GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Böyük Britaniya parlamentində son günlər mübahisəli və diqqətçəkən bir təşəbbüs gündəmə gəlib. Parlamentin bir qrup üzvü İranın güclü hərbi-siyasi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi şəkildə terror təşkilatı kimi tanınmasını tələb edir.
Bu çağırış İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin İsrail-Həmas müharibəsi və İranın regiondakı silahlı qruplara verdiyi dəstəyə dair hazırladığı hesabatın dərcindən sonra daha da aktuallaşıb. Deputatların müraciətində SEPAH-ın radikal ideoloji əsaslara söykəndiyi və Qərb dəyərlərinə, xüsusilə də İsrail və yəhudi-xristian dünyasına qarşı təhdid yaratdığı iddia olunur.
Britaniyanın SEPAH-ı hədəfə almasının arxa planında nələr dayanır? Bu, Qərb-İran münasibətlərində hansı dəyişikliklərə yol aça bilər?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, son baş verənlər sadəcə təsadüfi hərbi toqquşmalar deyil, eyni zamanda növbəti genişmiqyaslı hücumların təməlini qoymaq məqsədi daşıyır:
“12 gün davam edən müharibənin dayandırılması əslində, prosesin sona çatması deyil, sadəcə “nəfəs vermə” mərhələsi idi. Həm İsrail, həm ABŞ, həm də digər beynəlxalq oyunçular açıq şəkildə bəyan edirlər ki, bu proses hələ başa çatmayıb. 12 günlük münaqişə zamanı SEPAH-ın (İranın İslam İnqilabı Keşikçiləri Korpusu) rəhbərliyində olan çoxsaylı komandirlər hədəf alınıb və aradan götürülüb. Bu isə göstərdi ki, İranın regional siyasətini, o cümlədən təhlükəsizlik və xarici əməliyyatlarını faktiki olaraq SEPAH həyata keçirir.
İran daxilində də qərarların mühüm hissəsi, xüsusilə də hərbi və strateji addımlar, məhz SEPAH-ın vasitəsilə formalaşır. Rəhbərlik səviyyəsində də İslam Respublikasının ali lideri Seyid Əli Ayətullah Xamenei bu quruma güvənir. Prezident ikinci şəxs olsa da, real güc balansında SEPAH daha çox söz sahibidir.
Bu səbəbdən də beynəlxalq səviyyədə belə bir rəy formalaşıb: əgər SEPAH sıradan çıxarılarsa, bu, İran rejiminin dayaqlarının da dağılması deməkdir. Böyük Britaniyanın son qərarı olan SEPAH-ın terror təşkilatı kimi tanınması istiqamətində atılan addım əhəmiyyətlidir. Əgər bu qərar qəbul olunarsa, digər Qərb dövlətlərinin də analoji qərarlar qəbul etməsinin yolu açılacaq. Beləliklə, SEPAH yalnız hədəfə deyil, həm də legitim hərbi obyektə çevriləcək”.
Xəyal Bəşirov
Politoloqun sözlərinə görə, SEPAH-ın terror təşkilatı elan olunması, dolayısı ilə, İran dövlətinin də terrorçu fəaliyyətlərə söykənən bir rejim kimi tanınmasına səbəb ola bilər:
“İranın daxili idarəetmə strukturunu zəiflətmək və beynəlxalq legitimliyini sual altına almaq Qərbin əsas hədəflərindən biridir.
Əgər SEPAH bu cür status alarsa, növbəti hücumlar zamanı İsrailə veriləcək beynəlxalq dəstək daha açıq və hüquqi əsaslarla təmin olunacaq. Qeyd etmək lazımdır ki, ABŞ 12 günlük münaqişənin yalnız sonlarına yaxın açıq hərbi dəstəyə keçdi. Ondan əvvəl silah və siyasi bəyanatlar şəklində dəstək olsa da, birbaşa əməliyyatlarda iştirak müşahidə edilmirdi.
Əgər gələcəkdə SEPAH terror təşkilatı kimi tanınarsa və İran yenə də onun vasitəsilə dövlət idarəçiliyini həyata keçirərsə, o zaman Qərb ölkələri bu qurumu açıq hərbi hədəf kimi qəbul edəcək və İsrailin müdaxiləsinə legitim dəstək verəcək. Əsas məqsəd də elə budur – İranın strateji dayağı olan SEPAH-ı beynəlxalq hüquqda legitim hədəfə çevirmək”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.