşıq Qara (1894-?) Bakıdaydılar və Bəhram Mansurov onların arasında şirvanlı sənətkar Mirzə Bilalın (1872-1937) olduğunu da deyirdi. Bunu da o səbəbdən vurğulayırdı ki, Mirzə Bilalın radioya gəlib çıxış etdiyi gün geniş söhbətləri olubmuş və ustad aşıq ona böyük Şirvan xanəndəsi və şairi Mirzə Məhəmmədhəsən (1851-1917) haqqında xeyli əhvalatları söyləyibmiş.
Soltan Nəcəfov da aşıqların həmin gəlişinin başqa bir diqqətəlayiq təfərrüatını xəbər verirdi: "Yaxşı yadımdadır, Müslüm Maqomayev aşıqları çox səmimi qarşıladı. Onlarla mehribancasına söhbət etdi. Aşıq yaradıcılığı onu çox maraqlandırırdı. Hətta o, Aşıq Əsəddən sazda bir melodiya çalmasını xahiş etdi. Aşıq çaldıqca bəstəkar da həmin melodiyanı fortepianoda təkrar edir, əlindəki karandaşla not dəftərçəsinə köçürürdü. Sonralar mən o melodiyaların ruhunu bəstəkarın yazdığı "Karvan" rapsodiyasında və xüsusən "Nərgiz" operasında hiss etdim".
Azərbaycan radiosunun ahəstə-ahəstə öz cazibədar çöhrəsini tapmaq səmtində hər gün, hər saat çalışdığı çağlarda Müslüm bəyin beləcə istər-istəməz hiss edilən izi və ruhu hər addımda vardı.
Həmin nəcibliklərdən biri də bənzərsiz səsi olan gənc müğənni Cəvahir Firidunbəylini (1912-1989) üzə çıxarması, səhnəyə və radioya gətirməsi idi. Ancaq nə heyif ki, o qədər gözəl, duyğuyla daşan avazı olan, o dövrdəki musiqimizdə olan xanım müğənnilərin heç birinə bənzəməyən Cəvahir xanım ifaçılığımızda elə şimşək kimi çaxıb keçmişdi. Elə həmin 1930-cu illərin əvvəllərində tale onu gələcəyin məşhur neft mühəndisi, iki dəfə Stalin mükafatı laureatı olacaq Yusif Səfərovla (1907-1963) rast salmışdı, 1933-cü ildə qovuşmuşdular və hamını məftun edən oxularından biri də vala, lentə yazılmadan Cəvahir sənəti ailəyə qurban vermiş, oxumaq eşqini ürəyindəcə söndürmüşdü.
Cəvahir xanımın səhnədə, mikrofon qarşısında olduğu çağlar mənim doğumumdan onillər əvvələ təsadüf edirsə və onun heç bir səs yazısı da qalmamışdısa, bəs o xanımın səsinin oxşarsız lətafətindən niyə belə əminliklə bəhs edə bilirəm? Qismət! Və səbəb də yenə elə radio oldu. Köhnə sənətkarlardan aldığım müsahibələrdən birində Cəvahir xanımın adı keçmişdi, haqqında əlavə məlumatlar arayıb tapmayanda "bəlkə tanıdı" ehtimalı ilə onun barəsində Bəhram Mansurovdan soruşmuşdum, o da bu səsi tərifləmişdi, sənətdən erkən ayrılmasına təəssüflənmişdi və qayıtmışdı ki, onun haqqında nəsə öyrənməkçün dağa-daşa düşməyinə lüzum yoxdur, Anar onu hamıdan yaxşı tanıyır. "Hardan?" marağı ilə heyrətlənmişdim və bəlli olmuşdu ki, sən demə, Cəvahir xanım Anar müəllimin qayınanası imiş.
(Cəvahir xanımın yarımçıq qırılan musiqiyə bağlanmaq sevdasını musiqişünas qızları - heyiflər ki, vaxtsız itirdiyimiz Əməkdar incəsənət xadimi, professor Elmira Səfərova (1934-1997) və Əməkdar elm xadimi, akademik Zemfira Səfərova (1937) davam etdirdilər).
1983-cü ildə, həmin söhbətdən bir neçə gün sonra Anar müəllim, Zemfira xanım və "əsərin qəhrəmanı" Cəvahir xanım artıq Bəhram ustadın qonaqpərvər mənzilində idik. Şam edib çay süfrəsinə keçəndən sonra Bəhram müəllim həmişə kökdə olan tarını götürüb asta-asta gəzişməyə başladı və ayaq verib qanrıldı Cəvahir xanıma sarı. Yəni o cürə adətən səhnədə, məclisdə tarçılar oxuyana baxırlar ki, mən ayaq verdim, indi sən buyur. Belə məlum oldu ki, elə Bəhram müəllimin daimi kökdə saxladığı tarı kimi, Cəvahir xanımın səsi də uzaq 1920-30-cu illərdən bəri kökdə imiş və başladı oxumağa. Hamımız valeh olmuş, həm də mat qalmışdıq.
Çox da anası idi, heç Zemfira xanım da Cəvahir xanımın belə oxusunu o günəcən eşitməmişdi.
Qarşımızdakı yaşlı bir qadın idi, amma bu səs gənc bir qızın oxusu idi. Məəttəl qalmamaq da mümkün deyildi.
Bir neçə gün sonra artıq Azərnəşrin binasında növbəti məşqinə toplaşmış "Humayun" ansamblının müşayiəti ilə ilk dəfə Cəvahir xanımın oxusunu eşidən Əlibaba Məmmədovun (1930-2022) təəccübü bizimkindən də artıq oldu.
Çox keçmədən "Axşam görüşləri" verilişinin Cəvahir xanım haqqında hazırlayacağım ayrıca buraxılışı üçün onun hamıda xoş bir şaşqınlıq yaradan ifasında bir silsilə xalq mahnısını və geniş müsahibəsini Radionun Səsyazma Evində lentə aldıq.
Cəvahir xanımı indi, illər ayrılığından sonra bu radio tarixçələri içərisində xatırlamağıma səbəb ilk diktorlarımızdan olmuş, 1930-cu illərin lap başlanğıcında, Mərkəzi poçtampda yerləşmiş Radio Mərkəzinin səsyazma studiyasında, həmkarları ilə çəkdirdiyi fotonun arxasındakı qeydində ömrünün bu parçasını "səadətli radio illəri" adlandırmış Hüseyn Natiqin (1912-1941) arxivində tapdığım bir şeir oldu. Şeir "Kənddə bahar" adlanır və həsr olunub Cəvahir Firidunbəyliyə.
Şən üfüqlər yaqut kimidir,
hər tərəf gözəl, hər yan gülür çiçəklə
Al-qırmızı lalə-qərənfil naz edər, oynar, sevişər kələbəklə.
Zümrüd dağlar
Sevər yazı,
Saf bulaqlar
Çalar sazı.
Bax təbiət şən, quşlar ötüşür,
Kəndin qızları hey deyib-gülüşür.
Kənddə bahar sevimlidir, dadlıdır,
Baharın qəlbində nəş`ə çağlayır.
Şeh düşərkən yaşıl çəmənə sanki
almazdır, göz qırpar düzlərə,
Şəfəq rəngli qözəl qızlar gül toplar, öpər, şeh damlar bəyaz üzlərə.
Coşar könül,
Qanı qaynar
Söylər hər gül:
"Bahar, bahar".
Sular çağlar, kənd də olar şad,
Həm qızlar şad, qəmlərdən azad.
Kənddə bahar, bir baxınız çox şəndir,
Hər yan gülür, şux təbiət gülşəndir.
Hamısı cavanmış, hamısı arzuyla, ümidlə, sabaha inamla doluymuş, hamısı hər yeni günü təzə nələrsə yaratmaq şövqü ilə başlayırmış, hamısının içərisində bahar gülürmüş və hamısının könlündə, elə bu şeirdə deyilən kimi, nəş`ə çağlayırmış.
Təzəcə yola çıxmış radioya ən çox baş çəkənlərdən olan, elə onlarla tay-tuş olan Süleyman Rüstəm də məşhur şeirinin sərlövhəsini səbəbsiz yerə "Ələmdən nəş`əyə" qoymamışdı. Bu cavanlarçün üfüqləri geniş yeni zaman başlanırdı və rastlaşdıqları yüz cür çətinliklərə məhəl qoymadan onlar özlərini gərəkliliklərini duyaraq xoşbəxt sayırdılar.
Kim ki bizim günlərdə hərdən-hərdən bəzilərinin sovetlər dövrünü xiffətlə anmasını qəddar və çürük daxili aləmi insanlara yaxşı bəlli olan Sovetlər Birliyindən, o çağın siyasətindən ötrü darıxmaq, həmin günlərin qayıtmasını arzulamaq kimi qavrayırsa, çox yanılır.
İnsanların qəribsədiyi, bazar iqtisadiyyatından əvvəlki dönəmin yaxşı-yaman sosial bərabərliyi, hüdudları indi aydın görünən imkanlı-imkansız təbəqələşməsinin o vaxtlar olmaması, kimlərinsə kənar rəylərə məhəl belə qoyulmadan qəfil və yetərincə də layiqli olmayan irəliyə itələmələrlə deyil, əksəriyyətin istedadı, çalışqanlığı, üstün fərdi keyfiyyətləri ilə yüksəlməsinə və nailiyyətlər qazanmasına fürsətlərin açıq olduğu, sözün birbaşa və dolayısı anlamında insanların bir-birinin kitabını oxumağa maraq göstərdiyi, ümidin də, inamın da, lap elə bütün yasaqlara rəğmən imanın da bol, həyat şərtinə döndüyü günlərdən sarıdır.
O dövrün adamları XXI əsrə indi həmin əsrə gəlib çatmış və bu yeni minilliyi yaşayan insanlardan daha çox inanır və ümidlər bağlayırmışlar.
Gənc Azərbaycan radiosu da həmin hisslərin ürək-ürək, düşüncə-düşüncə yayılmasına çox kömək edirmiş...
1927-ci ildə Bakıda Azərnəşr "Radionun gələcəyi" adlı kitab buraxıb. Bu, 2 il öncə Moskvada P.Rımkeviç və B.Smirenin adlı qoşa müəllifin rusca nəşr edilmiş "Radio zavtra" kitabının tərcüməsi idi. Radio Sovet İttifaqında da, Azərbaycanda da ilk addımlarını atdığı çağlarda yazılmış həmin kitab keçmişə deyil, sabaha baxırdı və radionun cəmiyyət həyatındakı 25 il sonrakı yerini təsəvvür etməyə çalışırdı: "25 illik bir vaxt çoxmu, ya azmıdır? Üzərində yaşadığımız Yerə nisbətən bu müddət çox uzun buir vaxtdır. Bu müddət ərzində bir çox şeylər dəyişə bilər. Yerin yaranmasından on milyonlarca illər keçmişdir. O halda əsrin dörddəbir hissəsi kimi az bir vaxt olduqca bir şey deyilmi? Bu müddət Yerin varlığı tarixində bir qum, ya bütün Kainatın həyatında isə bir saniyədən də azdır. Bizim məqsədimiz gələcək yaxın 25 il ərzində radiotexnikanın göstərəcəyi tərəqqini qeyd etməkdir.
...1950-ci ildə yaşayacaq radio aləmi bu kitabın saralmış yarpaqlarını oxuyub xəyalat qüvvəmizin nə qədər dar və məhdud olduğuna güləcəkdir.
Texnikanın tərəqqisi ən qüvvətli romançıların xəyalından daha sürətlə irəli gedir".
O kitabda yaxın 25 ildə artıq qəzetin ömrünü başa vuracağı, indiki təsəvvürlə deyəcək olsaq, bütünlüklə elektron daşıyıcılara keçiləcəyi bəyan edilirdi.
O kitabda düşünüldüyü kimi, bunlara insanlar artıq 1950-ci ildə şahid olmasalar da, indi, 2025-ci ildə həmin öncəgörmənin qarşıdakı 25 ildə adi həyat həqiqəti olacağı əsla şübhə doğurmur - göz önündəki gedişat buna doğrudur.
Bir elmi fantastika nümunəsi olan həmin əsərdə əsrin yaxın dörddəbiri ərzində radionun ağlasığmaz sürətli inkişafda nail olduğu xariqələr də, o vaxtlar hələ hansı sözlə adlanacağı belə bəlli olmayan televiziyanın artıq dünyanın hər yerində həyatın ayrılmaz müşayiətçisi olması da, biliyin cəmiyyətə məhz bu ötürücülər vasitəsilə inanılmaz yeyinlikdə sirayət edərək düşüncələri çox-çox irəlilərə aparması da təsvir edilir, bu nağılvari uğurlara yetişmənin başlıca səbəblərindən biri kimi də radionun elm yayıcılığı və dünyagörüşü genişləndiriciliyinə verdiyi töhfələr göstərilirdi.
Vladimir Leninin məşhur ifadəsiylə "kağızsız və məsafəsiz qəzet" adlandırılan radioda fəhlə-kəndli universiteti ilk dəfə 1928-ci ildə Moskva efirində eşidilmişdi. Növbəti ildə artıq bu təcrübə Azərbaycan radiosunda da müvəffəqiyyətlə tətbiq edilməyə başlandı.
1920-ci illərin sonlarına doğru yeni-yeni irəliləyən Azərbaycan radiosunda da, elə gündəlik həyatda da qəzetin yeri çox mühüm idi. İnsanlar nəşr edilən qəzetləri də həvəslə oxuyurdular, Azərbaycan radiosunda da bir-birinin ardınca yaranan şifahi Radioqəzetləri, Radiojurnalları, Radiomühazirələri, Fəhlə Radiouniversitetlərini maraqla dinləyirdilər.
Başqa sözlə, öyrədicilik, maarifçilik get-gedə Azərbaycan radiosunun ana xəttinə çevrilirdi.
1929-cu ilin sonlarında artıq Azərbaycan radiosundakı radioqəzet və radiouniversitetlərin sayı 20-ni keçirdi və bu verilişlər saat etibarilə konsertlər və musiqili verilişləri də ötmüşdü. Çoxalan radio qəzetlərinin yeknəsəqlik yarada biləcəyini nəzərə alaraq işi daha sistemli qurmaqçün ayrı-ayrı redaksiyalar yaratmaq qərara alınır.
Radiomuzdakı ilklərdən olan "Elm-təhsil", "Təbliğat" redaksiyalarında o çağlar gənc olan, çox keçmədən Azərbaycanın elmi və ictimai-siyasi həyatında əhəmiyyətli yerlər tutacaq Məmməd Arif, Qubad Qasımov, Camal Paşayev, Əli Aslanov, Əsəd Zeynalov, Ruqiyyə Şirəlizadə, Qılman Musayev, Əbdül Əzimov, Qulam Məmmədli kimi qabiliyyətli qələm sahibləri və düşüncə adamları çalışırdı.
Lap əvvəldən radionun gənc nəslin tərbiyəsində oynaya biləcəyi rola xüsusi diqqət yetirilirdi və həm Azərbaycan radiosunun, həm də 1956-cı ildən onun çiyindaşına çevrilən Milli Televiziyamızın bu sahədə ən yüksək təqdirlərlə xatırlanmalı əməkləri olub.
Artıq 1930-cu illərdən etibarən uşaqlar üçün hazırlanan bir sıra verilişlər yalnız balacaların deyil, elə bütöv ailələrin də sevimlisinə çevrilmişdi. O vaxtlardan başlayaraq ta sonrakı 70 ilədək uzun müddət boyunca da uşaq redaksiyası Azərbaycan radiosunda aparıcı mövqedə oldu, həmin redaksiya xətti ilə hazırlanan bir sıra verilişlər və onların aparıcıları ümumxalq sevgisi qazandılar, Azərbaycan uşaqlarının bir çox nəsillərinin savadının artmasına, zövqünün yüksəlməsinə, milli dəyərlərə yiyələnərək sağlam mənəviyyatla böyüməsinə yardımçı oldular. Azərbaycan radiosunun müxtəlif illərinin şuxluq saçan Xoruz babası, dili nağıllı Piri babası, Biləyən nəvəsi ilə birgə sütül beyinləri mütəmadi bilik məşqləri və daha çox oxuyub-öyrənmək yarışlarına səsləyən Savalan babası, gur işığı məktəbimizin maarif şəfəqini artırmağa yönəlmiş "Ulduz" radio jurnalının millət quruculuğundakı böyük xidmətləri unudulmazdır.
Təməllərsə 1930-cu illərdə qoyulurdu və həmin başvermişlərin canlı şahidi və səliqəli salnaməçisi Soltan Nəcəfov yada salırdı ki, Azərbaycan Radiosunda ilk uşaq şöbəsinin redaktoru gənc jurnalist Ruqiyyə Şirəlizadə olub və şöbədə əməkdaşların azlığı səbəbindən qələmli diktorlar da bu işə cəlb edilirmiş, daha sonra isə bacarıqlı cavan jurnalistlərin gəlişi ilə hər şey sahmana düşür: "İlk illərdə "Pioner" radio qəzeti ilə yanaşı həftədə bir və ya iki dəfə Azərbaycan və rus dillərində "Canlı radio qəzeti" adı ilə verilişimiz olurdu ki, bu da hər dəfə bir məktəbin pioner təşkilatı tərəfindən hazırlanırdı. Bu verilişlərdə Azərbaycan pionerlərinin fəaliyyətindən bəhs olunurdu. İllər keçdikcə radioda uşaq verilişlərinin sayı artır, formaları da dəyişirdi. Təxminən 1933-cü ildə "Pioner" radio qəzeti "Səməd əminin söhbəti" verilişi ilə əvəz edildi. Bu veriliş rus dilində də "Kostya dayının söhbətləri" adı ilə efirə gedirdi. Səməd əmi rolunda əsasən respublikanın xalq artisti Mustafa Mərdanov çıxış edərdi. Çox vaxt radio işçiləri onu zarafatla "Səməd əmi" deyə çağırardılar. Verilişin mətnini Qulam Məmmədli yazardı. Rus dilində verilişi isə müəllim Aprişko aparırdı. Hər iki veriliş məktəblilərin ən çox sevdiyi və maraqla dinlədiyi verilişlərdən idi. Burada dərs əlaçılarının işindən bəhs olunar, elmin müxtəlif sahələrinə aid məlumatlar verilər, bədii əsərlərdən parçalar oxunardı. Bu veriliş haqqında məktəblilərdən çoxlu məktub alardıq. Adlarını çəkdiyim radio verilişlərindən əlavə uşaqlar üçün müntəzəm olaraq müxtəlif mövzularda nağıllar, kiçik hekayələr, şeirlər, poemalar verilər, radio səhnəcikləri və məktəblərdə açıq konsertlər təşkil olunardı".
Teatr tariximizin misilsiz bilicisi olan Qulam Məmmədli xatırlayırdı ki, belə verilişlərin təqdimində, xüsusən uşaqlarçün radiosəhnəciklərin ifasında diktorlar Leyla Terequlova, Hüseyn Natiq, Səməd Səmədov, Soltan Nəcəfov, Əsgər Məsumzadə, Hacıbaba Hacıyev və digərləri xüsusən can yandırar, mikrofon qarşısında əsl aktyorlara çevrilərdilər.
Efirə canlı gedən həmin səsləndirmələri dinləmişlərin, xatirə söyləyə biləcəklərin hamısının artıq həyatdan getmiş olduğu indiki çağlarda o günləri bugünə gətirə bilən körpülər tək-tək də olsa, hər halda var. O verilişlərdən bir qisminin əlyazmalarını Soltan Nəcəfov götürüb saxlamışdı, uşaqlar üçün hazırlanmış bir sıra radiosəhnəciklərin, başqa dillərdən şeir və nağıl tərcümələrinin mətnləri isə radionun ilk diktorlarından və bu qəbil proqramların hazırlanmasının fəal iştirakçılarından Hüseyn Natiqin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan arxivində saxlanmaqdadır. Həmin salamat qalmış və o çağlarkı Azərbaycan radiosunun səslər dünyasını indiyə çatdıran yadigar yazılar bu istiqamətdə işləmişlərin hər birinin necə ürəklə, necə məsuliyyətlə, bu verilişlərin xalqın sabahından ötrü yüksək mənasını necə vətənpərvərcə duyaraq çalışmalarının əyani göstəricisidir.
O dövrün mətbuatı, radiosu Azərbaycanın bir şəhərində, kəndində, qəsəbəsində baş verən sevindirici hadisəni bütün respublikanınkı, Sovet İttifaqının həyatından keçən hansısa əlamətdar xəbəri o çağlarda ortaq ölkə sayılan nəhəng məkanda ən qısa müddətə hamınınkı etməyi bacarırdı.
Hətta Hüseyn Cavid kimi müasir mövzulardan qaçan ustad belə yeri gələndə ümumi ruh yüksəkliyinin ifadəsi olan mətləblərdən yan keçmirdi. Cavid də Bakı işçisinə həsr etdiyi "Çəlik qollar" şeirində çelyuskinçiləri rəğbətlə anırdı:
Ey şanlı əmək ordusu, ey şanlı mübariz!
Çoqlar səni zənn etsə də aciz,
Sən yüksələcək, parlayacaq, parladacaqsın,
Hər qütbə şətarət qatacaqsın.
1934-cü ildə professor Otto Şmidtin (1891-1956) rəhbərliyi ilə "Çelyuskin" gəmisi ilə Şimal qütbündə araşdırmalar aparmaq, yük gəmilərinin şimal dəniz yolu ilə keçməsinin mümkünlüyünü öyrənmək məqsədilə kəşfiyyata gedən xüsusi ekspedisiya həyatla ölüm arasında qalır. Gəmi qəzaya uğrayır və elmi ekspedisiyanın üzvləri bir neçə ay boyunca buzlaqlar üzərində çadır quraraq yaşamağa məcbur olurlar. Onların ardınca Şimal qütbünə yola düşən və darda qalanları xilas edən "Krasin" buzqıran gəmisi heyətinin də, çelyuskinçilərin də qəhrəmanlığı o dövrdə sovet mətbuatı və ədəbiyyatının diqqətindən düşməyən mövzu imiş.
Həmin hadisələrdən 45 il ötəndən sonra - 1979-cu ildə dünya artıq başqa idi və o mövzuya hər hansı maraq lap çoxdan itib-getmişdi. Ancaq həmin ilin oktyabrında radioda hazırladığım və daimi mətn oxuyucuları Ramiz Mustafayevlə Züleyxa Hacıyeva olan "Axşam görüşləri"nin Cavidin növbəti ildönümünə həsr etdiyim guşəsindəki şeirlərin ifasından ötrü Soltan Nəcəfovu ayrıca çağırmışdım və seçdiyim parçalar arasında böyük şairin heç də bir sıra bədxah müasirlərinin iddia etdiyi kimi axarında olduğu həyata, müasir mövzulara biganə qalmadığını göstərməkçün həmin "Çəlik qollar" şeiri də vardı.
Cavidin o şeirini oxuyanda doluxsunan kimi olmuşdu, səsindən qəhər keçmişdi, operatordan yazılışı dayandırmasını xahiş edərək həmin hissəni bir də təkrar ifa etmişdi. Studiyadan çıxanda isə söyləmişdi ki, Cavid əfəndinin bu şeiri məni çox uzaqlara, cavanlığıma apardı. 45 il əvvəl mən "Qəhrəman çelyuskinçilər" adlı radiooçerk yazmış, mətni də efirdə özüm oxumuşdum, o veriliş efirdə 1934-cü il aprelin 5-də səslənmişdi.
Soruşmuşdum ki, bu şeir, çelyuskinçilər məsələsi indi təsadüfən qarşınıza çıxdı, bəs verilişin tarixi necə olub ki, belə dəqiqliklə yadınızdadır?
Soltan müəllim qayıtmışdı ki, bu, radioda gedən ilk müstəqil bədii oçerkim idi, ona görə doğum tarixim kimi yaddaşıma həkk olunub.
Ancaq Soltan müəllim ömrünün bir başqa hadisəsini də elə həmin cür dəqiqliklə hafizəsində daşıyırdı.
Hekayət edirdi ki, 1934-cü ildə Aleksandr Puşkinin "Çar Soltan haqqında nağıl"ını Mustafa Mərdanov və Hüseyn Natiq uşaqlar üçün səhnələşdiribmişlər. Əsərə radionun simfonik orkestri gözəl musiqi tərtibatı veribmiş, aparıcının sözlərini Leyla Terequlova oxuyurmuş və Çar Soltan rolu da diktor Soltana tapşırılıbnış.
Radiotamaşanı hamı bəyənibmiş, Soltan müəllim rolunu çox yaxşı ifa edibmiş və məktublar yazan dinləyicilərin arzusu ilə sonralar bu səhnələşdirmə bir neçə dəfə də təkrarlanıbmış.
Soltan müəllim qat kəsmiş həmin köhnə dinləyici məktublarını da mənə göstərmişdi, bunu da onillərdən bəri soyumayan iftixarını gizlətmədən danışırdı ki, orkestrin ovaxtkı üzvlərindən bəziləri xeyli sonralar da onu görərkən zarafatla "Çar Soltan" çağırarmışlar.
1930-cu illərin əvvəllərindən etibarən radioya ünvanlanan məktubların qalaq-qalaq olmasına səbəb dalğaların çatdığı əhatənin günbəgün genişlənməsi idi. 1930-cu ildə Azərbaycan boyu 269 radioyayım məntəqəsi vardısa və bu, vur-tut 4 yaşı olan Radiomuz üçün gününə görə böyük nailiyyət sayılırdısa, 1932-ci ilin bitəcəyində respublika ərazisindəki radiotranslyasiya məntəqələrinin sayı 20.409-a çatmışdı. Artıq yalnız Bakıda deyil, bir çox rayon mərkəzləri və kəndlərdə də evlərə radio xətti çəkilməsinə başlanmışdı. Fəhlə klublarında, kolxozlarda insanların reproduktorlar ətrafına yığılaraq hər gün daha artıq millətinkiləşən radionu dinləmələri adətə dönürdü.
Uşaqlıq illərimdən yadımda radionun Azərbaycan mühitinə yeni sirayət etdiyi illərin bir söhbəti də qalıb. Elə həmin 1930-cu illərin söhbətidir. Əhvalat vaqe olur Kürdəmir rayonunun Muradxan kəndində, o qadının adını da deyirdilər, indi yadımda deyil və ola bilsin, bənzər hadisələr başqa yerlərdə də baş verirmiş.
Pambıq yığımının qızğın vaxtları imiş, həmin qadının qabaqcıllardan sayılan istəkli qızı da səhərdən tarladaymış və adətən də toplanan pambıq günün axırında hər kəsdən ayrıca çəkilib təhvil alındığından xeyli vaxt aparırmış, qız-gəlin evə qaş qaralandan çox sonra gəlib çatırmış. Axşamüstü imiş, radioda növbəti konsert başlanır, həmin qadın da tez uşaqları səsləyir ki, a bala, radionu bağlayın, qızın xoşu gələn havaları verirlər, o, tarladan qayıdanda açarsız ki, eşitsin, yorğunluğu çıxsın.
Radionun üfüq-üfüq uçan cilovsuz dalğalarını düymə basmaqla saxlamaq nə o vaxt mümkün idi, nə indi. Radio zaman çayı kimi durmadan axıb gedir, uçub gedir. Amma insan yaddaşı daha etibarlıdır və ən əski günlərin də xatirəyə dönmüş dalğalarını öz mücrüsündə sədaqətlə qoruyub saxlayır, könül istəyən hər anda o dalğalar dərhal canlanaraq yeni bitməz uçuşunu davam etdirir.
16 iyul 2025
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.