AZ

Viktor Dyökereş rəsmən “Arsenal”da!

Lissabon “Sportinq”inin 27 yaşlı isveçli mərkəz hücumçusu Viktor Dyökereş bundan sonra “Arsenal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Arsenal”ın rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid London klubuna 65,76 milyon avro məbləğ müqabilində başa gəlib.

Viktor Dyökereş futbola “İFK Aspudden-Tellus” klubunda qədəm qoyub. Buradan “Brommapoykarna”ya keçmiş Dyökereş böyük futbolda debüt edib. Hücumçu karyerası ərzində “Brayton”, “Sankt-Pauli”, “Suonsi Siti”, “Koventri Siti” və Lissabon “Sportinq”ində çıxış edib.

Geridə qalmış mövsümdə Dyökereş “Sportinq” üçün 52 oyuna çıxıb, 54 qol vurub, 13 məhsuldar ötürmə verib.

Viktor Dyökereş 2019-cu ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 26 oyun keçirib, 15 qol vurub, 6 məhsuldar ötürmə verib.

Dyökereşin qənimətlər muzeyində “Sportinq”lə qazandığı Portuqaliya çempionluğu (2023/2024, 2024/2025) və Portuqaliya Kuboku (2025) var. Fərdi uğurlara gəlincə, Dyökereş Portuqaliya Premyer Liqasının 2023/2024-cü illər mövsümünün 29 qolla və 2024/2025-ci illər mövsümünün 39 qolla ən sərrast qolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı isveçli mərkəz hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
10
arena.az

1Mənbələr