AZ

“Aktrisalığa təsadüfən gəlmişdim, indi jurnalist çalışıram”-  “Yuxu kimi”-nin LƏMANI+FOTO+ÖZƏL

Ləman Abbaszadə Moderator.az-ın suallarını cavablandırıb.
 
-Ləman siz “Yuxu kimi” serialı ilə tanınıb sevildiniz. Ulduzluq həyatı necə idi?
 
-Həmişə deyirəm ki, “Yuxu kimi” mənim yaşıl kartımdır. Buna görə serialın rejissoru Rövşən İsaxa və Vüqar Əmir Ayaza təşəkkür edirəm. Ulduzluq həyatı deməzdim. Harasa gedəndə insanlar qəribə baxışlarla baxırdılar, məni diqqət mərkəzində saxlayırdılar. Özümə də təəccüblü gəlirdi ki, niyə mənə belə baxışlarla baxırlar? Sonradan yadıma düşürdü ki, seriala görədir. “Yuxu kimi” mənə çox böyük uğurlar qazandırdı.
 
-Bəs sizi bu sahəyə kim yönləndirib?
 
-Mən əslində aktrisalıq üzrə heç bir təhsil almamışam. Sadəcə olaraq anam 20 ildən çoxdur Gəncə Dövlət Dram Teatrında çalışır. Həmin vaxtlarda mənim 6-7 yaşım olardı. Bir tamaşanın məşqi gedirdi, mən də anamın yanında idim. Orada bir uşaq obrazı var idi, onu canlandırmaq lazım idi. Aktrisalıq həyatım buradan başlayıb. 
 
-Cövdətlə Ləmanın taleyi niyə insanları bu dərəcədə maraqlandırırdı?
 
-Cövdətlə Ləmanın münasibətini əslində sevgi yox, məcburiyyət adlandırardım. Bu məcburiyyətin daxilində intriqalar, problemlər, savaşlar olduğuna görə insanları bu qədər maraqlandırırdı. Ləman obrazının saflığı, məsumluğu, buna baxmayaraq yaşadığı çətinliklər insanların hisslərinə toxunurdu. Ona görə də Ləmana böyük bir sevgi və rəğbət var idi. O ki, qaldı Cövdət obrazına.. Mənə elə gəlir ki, hər kəsin həyatında belə tanıdığı bir insan var. Bunu mən instaqramdan yazılan mesajlara istinadən deyirəm. 
 
-Aktrisalıq sənətinizi yarıyolda tərk etməyinizə səbəb nədir?
 
-Əslində çox arzuladığım və hörmət bəslədiyim bir rejissordan da dəvət almışdım. Sadəcə olaraq setlər, çəkilişlər həyatımın böyük bir hissəsini alırdı. Mən yorğunluğa, qrafikə yenidən qayıtmaq istəmirdim. İndinin özündə də elədir. Çünki setdə saat dəqiq bilinmir. Gərgin iş qrafiki ilə yaşamaq istəmədim. Həm də mən yolumu universitet vaxtından seçmişdim, hər şey təsadüf nəticəsində oldu. Aktrisa kimi fəaliyyət göstərmək mənim həyat planımda yox idi.Yenidən serial və filmə çəkilmək də istəmərəm. Çünki bu günlərdə sənədli bir filmdən dəvət gəlmişdi, hətta vaxt, gün, bir sözlə hər şey təşkil olunmuşdu, son anda imtina etdim.
 
-Hazırda Baku tv-də jurnalist olaraq fəaliyyət göstərirsiniz. Bu işi sevdiyinizdən yoxsa məcburiyyətdən seçdiniz?
 
-Bu işi çox sevirəm. Uşaqlıq arzum da jurnalist, aparıcı olmaq olub. 
 
-Gələcək planlarınız nələrdir?
 
-Gələcək planlarımda biznes var. Bu yenidir əslində. Yəqin ki, bir müddət sonra həmin layihəmi tamaşaçılara təqdim edərəm.
Seçilən
53
moderator.az

1Mənbələr