ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Ümumtəhsil məktəblərində direktorların təyinatında əxlaqi və ictimai nüfuz amillərinin nəzərə alınmaması: cəmiyyətimiz üçün təhlükəli tendensiya
Son onilliklərdə Azərbaycanın təhsil sistemində bir sıra ciddi islahatlar həyata keçirilmişdir. Məqsəd təhsil müəssisələrində şəffaflığı artırmaq, savadlı və müasir düşüncəli kadrları önə çəkmək, həmçinin milli və mənəvi dəyərlər üzərində qurulan sağlam tədris mühitini möhkəmləndirmək idi. Lakin çox təəssüflə qeyd etməliyik ki, bəzi hallarda həyata keçirilən prosedurlar formal xarakter daşıyır, nəticədə zəruri dəyərlər tamamilə nəzərə alınmır. Bu isə təhsilin keyfiyyətindən daha çox, ümummilli əxlaqın və gələcək nəsillərin mənəvi tərbiyəsinin məhvinə səbəb olur.
Məktəb direktorlarının təyinat prosesi nəzəri baxımdan kifayət qədər ciddi və mərhələli görünür. Belə ki, namizəd ilk növbədə ali pedaqoji təhsilə malik olmalı, azı 5 illik pedaqoji təcrübəsi olmalı, bundan sonra isə test imtahanı, esse mərhələsi və sonda müsahibə mərhələsindən keçməlidir. Bu mərhələlər sanki obyektiv seçim üçün mexanizm rolunu oynamalıdır. Əslində isə həqiqət bundan çox fərqlidir.
Hər il minlərlə müəllim bu imtahanlara hazırlaşır: müxtəlif test kitabçaları əldə edir, kurslara yazılır, təlimlərə qatılır, yüzlərlə saatını, ailə büdcəsini bu prosesə sərf edir. Lakin sual yaranır: “Bütün bu mərhələləri keçən şəxslərin əxlaqi səviyyəsi, şəxsiyyət keyfiyyətləri və mənəvi dünyası da bu mərhələlər qədər qiymətləndirilirmi?” Təəssüf ki, cavab çox vaxt xeyr olur.
Məktəb direktoru vəzifəsi inzibati idarəçilikdən qat-qat artıq anlam daşıyır. O, məktəbin ən ali simasıdır – müəllimlərin həmkarı, şagirdlərin yol göstərəni, valideynlərin inam ünvanıdır. Direktorun davranışı, nitqi, geyimi, şəxsi həyatı şagirdlər üçün istər-istəməz nümunə təşkil edir. Bu gün cəmiyyətimizin ən böyük faciələrindən biri budur ki, bəzi hallarda rəhbər vəzifələrə yalnız test və müsahibə nəticəsinə görə şəxslər seçilir, onların şəxsi və ictimai nüfuzu isə ya heç nəzərə alınmır, ya da formal sorğu ilə kifayətlənilir.
Əgər bir qadın direktor vəzifəsinə təyin olunursa və onun şəxsi həyatı ilə bağlı ictimai rəydə açıq-aşkar mənfi münasibət var idisə, bu şəxs əvvəllər (və bəzən indi də) yüngül həyat tərzi sürməsi ilə tanınırdısa, bu hal təkcə onun öz problemi deyil. Bu hal bütün məktəb kollektivini və orada təhsil alan uşaqları əhatə edən mənəvi zəhərlənmə mühitini yaradır. Valideynlər övladlarını əxlaq dərsi almağa göndərir, amma məktəb rəhbəri ictimai əxlaqa zidd davranışları ilə cəmiyyətin gözündə hörmətdən düşür.
Hətta belə hallara da rast gəlinir ki, bəzi məktəb direktorları açıq-saçıq geyim tərzləri, zahiri imiclərinə həddən artıq önəm vermələri, plastik əməliyyatlarla cəlbedici görünmək həvəsi və insanlarda cinsi cazibə oyatmağa hesablanmış davranış formaları ilə faktiki olaraq məktəb mühitini əxlaqi böhrana sürükləyirlər. Əgər bir direktor özünü məktəbin deyil, şou-biznes nümayəndəsinin obrazında təqdim edirsə, hansı mənəvi dəyərlərdən danışa bilər?
Bunun daha təhlükəli tərəfi odur ki, bəzən bu kateqoriyadan olan rəhbər şəxslər şagirdlərə münasibətdə etik sərhədləri də aşırlar. Mətbuatda və ictimai müzakirələrdə tez-tez belə faktlar səslənir ki, hansısa müəllim və ya direktorun şagirdi ilə şəxsi münasibətləri olub, onun ailəsini dağıdıb, yaxud da uşaqların psixologiyasına zərbə vurub. Bu isə artıq cinayət xarakterli məsələdir və gələcəyimizi məhv edən amildir.
Sual olunur: əgər namizədin sadəcə test balı yüksəkdirsə, amma o insanın ailə dəyərlərinə, əxlaqa münasibəti, cəmiyyətdəki reputasiyası bərbad vəziyyətdədirsə, niyə belə şəxslər təyinat alır? Məgər biz təhsil müəssisəsini biliklə yanaşı əxlaqın da təməlini qoyan məkan hesab etmirmiyik? Məgər milli vətənpərvərlik, milli kimlik, ailə müqəddəsliyi təhsilin tərkib hissəsi deyilmi?
Çox təəssüf ki, bir çox hallarda yuxarı dairələrdə əlaqələr, tanışlıq, rüşvət və formal şablonlar əsl dəyər kriteriyalarını arxa plana keçirir. Bu səbəbdən “direktorluq kreslosu” sanki savadlı, əxlaqlı, vətənpərvər insanların deyil, öz şəxsi maraqlarını hər şeydən üstün tutan, “özünü reallaşdırmaq” üçün məktəbi reklam meydanına çevirənlərin əlində qalır.
Bu gün valideynlərə sual verin: neçə nəfəri məktəb direktorunun həyat tərzi, davranış tərzi qane edir? Neçə nəfər belə bir direktorun övladını tərbiyə edəcəyinə əminliklə inanır? Cəmiyyətdə bu suallara verilən cavablar olduqca acınacaqlı və narahatlıq doğurur.
Üstəlik, bəzi müəllim kollektivləri də belə direktorların təsiri altında susmağa məcbur qalır. Çünki təəssüf ki, çox hallarda ədalətli tənqidə, səs qaldırmağa çalışan pedaqoqların da karyerası təhlükə altına düşür. Beləliklə, məktəbdə kollektiv qorxu və ikili standartlar mühiti yaranır.
Odur ki, dövlət səviyyəsində məktəb direktorlarının təyinat mexanizmi köklü şəkildə dəyişdirilməlidir. Təklif olunur ki:
Yalnız test balı yox, geniş ictimai reputasiya sorğusu keçirilsin.
Namizədlərin ailə dəyərlərinə münasibəti, şəxsi nümunəsi xüsusi olaraq qiymətləndirilsin.
Tədris müəssisəsinin rəhbərliyinə təyin olunan şəxslər üçün etik davranış kodeksi hazırlansın və icrası məcburi olsun.
Məktəb direktorunun ictimai davranışını tənzimləyən inzibati nəzarət mexanizmləri gücləndirilsin.
İctimaiyyətə açıq hesabatlılıq sistemi qurulsun.
Yaddan çıxarmamalıyıq: məktəb sadəcə təhsil müəssisəsi deyil, həm də uşaqların dünyagörüşünü, şəxsiyyətini və əxlaqını formalaşdıran ilk böyük sosial mühitdir. Əgər o mühitin başında milli dəyərlərdən, ailə müqəddəsliyindən uzaq insanlar durursa, gələcəyimiz təhlükə altındadır.
Direktor kreslosunu sırf ambisiya, gözəgörünməz maraqlar, şəxsi nüfuzu şişirtmək vasitəsi sayan şəxslərin əlində məktəb ləyaqətini itirir. Biz isə xalq olaraq, gənc nəslə tərbiyə vermək məsuliyyətini itiririk.
Bu mövzu heç vaxt sıradan bir məsələ deyil. Əgər bir cəmiyyət əxlaqı yalnız formal imtahan sisteminə qurban verirsə, o cəmiyyətin gələcəyi qaranlıqdır. Yalnız ailəsinə, xalqına, mənəvi dəyərlərə hörmət edən, nümunəvi həyat tərzi sürən, heç bir şübhəli reputasiyası olmayan müəllimlər məktəbə rəhbərlik etməlidir. Əks halda, əxlaqsızlıq və ləyaqətsizlik gələcəyimizin rəsmi proqramına çevriləcək.
Həşimov Məhəmməd İsmayıl oğlu
Şəmkir rayon Şiştəpə kənd Qalib Allahverdiyev adına tam orta ümumtəhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və fiziki tərbiyə müəllimi.
051 996 87 88
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.