Belçikanın müdafiə naziri Teo Franken bir heyətlə birlikdə Ankarada yerləşən Anıtkəbiri ziyarət edib.
Turkustan.az xəbər verir ki,Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün məqbərəsi önünə əklil qoyduqdan sonra Franken sükutla diz çökərək hörmətini ifadə edib. Bu jesti sosial mediada milyonlarla dəfə izlənib və geniş müzakirələrə səbəb olub.
Nazir daha sonra rəsmi sosial media hesabından açıqlama yayaraq bu hərəkətinin səbəbini belə izah edib:
"Ankarada müasir Türk millətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad etdim. Atatürk islahatları qətiyyətlə müdafiə etdi və Türkiyəni demokratik və dünyəvi bir respublikaya çevirdi. O, bir çox Avropa ölkəsindən əvvəl qadınlara tam siyasi hüquqlar verdi – bunu dini inanc sistemini ləğv etmədən, xəlifəliyə son qoyaraq və cəmiyyəti irəli apararaq etdi. Bu insana və onun siyasi layihəsinə dərin hörmətimi bildirmək üçün diz çökdüm."
Səfəri çərçivəsində Anıtkabir Xüsusi Kitabını da imzalayan Franken bu sözləri qeyd edib:
"Belçika Krallığı və onun silahlı qüvvələri adından bu tarixi məkanda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə ehtiramımı bildirməkdən şərəf duyuram. O, türk xalqını təhlükəsiz sərhədlərlə təmin edən böyük bir dövlət xadimi idi. Müasir və dünyəvi konstitusiyanın formalaşmasında oynadığı rola və Türkiyənin güclü, firavan, regional sabitliyin sütunu olan bir dövlətə çevrilməsinə verdiyi töhfələrə görə minnətdaram.
Aytən Yaşar/ Turkustan.az