AZ

Azad rayonlarda asayiş, əmlak və ekoloji təhlükəsizlik inanılmaz səviyyədədir - polis cəmi 5 ildə...


Şəmsəddin Əliyev: “Polis azad bölgələrdə öz xidmətini tam yüksək səviyyədə qurub”

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

Qeyd olunub ki, həmin ərazilərdə ictimai qaydanın qorunması, yerli əhalinin, turistlərin, eləcə də əmlak və şəxsi təhlükəsizliyin təmin olunması, maarifləndirici-profilaktik tədbirlərin davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla diqqətdə saxlanılmalıdır.

Azad edilmiş ərazilərdə müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.

Xüsusilə bu istiqamətdə 5 ildə görülənişlər böyük nəticələr verir. Baxmayaraq ki, azad ərazilərdə cəmi 5 ildir ki, iş qurulub. Maraqlıdır ki, həmin ərazilərdə bu istiqamətdə əldə olunmuş nəticələr çox yüksəkdir, polis tərəfindən mükəmməl iş qurulub. Amma Azərbaycanın digər bölgələrində görülən işlərdən heç də aşağı səviyyədə deyil. Azərbaycanın digər bölgələrində asayiş, ekoloji təhlükəsizlik, əmlak təhlükəsizliyi necə təmin olunursa, bəlkə də azad ərazilərdə ondan qat-qat artıq təmin olunur.

Belə qısa müddətdə azad ərazilərdə əldə olunmuş nəticələr nə ilə bağlıdır?

“...Öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir”

Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev baki-xeber.com-a bildirdi ki, DİN-nin son zamanlar həyata keçirdiyi işlər, qarşıya qoyulan vəzifələr, dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılması və onun həyata keçirilməsi, təmin olunması, buna nəzarətin həyata keçirilməsi kifayət qədər məmnunluqla qarşılanıb. “Dövlət də bu qurumun öz missiyasının öhdəsindən uğurla gəldiyinin fərqindədir.

DİN hər zaman öz fəaliyyəti ilə öndə olub. Hələ milli ordunun formalaşmadığı dövrdə DİN-in əməkdaşları həm ölkə daxilində cinayətkarlıqla mübarizəni həyata keçirirdilər, həm də erməni faşistlərinə qarşı döyüşürdülər. 1988-ci ildən 1994-cü ilin ortalarına qədər polis ön cəbhədə olub. Polis üzərinə düşən vəzifənin ağırlığına baxmayaraq öhdəsindən gəldi. Bu, vətənpərvərlik ruhu idi və vətənpərvərliyin bütün struktur bölmələrdə təmin olunmasının canlı təzahürü, həm də konstitusion vəzifələrin icrasına hörmətin təcəssümü idi”.

Ş.Əliyev qeyd etdi ki, azad ərazilərdə polisin xidməti yüksək dəyərləndirilir. Torpaqlar azad olunduqdan sonra o ərazilərdə ilk dəfə növbədənkənar Prezident seçkilərinin həyata keçirildiyini deyən Ş.Əliyev vurğuladı ki, 30 ilə yaxın idi ki, biz orda seçki keçirməmişdik. “Torpaqlarımız işğaldan azad olunduqdan sonra orda polis bölmələri, şöbələri fəaliyyət göstərməyə başladı. Azad rayonlar bir-birinin ardınca çoxlu sayda beynəlxalq təbdirlərə ev sahibliyi etdi. Polis azad bölgələrdə öz xidmətini tam yüksək səviyyədə qurub. Son 5 ildə polisin azad ərazilərdə həyata keçirdiyi xidmətlərin müsbət nəticələri göz önündədir. Öz peşəsinə, xalqına, torpağına, dövlətinə, konstitusiyasına sadiq olan Azərbaycan polisi hər zaman nümunəvi xidmət göstərib.

Ş.Əliyev Böyük Qayıdış prosesində polisin də uğurla iştirakını vurğuladı və bildirdi ki, polis bütün sahələrdə öz sözünü deyə bilir. “Böyük Qayıdış Proqramının birinci mərhələsi 2027-ci ildə başa çatacaq. Bu qısa müddət ərzində 140 min vətəndaşımız öz ata-baba yurdlarına qayıdacaq. Nə qədər işlər görülüb. Əgər o ərazilərdə sabitlik təmin olunmasaydı bu qədər işlər görülməzdi. Azad ərazilərdə sabitliyin və təhlükəsizliyin təmin olunması sahəsində polisin sözü, imzası, möhürü var. Bu baxımdan hesab edirəm ki, həm vətəndaşların mülkiyyətinin, həm dövlət mülkiyyətinin, dövlət əmlakının təhlükəsizliyinin təmin olunmasında, həm də ətraf mühitin qorunmasında polis öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir. Azərbaycan polisi dövlətin bu sahədə formalaşdırdığı siyasətə öz layiqli töhfəsini verir”.

İradə SARIYEVA

Seçilən
58
baki-xeber.com

1Mənbələr