AZ

“Biri yazmışdı ki, 4 evi var, satıb dolansın, kaş olaydı...” - Corab satan aktyor-FOTO+ÖZƏL

“Nazir o vaxt yeni gələndə demişdi ki, Akademik Musiqili Teatra işə düzələ bilərsiz. Mənim fəxri adım yoxdur, başqa işə necə düzəldə bilərlər? Maraqlanıblar, sağ olsunlar. Nazir hələ o vaxtı da demişdi ki, hər şey yaxşı olacaq. Ona inanıram və güvənirəm”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib. O daha sonra hansı səbəbə corab satdığını açıqlayıb:
 
“İnsan unudulanda çox pis olur. Corab satmağım bir üsyan idi. Nə deyim? Mən corab satmaqla bir çox insanın indiki halından danışırdım. İstədim görsünlər ki, həyatının 50 ilini kinoya, teatra, dublyaja həsr edən bir insan necə yaşayır. Mən heç vaxt, heç kəsə əl açmamışam, həmişə öz zəhmətimlə dolanmışam. Heç kəsin cibinə girməmişəm, heç girmərəm də. Corab satmaq ayıb bir iş deyildi. Ehtiyacdan edirdim. Mən qürurlu adamam, qürurumu sındırmaq o qədər də asan deyil. Azərbaycanda küçələrdə limon, corab, salfetka satan var, mən də o vətəndaşlardan biri idim. Səsimin yuxarılara çatmağını istəyirdim, şükür ki, çatdı. Mən sizə dərmanlarımı göstərsəm təəccüblənərsiniz. Onların çoxunun pulunu hələ ödəməmişəm. Mən isə 336 manat 58 qəpik pensiya alıram. Valideynlərim dünyasını dəyişəndə mənə böyük bir məbləğ qoymayıblar, heç mən də elə edə bilməyəcəm. Bir evim var, onu da satsam pulu uçub gedəcək. Ən yaxşısı onu kirayə verməkdir. İnsan yaxşı bir canlıdır. Amma vay o gündən ki, onu başqa yerə istiqamətləndirəsən. Acından gedib oğurluq da edəcək, mağaza da qarət edəcək. Rəylərdə biri yazıb ki, 4 evi var. Kaş olaydı, 4 evdən birini satıb dolanardım. O ki, qaldı sənət yoldaşlarımdan mənə dəstək olanlara.. Heç kəs mənə dəstək olmayıb, lazım da deyil sənət yoldaşlarımın dəstəyi. Hal-əhval tutmaq ən böyük dəstəkdir. Ondan o yana dəstək bilmirəm” deyə aktyor bildirib.
Seçilən
10
moderator.az

1Mənbələr