Xalid Kərimli: "AMB bu qərarı ilə kommersiya banklarının AMB-də saxlanılan ehtiyatlarının həcmini 25%-ə qaldırdı ki, bu da bankların cəlb etdiyi ucuz vəsaitlərin qiymətini qaldırdı"
Bu ilin iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 faiz artaraq 25% olub.
Məişət avadanlıqlarının alınması ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz artaraq 26%, yaşayış sahəsinin təmiri ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 17%, avtomobil kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 12%, digər istehlak kreditlərinin isə orta faiz dərəcəsi illik müqayisədə 2 faiz artaraq 21% olub.
Bu ilin yanvar-iyun aylarında bank olmayan kredit tәşkilatlarının (BOKT) verdiyi istehlak kreditlərinin orta faiz dərəsəci isə 35% olub.
İstehlak kreditlərinin bu qədər baha olmasının əsas səbəbi nədir? Avtomobil bir çox hallarda o qədər də həyati vacib alış deyil, amma məişət texnikası həyati vacib məhsuldur. Bununla belə məişət texnikası vətəndaşa 25% kreditlə, avtomobil isə 12% kreditlə verilir. Biz sosial dövlətdə yaşayırıqsa, kreditlərin də ədalətli faizlərlə verilməsinə nail olmalıyıq, deyilmi?
Faizlərin artmasının əsas səbəbi Mərkəzi Bankın (AMB) 2023-cü ilin dekabr ayından həyata keçırdiyi məcburi ehtiyat normaları ilə bağlı siyasətdir. AMB bu qərarı ilə kommersiya banklarının AMB-də saxlanılan ehtiyatlarının həcmini 25%-ə qaldırdı ki, bu da bankların cəlb etdiyi ucuz vəsaitlərin qiymətini qaldırdı. AMB bununla rəqabət mühitini yaxşılaşdırmaq və əldə edilən izafi pulları depozit şəklində banklara cəlb etmək məqsədi güdürdü. AMB bu siyasətlə faiz dərəcəsini də qaldırır ki, izafi pullar depozitə axıdılsın.
Azərbaycanda faizsiz və ya ucuz pul əsasən üç ən iri bankda idi. İri banklar ucuz pullar cəlb edərək, onun hesabına ucuz kreditlər verirdilər. Bununla onlar digər banklara problem yaradırdılar. Yəni rəqabət mühitini pozurdular. AMB istədi ki, həm əldə olan pullar banka qayıtsın, həm də rəqabət mühiti normallaşsın. AMB bu məqsədə müəyyən qədər nail oldu, unikal depozitlərin həcmində artım müşahidə edildi. Heç vaxt banka pul qoymayanlar belə depozitə vəsait yatırdılar.
Depozit faizləri 3%-ə qədər artdı. Amma bununla bərabər kredit faizləri də artdı. Kredit portfelinin 60-70%-i depozit hesabına formalaşdığından, depozit bahalaşanda kreditlər də bahalaşır. Bunu iqtisadçı ekspert Xalid Kərimli baki-xeber-ə açıqlamasında deyib.
Ekspert onu da qeyd etdi ki, biz heç də sosial dövlətdə yaşamırıq, nə konstitusiyada, nə də digər hüquqi-normativ sənədlərdə belə bir məsələ təsbit edilməyib: "Sadəcə olaraq, biz dövlət büdcəsinin sosial xərclərini diqqətdə saxlayırıq.
Məsələn, pensiya üçün pul çatmayanda DSMF-yə büdcədən əlavə vəsait ayrılir ki, pensiyalar normal ödənilə bilsin.
Və yaxud, Biznesin İnkişafı Fondu 5%-ə güzəştli kredit verir. Amma kommersiya və istehlak kreditləri indiki şəraidə belə faizlərlə verilə bilməz. Çünki kredit portfelinin əsasıni təşkil edən depozitlər bahadır".
Akif NƏSİRLİ