“Brand Finance” şirkətinin “Alcoholic Drinks 2025” hesabatına əsasən, dörd aparıcı yapon spirtli içki markası 2025-ci ildə ümumilikdə 8,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilib.
Valyuta.az xəbər verir ki, “Beers 50 2025” alt-reytinqində Yaponiyanı təmsil edən iki marka – “Asahi” və “Kirin” öz mövqelərini qoruyub.
“Asahi” bir pillə irəliləyərək 7-ci yerə yüksəlib, marka dəyəri isə 45% artaraq 4,6 milyard ABŞ dollarına çatıb. Əksinə, “Kirin”in marka dəyəri 33% azalaraq 2,1 milyard dollar təşkil edib və altı pillə geriləyərək 15-ci yerə düşüb.
Bununla belə, “Kirin” “Asahi”ni geridə qoyaraq Yaponiyanın ən güclü pivə markası seçilib.
“Spirits 50 2025” alt-reytinqində Yaponiyanı daha iki marka təmsil edib. “Suntory Whisky” iki pillə irəliləyərək 32-ci yerə yüksəlib və marka dəyəri 28% artaraq 928 milyon dollar olub.
Reytinqə bu il daxil olan “Nikka” 49-cu yerdə qərarlaşıb, marka dəyəri isə 566 milyon dollar təşkil edib.
Qlobal səviyyədə “Corona Extra” (13,4 milyard dollar), “Jack Daniel’s” (4,4 milyard dollar), “Smirnoff” (2,9 milyard dollar) və “Patrón” (1,8 milyard dollar) öz lider mövqelərini qoruyublar.
Mayya Hüseynova