AZ

“Veteran pulu” artırılacaq? – “Yeni təşəbbüslərin şahidi olacağıq”

2025-ci ilin iyul ayının 1-dən etibarən Azərbaycanda sosial müavinətlər və müxtəlif təqaüd növlərinin məbləğləri artırılıb. Hökumətin sosial dəstək tədbirləri çərçivəsində həyata keçirilən bu artımlar, əhalinin müxtəlif təbəqələrinin rifah halının yaxşılaşdırılmasına yönəlib.

Eyni zamanda, 2025-ci il sentyabrın 1-dən doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin aldıqları təqaüdlərin məbləğləri də artırılması nəzərdə tutulub.

Bu tədbirlər çərçivəsində yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüdlərin (90 manat) də artırılması ilə bağlı ictimaiyyətdə müəyyən gözləntilər formalaşıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Modern.az-a açıqlamasında deyib ki, son illər dövlət büdcəsinin gəlirlərinin artması fonunda hökumətin əsas prioritetlərindən biri olan sosial tədbirlər daha da genişləndirilir:

“Növbəti mərhələlərdə də sosial sahədə yeni təşəbbüslərin şahidi olacağıq. Bu tədbirlər sırasında müxtəlif kateqoriyadan olan vətəndaşların, o cümlədən müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması xüsusi yer tutur”.

Millət vəkilinin sözlərinə görə, təqaüdlərin və pensiyaların davamlı şəkildə artırılması, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, dövlətin vətəndaşlara yönəlik sosial siyasətinin davamlı və ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

İqtisadçı-ekspert Xalid Kərimli isə saytımıza açıqlamasında vurğulayıb ki, müharibə veteranlarının təqaüdlərinin artırılması gözlənilmir:

“Bu tip təqaüdlər son vaxtlar artıq artırılıb və əgər yenidən artırılma nəzərdə tutulsaydı, indiyədək həyata keçirilərdi. Bir neçə ay əvvəl nazir müavini də bu məsələ ilə bağlı mətbuata açıqlama verərək, hökumətin mövqeyini izah edib”.

İqtisadçı əlavə edib ki, veteran təqaüdü yəni müharibə iştirakçılarına verilən vəsait daha çox təşəkkür xarakterli ödənişdir.

“Müharibə veteranlarına verilən vəsait əsasən onların kommunal və nəqliyyat xərclərinin ödənilməsinə yardım məqsədi daşıyır. Aparılan hesablamalara görə, nəzərdə tutulan məbləğ hələlik həmin kateqoriyaya aid şəxslərin əsas xərclərini qarşılamaq üçün kifayət edir. Buna görə də bu təqaüdlərin artırılması planlaşdırılmır”.

Ekspert onu da diqqətə çatdırıb ki, hökumətin ümumi sosial siyasəti isə əsasən əmək qabiliyyətini itirmiş və ya sosial cəhətdən daha həssas təbəqələrə yönəlib.

“Yəni məqsəd sosial ehtiyacı olan şəxslərə – xüsusilə də əlilliyi və ya digər səbəblərlə əmək fəaliyyətindən kənarda qalanlara dəstəyi artırmaqdır. Təbii ki, müharibə veteranları arasında əlilliyi olan şəxslər də var və dövlət bu kateqoriyaya da xüsusi qayğı ilə yanaşır. Ancaq mənim fikrimcə, yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüd məbləğlərinin artırılması nəzərdə tutulmur”.

Xatırladaq ki, ötən ay sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müharibə veteranlarına verilən təqaüddən danışıb.

O, jurnalistlərə açıqlamasında bildirib ki, veteranlar əmək qabiliyyətli insanlardır. Nazirlik onların daha dayanıqlı təminatı üçün çalışır: “Ölkəmizdə sosial ədalətin və həmrəyliyin təmin olunması prinsipi ilə dövlət siyasəti prioritet olaraq istiqamətləndirilir. Burada müharibə veteranlarına sosial dəstək tədbirləri mütləq əhatə olunur. Müharibə veteranlarına aylıq təqaüd verilir. Bu aylıq təqaüd kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə istinad olunub. Dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud olan şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan şəxslər, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır.

Veteranlar əməkqabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanlarının yaradılması, kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, özünüməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına ailə təsərrüfatlarının qurulması ilə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq”.

Seçilən
12
8
editor.az

9Mənbələr